Xocalıda soyqırım törədənlər aşkarda gəzirlər
 |
Çünki onları "nasist ovçusu" Simon Vizental kimi biri izləmir
Şənbə, 16.01.2010
|
|
Xocalı soyqırımının 18 ili yaxınlaşır. Müdhiş fevral gecəsi qadına, uşağa, qocaya baxmadan yüzlərlə azərbaycanlını insan övladının ağlına gəlməz işgəncələrlə qətlə yetirənlər, keçmiş sovet ordusunun Xankəndində yerləşən 366-cı motoatıcı alayın hərbçiləri isə bu illər ərzində cəzasız, heç nə olmamış kimi firavan həyat sürməkdə davam edirlər. Onların bəziləri hazırda Ermənistanda rəhbər vəzifədə, yaxud Qarabağın separatçı rejimində iş başındadırlar. Bəzilərinin izləri Rusiyada tapılır, digərlərinin izləri postsovet ölkələrinə gedib çıxır. Hamısı da öz kefində. Çünki onları nasist cəlladları izləyən Simon Vizental kimi bir adam izləmir.
Xocalı soyqırımını təşkil edərək bəşəriyyətə qarşı törədilən bu ağır cinayətdə iştirak etmiş və Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən adları elan edilənlər barədə internet resurslarından istifadə edərək apardığımız araşdırmalar çox maraqlı faktları ortaya qoyur.
Biri - Serj Sarkisyan
Belə ki, Dağlıq Qarabağda separatçılığın yayılması, erməni silahlı quldur dəstələrini yaradanlardan və bu dəstələrə rəhbərlik edənlərdən, Xocalı soyqırımının təşkilində müstəsna "canfəşanlığı" olanlardan biri 1954-cü ildə Xankəndində anadan olmuş Ermənistanın hazırkı prezidenti Serj Sarkisyandır (son zamanlar soyadı "Sarqsyan" şəklində yazılır). Bu gün özünü sülhpərvər elan edərək Qarabağ münaqişəsinin sülh yolu ilə tənziminin tərəfdarı kimi çıxış edən Serj Sarkisyan yaxasını bu soyqırım faktından kənar çəkməyə cəhd etsə də, zaman-zaman Qarabağdakı döyüşlərdə nümayiş etdirdiyi fəallıq və xüsusilə Xocalı şəhərinin işğalındakı əməyindən ağızdolusu danışmaq fürsətini əldən vermir. Məsələn, "Qara Bağ" kitabının müəllifi olan britaniyalı jurnalist Tomas De Vala müsahibəsində də bu barədə danışıb, fəxrlə qeyd edib ki, əgər Xocalı hadisəsi olmasaydı, azərbaycanlılar ermənilərin "torpaq"larını azad etmək üçün nə qədər iddialı olduqlarını başa düşməzdilər.
Azərbaycanda anadan olub, ölkəsinə xain çıxan Serj Sarkisyan bu gün nə qədər maskalansa da, onun potensial qatil olduğu nəinki azərbaycanlılara, hətta ermənilərə sirr deyil. 2007-ci ildə Ermənistanda keçirilən saxta prezident seçkilərinə etiraz edən onlarca vətəndaşın İrəvan küçələrində tökülmüş qanının üstündən addımlayaraq bütün dünyanın heyrətli nəzərləri altında prezident kreslosuna əyləşməyə utanmadı.
Bu caninin Xocalı soyqırımına görə cəzasına çatması üçün Türkiyənin "İğdır əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyi"nin (ASİMDER) rəhbəri Göksel Gülbey Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) müraciət edib. 2010-cu il yanvarın 8-nə qədərsə o, Qarsdakı Azərbaycan Konsulluğunun köməkliyi ilə müvafiq fakt və sübutları da məhkəməyə təqdim etməli idi.
Biri - Ohanyan
Hazırda Ermənistan hakimiyyətində digər əsas postu tutan isə Xocalı şəhərinə hücum əməliyyatında və dinc sakinlərin qətliamında xüsusilə fərqlənən - həmin vaxtlar 366-cı alayın ikinci batalyon komandiri olmuş Seyran Muşeqoviç Ohanyandır. O hazırda general-polkovnik rütbəsində Ermənistanın müdafiə naziridir. Şuşada doğulan və Bakı Ümumqoşun Ali Hərbi Məktəbini bitirən Seyran Ohanyan Xocalı soyqırımından sonra da Qarabağ, ətraf rayonların işğalında və mülki əhaliyə divan tutulmasında xüsusi fərqlənib. Xocalı soyqırımından dərhal sonra Qarabağdan çıxarılan 366-cı alay Gürcüstana köçürülsə də, azərbaycanlı qanına susamış qatil Seyran Ohanyan Qarabağda qalaraq Xankəndində separatçıların silahlı quldur birləşməsinin qərargah rəisi olub. 1994-98-ci illərdə qondarma rejimin müdafiə nazirinin birinci müavini, 98-ci ildən Ermənistanın 5-ci ordusunun komandanı, 1999-2007-ci illərdə qondarma rejimin "müdafiə naziri", 2007-nin may ayının 11-dən Ermənistanın Müdafiə Nazirliyinin baş qərargah rəisi, 2008-ci il aprelin 14-dən isə Ermənistan müdafiə naziridir. Ermənistanın və separatçıların "milli qəhrəmanı"dır, Ermənistanın bir sıra medalları ilə təltif e dilib.
