Ötən il ölkəmizin ən titullu peşəkar boksçusu Əli İsmayılov üçün o qədər də uğurlu olmadı. Boksçumuz Dünya Boks Təşkilatının (WBO) "Inter-Continental" çempion kəməri uğrunda titul döyüşündə rusiyalı Dmitri Lebedevə uduzsa da, gələcəyinə nikbin baxır və mükafat kolleksiyasını zənginləşdirməkdə iddialıdır. Peşəkar boksçumuz bu günlərdə "azerisrort.com" idman saytına müsahibə verib və yaxın planlarından söz açıb.
- Dmitri Lebedevə uduzmağınızı artıq yaddan çıxarmısız?
- Bu, artıq çevrilmiş səhifədir. İndi fevralın 27-də Rusiyada keçiriləcək peşəkar boks gecəsinə hazırlaşıram. Doğrudur, rəqibimin kimliyini bilməsəm də, o dəqiqdir ki, döyüş reytinq xarakterlidir və 8 raunddan ibarətdir. Rəqibin adını fevralın əvvəllərində biləcəyəm.
- "WBO Inter-Continental" kəməri uğrunda döyüş sizin planlarınıza necə təsir etdi?
- Əslində o qədər də təsir göstərmədi. Çünki mən hazırda "WBO Latino" çempion kəmərinin sahibiyəm və bu titulu qorumalıyam. Bundan başqa, WBO versiyası üzrə əsas kəmərə iddia eləyə bilərəm. Bu kəmərin sahibi - almaniyalı boksçu Marko Hukdur.
- Onunla döyüşmək imkanların realdırmı?
- Tamamilə mümkündür. Hər halda mənim promouterim Aleksandr Yaqupov artıq bunun üçün zəmin hazırlayır. Marko Hukla görüşməyin əsas şərti döyüşün onun vətənində, yəni Almaniyada təşkil edilməsidir. Biz isə bu şərti yerinə yetirməyə hazırıq.
- Deməli, indi belə çıxır ki, siz hələ də reytinq döyüşləri keçirməlisiz?
- Bəli, bu mənada fevral ayında keçirəcəyim döyüş çox əhəmiyyətlidir. Mən ötən ili arzuolunmaz şəkildə başa vurdum və yeni-yeni uğurlar qazanmaqla həmin uğursuzluğu özümdə unutdurmağa çalışacam.
- Hər halda, Dmitri Lebedevə qalib gəlmək üçün nə çatışmadı?
- Mən dəfələrlə xəyalən həmin döyüşə qayıdır və onun gedişini özüm üçün götür-qoy edirəm. Həmin döyüşə çox yaxşı hazırlaşmışdım, sadəcə, qaşımın partlaması öz sözünü dedi. Döyüşü buna görə dayandırmalı oldum. 25 illik boksçu karyeramda ilk dəfə idi ki, belə bir halla üzləşirdim. İndiyə kimi belə ağır zədə almamışdım. Artıq beşinci raundda hər iki qaşım partlamışdı və sanki gözümün qarşısında qırmızı pərdə çəkilmişdi, döyüşə bilmirdim. Nə qədər çalışsaq da, qanı dayandıra bilmədilər və nəticədə məcburi məğlubiyyətlə razılaşmalı oldum.
- Deməli, gələn ilə ümidləriniz böyükdür.
- Bəs necə? 2010-cu il Pələng ilidir və mən də bu bürcün altında dünyaya gəlmişəm. İnanıram ki, bu il mənə düşərli olacaq.
|