![]() |
çap et |
|
|||
Nərimanov rayon məhkəməsində "Azad İqtisadiyyata Yardım" birliyinin Təhsil Nazirliyinə qarşı iddiasına baxılıb və məhkəmə barışıqla başa çatıb ("Turan"). İddia vətəndaşın və ictimai qurumların dövlət məqamlarından informasiya almaq hüquqlarının pozulması ilə bağlı idi.
Xəbərə görə, birliyin Təhsil Nazirliyini məhkəməyə verməsinə səbəb nazirliyin informasiya sorğusuna cavab vermədiyi olmuşdur. Mənbə məhkəmə prosesinin gedişində nazirliyin nümayəndəsinin informasiya sorğusunda göstərilən suallarla bağlı məlumatları iddiaçı tərəfə təqdim etdiyini və məhkəmə prosesinin barışıqla yekunlaşdığını qeyd edir. Qaynağın məlumatına görə, məhkəmə prosesi başlayandan bu, nazirliyin birliyə ikinci cavabıdır. İlk cavab qaneedici olmadığı üçün tərəflərin razılığı ilə nazirliyə cavab üçün 2 həftə vaxt verilmişdi. Xəbərdə deyilir ki, birlik 2009-cu il noyabrın 2-də Təhsil Nazirliyinə informasiya sorğusu ilə müraciət edərək, "960 şagird yerli 13 saylı Gəncə şəhər məktəbinin tikintisi" layihəsi üzrə bəzi məlumatları istəyib. Mənbə sorğuya daxil edilən sualların birliyin Hollandiyanın Oxfam Novib Fondunun dəstəyi ilə həyata keçirdiyi "Dövlət investisiyaları sahəsində hökumət tədbirlərinin monitorinqi, layihələrə təsirinin araşdırılması və nəticələrin video vəkilliyi" layihəsinin icrası zamanı ortaya çıxdığını vurğulayır. Xəbərə görə, birlik qanunla müəyyən edilən müddət ərzində sorğuya cavab almadığı üçün məhkəməyə müraciət edib və birliyin hüquqlarını məhkəmədə Media Hüququ İnstitutunun hüquqşünası Fariz Namazlı müdafiə edib. Qaynağın məlumatına görə, Təhsil Nazirliyi ilə digər bir məhkəmə işinin yanvarın 27-də Bakı Apellyasiya Məhkəməsində davam edəcəyi gözlənir. Bu məhkəmə onu göstərir ki, bu gün Azərbaycanda dövlət strukturlarından operativ və əhatəli informasiya almaq hələ də media və digər ictimai qurumlar üçün problem olaraq qalır və iş çox zaman məhkəmələrə gedib çıxır ki, ölkəmizin demokratik imicinin formalaşmasını istəyən bizlər üçün çox üzücü haldır. |