Biri - Akopyan
Soyqırımda iştirak etmiş və o günlər 366-cı alayın hərbi qulluqçularından olan Movses Qrantoviç Akopyan 1965-ci ildə Ağdərə rayonunda doğulub.
Akopyan Alma-Ata Ali Hərbi Məktəbini bitirib və Əfqanıstanda xidmət edib. Sovet İttifaqı qoşunları Əfqanıstandan çıxarılandan sonra Xankəndində yerləşən 366-cı alaya ezam olunub. Amma 1988-ci ildən sovet zabiti mündirində olsa da, erməni quldur dəstələri ilə əlbir olub, elə həmin dövrdən quldur dəstələrinin silahlandırılması və təşkilatlanmasında xususi xidmətlər göstərib. Xocalı soyqırımında xüsusi amansızlıqla fərqlənən Movses Akopyan 1993-cü ildən Qarabağ və işğal edilmiş ayrı-ayrı Azərbaycan rayonlarındakı silahlı birləşmələrin komandiri olub.
Bu qaniçən 2002-ci ildə Rusiya Hava Qüvvələri Akademiyasını bitirib və dərhal Ermənistan müdafiə nazirinin məsləhətçisi, bir il sonra isə qərargah rəisi və ordu komandanının müavini, 2007-ci ilin 11 mayından isə qondarma rejimin "müdafiə naziri" və "ali baş komandanı" təyin olunub. Qondarma rejimin "milli qəhrəmanı", bir sıra erməni orden və medallarına layiq bilinib, hazırda da general-leytenant rütbəsində separatçı rejimin "müdafiə naziri və ali baş komandanı"dır.
Biri - Balasanyan
366-cı alayın tərkibində Xocalı soyqırımında iştirak etmiş Vitali Mikaeloviç Balasanyan da Qarabağ separatçılarının liderlərindəndir və o hələ 1988-ci ildən Əsgəran rayonunda daşnakların silahlı quldur dəstəsinin rəhbəri olub. 2000-ci ildə qondarma Qarabağ rejiminin "müdafiə nazirinin birinci müavini" olub. 2002-ci ildə ona separatçıların "milli qəhrəmanı" adı verilib, Hazırda qondarma rejimin parlamentinin üzvüdür, "daşnaksütyun hərəkatı-88" terrorçu təşkilatının rəhbərlərindəndir.
Köçəryan, Petrosyan, Çitçyan
Xocalı soyqırımında və əsir götürülmüş azərbaycanlılara divan tutmaqda xüsusilə fərqlənmiş - həmin dövrdə Xankəndi şəhər həbsxanasının rəisi işləmiş Serjik Koçaryan isə hazırda Yerevanda yaşayır, "Çiçəklənən Ermənistan" partiyasının liderlərindəndir. Onun kimi Xocalı soyqırımı və əsir götürülmüş azərbaycanlılara divan tutmaqda xüsusi fərqlənmiş və həmin dövrdə Əsgəran rayon Daxili İşlər Şöbəsinin rəisi işləmiş Mavrik Qukasyan isə hazırda Qarabağın qondarma rejiminin "baş prokuroru"dur. Alayın xüsusi bölməsinin rəisi olmuş Aşot Petrosyan isə İrəvanda yaşayır və Ermənistan Milli Bankında yüksək post tutur.
Soyqırımında iştirak etmiş erməni quldur dəstəsinin rəhbərlərindən olmuş Valeri İsayeviç Çitçyan digər qatillərdən fərqli olaraq zamanında cəzasını alıb. O, Şuşanın işğalı zamanı Azərbaycanın özünümüdafə qüvvələri tərəfindən öldürülüb. Buna baxmayaraq, separatçılar bu qatili unutmayıblar. Qarabağın separatçı rejiminin keçmiş rəhbəri Arkadi Qukasyanın 2000-ci ildə verdiyi "fərman"la ölümündən sonra "milli qəhrəman" elan edilib və "Döyüş xaçı" medalı ilə təltif edilib.
Onlara başqa haralarda rast gəlinir?
Xocalı soyqırımında iştirak etmiş qatillərin bir neçəsi müxtəlif xarici ölkələrdə yaşamaqdadırlar. Onlardan biri olan (arvadı erməni) Yevgeni Nabokix hazırda Qazaxıstanda yaşayır və burada "Hoster.Kz şirkəti" satış şöbəsinin müştərilərlə əlaqələr üzrə meneceri vəzifəsində işləyir.
