Sosial yardım almaq istəyənlər çoxalır
 |
Meyarlar təkmilləşsə, onların sayı azalacaqmı?
Şənbə, 23.01.2010
|
|
Ötən ilin ortalarından etibarən ölkədə ünvanlı sosial yardımların verilməsində problemlər yaranıb. Ünvanlı sosial yardımların təyin olunması ilə bağlı iradlar çoxdur. Bəziləri yardımların məbləğindən, bəziləri aidiyyətsiz şəxslərə rüşvətlə təyin olunmasından, digərləri isə ailə vəziyyəti pis olduğu halda yardım ala bilmədiyindən gileylidir.
Rəsmilər və bəzi millət vəkilləri düşünürlər ki. bəziləri əmək qabiliyyətinin imkan verdiyi halda işləməyib ünvanlı sosial yardım hesabına yaşamaq istəyir. Başqa sözlə, kimlərsə asan qazanc mənbəyi tapıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yerlərdə araşdırma apararkən bəlli olub ki, ünvanlı sosial yardımların verilmə meyarlarına uyğun gələn ailələrin sayı nəzərdə tutulan vəsaitdən 30 faiz çoxdur. Belə olduqda ünvanlı sosial yardımların verilməsi dayandırıldı. Belə olan halda bu işi necə tənzimləməli?
MM sosial siyasət daimi komitəsinin sədri Hadı Rəcəbli deyir ki, bu olduqca çətin bir məsələdir: "Axı ünvanlı sosial yardıma düşən adamların sayını necə azaldasan? Azaltdın, o zaman yenə də narazılıq olacaq. Ona görə bu məsələ çox ciddi şəkildə bir daha öyrənilməli, bu sistem, bu meyarlar təkmilləşməlidir. Biz bu məsələdə hər zaman olduğu kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək olmalıyıq".
Sosial müdafiənin ünvanlılığı əslində sosial siyasətin mahiyyətidir. Millət vəkili xatırladır ki, vaxtilə ölkədə sosial siyasət ümumi qaydada həyata keçirilirdi:
"Məsələn, müəllimlər üçün işıq sərfiyyatı pulsuz idi. Müəllimənin əri prokuror işləyirdi, ancaq həmin müəlliməyə görə onlar işıq pulu ödəmirdi. Və yaxud iş adamının həyat yoldaşı müəllim işlədiyinə görə onlar "işıqpulu" ödəməkdən azad idi. Eyni zamanda, "uşaqpulu" deyilən məfhum da təxminən elə bu cür yanlış elementlərdən biri idi. Ona görə bu sistemi dağıtdıq, yeni bir sistemə - ünvanlı sosial yardıma keçdik".
Qolu-qıçı sağlam, amma yardım umur
Bu model yeni kəşf edilməyib. Sadəcə, dünyada mövcud modellərdən biridir.
Hadı Rəcəbli söyləyir ki, Polşa modeli bizə daha yaxın olduğu üçün onu tətbiq etdik. Beləliklə də "zəruri ehtiyac meyarı" deyilən rəqəm müəyyənləşdirildi. Hansı ailələrdə real gəlirlər zəruri ehtiyac meyarından aşağıdırsa, onlara ünvanlı sosial yardım verilməsinə başlanıldı. Vaxtilə ünvanlı sosial yardım almaq üçün 17 meyar zaman-zaman təkmilləşdirmələr aparılaraq 5-ə endirildi. Bütün bunlara baxmayaraq, yenə də bu meyarlar daha genişdir:
"Bu da imkan verir ki, əli, qolu, qıçı sağlam, işləmə imkanı olan adamlar da gəlib ünvanlı sosial yardım zənbilinə əl uzatsınlar. Eyni zamanda, burada digər bir məqam da var. Ünvanlı sosial yardım məqsədilə vəsait ayrılır. Əvvəllər də demişdim ki, bu vəsait "uşaq pulu" deyilən məqsədə ayrılan vəsaitdən qat-qat çoxdur. Buna baxmayaraq, yuxarıda qeyd etdiyim kimi, buna həvəs daha da artmaqdadır. Çox adam istəyir ki, ünvanlı yardım alanların siyahısına düşsün və bu halda narazılıqlar yaranır".
Fəqət bu narazılığın səbəbi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görülmür. "Həmin qurum ünvanlı sosial yardımı üçünə verib, birinə verməyəndə, təbii ki, kənarda qalan adam narazılıq edir və başlayır əsassız söz-söhbətlər yaymağa", - deyə H.Rəcəbli izah edir. Onun fikrincə, bu kimi hallar ünvanlı sosial yardımlarla bağlı müəyyənləşdirilmiş mövcud meyarların bir daha təkmilləşdirilməsini zəruriləşdirir. Millət vəkilinin qənaətincə, bu meyarların təkmilləşdirilməsinə çox böyük ehtiyac var.
Millət vəkilinin söylədiklərinə inansaq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bu sistemin, meyarların təkmilləşdirilməsində işlər görür: "Bunu xüsusi vurğulamaq lazımdır. Nazirlik mütəxəssisləri çalışırlar ki, bu təkmilləşmələr, bu işlər insanların maraq və mənafelərinə xidmət etsin".
Hadı Rəcəblinin söylədiklərindən bu fikrə gəlmək olar ki, meyarlar təkmilləşərsə, ünvanlı sosial yardım alanların sayı da azalacaq. Başqa sözlə desək, yeni qaydalar yardımın hər sosial vəziyyəti yaxşı olan insana təyin edilməsinin qarşısını alacaq. Doğrudur, ünvanlı sosial yardımlardan aidiyyəti olmayan şəxslər və ailələr bəhrələnir.
Amma bizə görə məsələ ondadır ki, həmin şəxslərin də yardım almasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarının rolu az deyildir. Deməli, həmin şəxsin vəziyyəti dərindən öyrənilmir və ya digər faktorlar yardımın təyinində rol oynayır. Hər halda, ailəsini dolandırmaq üçün normal maaşı olan iş olsaydı, 6 ay və ya 1 il müddətində ünvanlı sosial yardım almaq əvəzinə, işləməyi üstün tutanlar daha çox olardı...
|
|
|
Oxşar xəbərlər:
ABŞ Senatı Ermənistana maliyyə yardımını azaltdı
Madonna səhnədə huşunu itirdi
Rüşvətsiz, qayda-qanunla yaşamaq istəmişdik
İmkanlıdır, amma "uşaqpulu"na göz dikir
Hökumətin öhdəlikləri icra imkanları azalıb
|
|
|