çap et  
Yeni bələdiyyə üzvləri işə başlayır
Şənbə, 16.01.2010


2009-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş şəxslər artıq səlahiyyətlərinin icrasına başlaya bilər.

Mərkəzi Seçki Komissiyası (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyevin APA-ya verdiyi məlumata görə, Seçki Məcəlləsinin 211-ci maddəsinə əsasən, MSK seçkilərin nəticələrini elan etdikdən və nəticələr dərc olunduqdan sonra yeni seçilmiş bələdiyyə üzvləri səlahiyyətli sayılır. Yeni seçilmiş bələdiyyə üzvlərinin ilk toplantısı keçirilən gün köhnə tərkibin səlahiyyəti bitir.

Bələdiyyə sədrlərinin seçilməsinə gəldikdə, Azər Sarıyev bildirib ki, bu, bələdiyyələrin iclasında müəyyənləşir. Bu zaman hansı üzvün nə qədər səs aldığı deyil, bələdiyyə sədrliyinə namizədlərdən hansının daha çox səs alması əsas götürülür.

Azər Sarıyev onu da qeyd edib ki, yaxın günlərdə yeni seçilmiş bələdiyyə üzvlərinə müvafiq vəsiqələr təqdim olunacaq.