Azərbaycanda anadan olmuş, arvadı rus olan Valerik Ayrapetoviç Qriqoryan isə qondarma rejim və Ermənistanda özünə karyera qura bilməyərək, RF Stavropol diyarında yaşayır. O, 1983-cu il doğumlu oğlu Ovik Qriqoryan və 1984-cü il doğumlu qızı Susanna Qriqoryanla bərabər RF prezidentinin 26 iyul 2000-ci il tarixli 1385 saylı fərmanı ilə Rusiya vətəndaşlığı alıb.
Hərbi canilər dərslik yazır, fəlsəfə ilə məşğul olurlar
366-cı alayın birinci batalyonunun komandiri olmuş Arutyunov Aleksandr Aleksandroviç hazırda Moskvada yaşayır, hansı işlə məşğul olması barədə məlumat yoxdur. Alayın digər batalyon komandiri olmuş Arutyunov Vladislav Vladimiroviç də Moskvada yaşayır, həm də ali və orta ixtisas məktəbləri üçün dərsliklər yazmaqla məşğuldur.
Alayın hərbi qulluqçusu olmuş Slavik Arutyunyan da Moskvada yaşayır və hazırda fəlsəfə elmləri doktorudur.
Alayın hərbi qulluqçularından olan Aleksandr Ayrapetyan 1996-cı ildən Moskvada yaşayır və "Voentur-M" firmasının direktorudur. Bu firma həm hərbi qulluqçuların sosial problemləri, həm də turizm xidməti ilə məşğuldur.
Soyqırımda iştirak etmiş erməni silahlı birləşmələrinin üzvlərindən olan Karo Petrosyan hazırda Özbəkistanın paytaxtı Daşkənddə yaşayır və yerli şirkətlərin birində maliyyə mütəxəssisi kimi çalışır.
Xocalı soyqırımı, əsir və girov götürülmüş azərbaycanlılara qarşı qəddarlığı ilə ad çıxaran potensial cani - həmin dövrdə Xankəndi şəhər Daxili İşlər Şöbəsinin rəisi olmuş Armo Abramyan hazırda həbsdədir. O, ABŞ-da qanunsuz silah ticarəti və digər cinayətlərə görə ifşa edilmiş 18 nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstənin üzvü kimi 2009-cu ildə Nyu-Yorkda həbs edilmişdir.
Bəşəriyyətə qarşı törədilmiş bu ağır cinayətdə iştirakı şahid ifadələri və digər faktlarla təsdiqlənmiş Andrey İşxanyan, Sergey Beqlaryan, Qriqori Kişibekyan, Vaçik Mirzoyan, Vaçaqan Ayriyan, Seyran Tumasyan, Şaqen Barseqyan və digərləri barədə isə internet resurslarında məlumat olmasa da, bu şəxslərin hazırda işğal altında olan Azərbaycan ərazilərindəki erməni silahlı birləşmələrində, bəzilərinin Gümrüdə rus hərbi bazasında mühüm vəzifələr tutduqları ehtimal edilir.
Bir Simon Vizentala ehtiyac var
Xatırladaq ki, Xocalı soyqırımı 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində Ermənistan respublikası silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyəti tərəfindən törədilib. Əvvəlcə Xocalı toplardan və digər hərbi texnikadan şiddətli atəşə tutularaq darmadağın edilmişdir. Sonra piyada qüvvələr bir neçə istiqamətdən şəhərə girmişlər. Sağ qalmış sakinlərə vəhşicəsinə divan tutulmuşdur. 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın işgəncə ilə öldürülmüşdür. 8 ailə bütünlüklə məhv edilmişdir. 487 nəfər şikəst edilmişdir. 1275 sakin - qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz təhqirlərə, zülmə və həqarətə məruz qalmışlar. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək bəlli deyil.
Ümumilikdə isə ermənilər və havadarları tərəfindən Azərbaycan Respublikası ərazisinin 20 faizi, yəni Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı daha yeddi rayon - Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan işğal olunmuş, 18 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 20 mindən çox dinc sakin yaralanmış, 50 mindən çox adam əlil olmuşdur. 4750 nəfər əsir və itkin düşmüş, girov götürülmüşdür. 877 şəhər, kənd və qəsəbə qarət edilmiş, dağıdılmış və yandırılmışdır. Ermənistan ərazisindən və Azərbaycanın işğal edilmiş bölgəsindən qovulub didərgin salınmış azərbaycanlıların sayı isə 1 milyondan çoxdur.
Dəqiqələr, saatlar, həftələr, aylar, ən nəhayət, illər keçir. Azərbaycanın dilbər güşəsi olan Dağlıq Qarabağ işğal altında, şəhidlərin və qətlə yetirilmiş dinc azərbaycanlıların nakam ruhları intizarda, canilər isə cəzasəz qalmaqdadırlar. Həm də bu canilər gizlənmirlər və dünya ictimaiyyətinin gözü qabağında azad və firavan yaşamaqla əslində dünyaya, dünyəvi dəyərlərə meydan oxuyurlar...
Onların təqibi üçün bir Simon Vizentala ehtiyac var.
* Məqalə Azərbaycan Mətbuat Şurası və "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin jurnalistlər arasında elan etdiyi müsabiqəyə təqdim etmək üçündür.
|
|
|
|
|
|
|