"Azərbaycanda istehsal edilən meyvə-tərəvəz konservləri nəinki yerli tələbatı təmin edir, hətta MDB və Avropa ölkələrinə də bu məhsullar ixrac edilir. Ancaq bu sahədə qarşıdakı illərdə istehsalın daha da artırılması istiqamətində işlər görüləcək". KTN mətbuat xidmətinin məlumatında belə qeyd edilir.
Nazirliyin məlumatına görə, son illər meyvə-tərəvəz konservlərinin hazırlanması üçün yeni müəssisələrin tikintisi və köhnələrin yenidən təmiri bu yöndə irəliləyiş üçün yaxşı şərait yaradıb. Hazırda ölkənin 80 müəssisəsində konservləşdirilmiş meyvə-tərəvəz məhsulları hazırlanır.
Ümumiyyətlə, son illər meyvə və tərəvəz emalı üçün 20 yeni müəssisə tikilib ki, burada da il ərzində 22 min ton meyvə-tərəvəz emal etmək mümkündür. Ümumilikdə bu istiqamətdə fəaliyyət göstərən bütün müəssisələrdə il ərzində 750 milyon banka qablaşdırılmış konserv almaq olur. Hazırda ölkənin 60 rayonunda belə müəssisələr fəaliyyətdədir. Qeyd edək ki, ötən ilin 11 ayı ərzində 571,7 min ton məhsul istehsal edilib. 2015-ci ilə qədər isə dövlət proqramına uyğun olaraq əhalini bu məhsullarla təmin etmək məqsədilə istehsalı 1,72 milyon tona çatdırmaq nəzərdə tutulub. Bununla belə qarşıdakı illərdə şərab istehsalını 3 milyon dekalitrə çatdırmaq planlaşdırılıb. İstehsal ediləcək şərabın 1 milyon dekalitri yerli tələbatın ödənilməsinə yönəldiləcək, 2 milyon dekalitri isə ixrac ediləcək. Hazırda şərab istehsalı ilə ölkədə 30 şərab zavodu məşğul olur.
|