Dünyanın hər yerində siqaretin qala bürclərinə inadlı hücumlar davam edir. Bu gün dünyanın mədəni qismində, xalqını və onun sağlamlığını düşünən bütün hökumətlər, qanunverici orqanlar əhalini siqaretdən qorumaq üçün tədbirlər düşünür, müvafiq qanunvericiliyi təkmilləşdirməklə məşğuldurlar. Təkcə Azərbaycandan başqa. Son olaraq diqqətimizi çəkən o oldu ki, Rusiyada avtomobillərdə uşaqları və hamilə qadınları zəhərləyən siqaretçəkənləri cəzalandırmaq üçün RF qanunvericiliyinə əlavə düzəlişlər təklifi gündəmə gətirilmişdir.
Təsəvvür edək: vətəndaş öz şəxsi avtomobilində gedir, yanında isə uşaq və qadın oturub, o isə siqaret tüstülədir. Polis bu halda həmin şəxsi qanunla cəzalandıra biləcək. Avtobuslarda, digər şəhər nəqliyyatında, metro keçidlərində siqaret çəkməyə görə isə daha sərt cəza tətbiq olunacaq. Söhbət 500 rubla qədər inzibati cərimədən gedir.
Bir sıra ölkələrdə xidməti avtomobillərdə və taksilərdə siqaret çəkmək yasaq olunmuşdur. Ən son olaraq yanvarın 1-dən etibarən Kiprdə hətta şəxsi avtomobilində gedərkən siqaret çəkə bilməzsən. Polis bunu gördükdə dərhal avtomobili saxlayıb, sükan arxasında əyləşmiş vətəndaşı sanballı məbləğdə cərimələyə biləcək.
Başqa bir örnək: Finlandiya siqaret çəkilməsini tamamilə yasaq edən ilk ölkə olmaq ərəfəsindədir. Ölkədə tütün məhsullarına qarşı qanun maddələri daha da sərtləşdiriləcək. Siqaret məhsulları mağaza piştaxtalarından tamamilə yığışdırılacaq. Adamlar şəxsi avtomobillərində yol gedərkən də siqaret çəkə bilməyəcəklər. Finlandiya xarici işlər naziri İlkka Oksala deyib ki, yeni qanun ölkə əhalisinin siqaretə aludəliyini tamamilə aradan qaldırmağı nəzərdə tutur.
İtaliyada əgər adam bir uşağın gözü qarşısında siqaret çəkirsə, qanunla cəzalandırılır.
Bir sözlə, dünya başılovlu siqaretin fəsadlarından qurtuluş yolu aramaqdadır. Azərbaycanda bu sferada baş verənlərə gəldikdə, vəziyyət ən tərbiyəsiz bir şəkil almışdır. Bütün ölkədə siqaret çəkən avtobus sürücüləri yol gedərkən sərnişinlərə məhəl qoymadan, onları adam saymayaraq sükan arxasında siqaret tüstülədirlər. Baxmayaraq ki, əksər avtobusların salonlarında siqaret çəkilməsinin yasaq olduğu barədə xəbərdarlıq elanı asılır.
Şəhərlərarası avtobuslarda arxa oturacaqlar bütün yolboyu siqaretçəkən sərnişinlər üçün siqaret çəkilən yer rolunu oynayır və yolboyu qadınlar, uşaqlar, siqaret çəkməyən digər sərnişinlər salondakı çirklənmiş hava ilə birlikdə zəhər dozası qəbul edirlər.
Taksilərdə həm sürücülərin, həm də sərnişinlərin siqaret çəkdikləri adi bir hal almışdır.
Metroların girişlərində siqaret çəkilmədiyinə dair xəbərdarlıq elanı asılıb. Amma bütün yeraltı metro keçidlərində hamı siqaret çəkir. Keçidlərdə həmişə boğuq hava olur. Çox yerdə siqaret kötüyünü atmaq üçün zibilqabı şüşəli giriş qapısının yanına qoyulmuşdur. Metrolarda xidmət çəkən polislərin bu xəbərdarlıq elanını pozanlara qarşı nə zamansa bir tədbir gördüklərini eşitməmişik.
Orta məktəblərdə, ali məktəblərdə müəllimlərin sinifdə siqaret çəkə-çəkə dərs apardıqları isə vərdiş halını almışdır. Müəllim tənəffüsdə məktəblini çağırıb siqaret dalınca göndərir.
Çünki bura Azərbaycandır. Üç milyon insanın siqaret çəkdiyi Azərbaycan. Keyfiyyətli və sağlam insan yetişdirilməsinin, vətəndaşın sağlamlığının dünyanın təəccübünə rəğmən heçə sayıldığı bir ölkə. Biz sağlam gələcək nəsil barədə heç kəsin düşünmədiyi bir Azərbaycanda yaşayırıq.
|