![]() |
çap et |
|
|||
"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun sözlərinə reaksiyası heyrət doğurur". Bu bəyanatla Azərbaycanın Rusiyadakı səfirliyi çıxış edib. Bəyanatda bildirilir ki, nizamnaməsinə əsasən, əsas vəzifəsi təhlükəsizliklərinin təmin edilməsi məqsədilə təşkilata üzv ölkələrdə hərbi quruculuq məsələlərini koordinasiya etmək olan KTMT katibliyinin təşkilata üzv olmayan və heç vaxt qurumun üzvü olan ölkələrin ərazi bütövlüyünə və suverenliyinə qəsd etməyən Azərbaycanın Rusiyadakı səfirinin mövqeyini şərh etməsi təəccüb doğurur: "Səfirin sözlərində katibliyin təhrif etdiyi şəkildə təqdim etdiyi kimi, müharibəyə yox, təcavüzkar müharibə nəticəsində işğal olunmuş, Azərbaycanın beynəlxalq səviyyədə, o cümlədən Ermənistan istisna olmaqla, KTMT-yə üzv digər ölkələr tərəfindən qəbul olunmuş ərazilərinin azad edilməsinə çağırış var".
APA-nın mülumatına görə, səfirlik bəyanatda Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun səyi ilə beynəlxalq hüququn norma və prinsipləri əsasında ərazi bütövlüyü çərçivəsində tezliklə həllinə dair Azərbaycanın prinsipial mövqeyini bir daha ifadə edib. Bəyanatda KTMT-nin öz fəaliyyətində təşkilata üzv olmayan ölkələrlə əməkdaşlığa yer verdiyi, təhlükəsizlik sahəsində fəaliyyət göstərən beynəlxalq hökumətlərarası təşkilatlarla münasibətləri dəstəklədiyi qeyd olunur: "Təşkilat ədalətli, beynəlxalq hüququn hamı tərəfindən qəbul olunmuş prinsipləri əsasında demokratik düzənin formalaşmasına yardım edir". Səfirlik Azərbaycanın müxtəlif ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın qurulması üçün xoşməramlı və konstruktiv iradə nümayiş etdirərək, KTMT-nin bəzi üzvləri də daxil olmaqla bir neçə dövlətlə etibarlı tərəfdaşlıq münasibətləri yaratmağa nail olduğunu bildirib: "Səfirlik qeyd olunan əsas məqamları nəzərə alaraq, KTMT katibliyinin mətbuat üçün məlumatını katibliyin səlahiyyətləri çərçivəsindən kənar, həmçinin Azərbaycanın daxili işlərinə qarışmaq cəhdi kimi yersiz addım hesab edir. Səfirlik ümid edir ki, KTMT katibliyi bundan sonra bu cür şərhlər verərkən daha məsuliyyətli olacaq". Xatırladaq ki, Polad Bülbüloğlu Azərbaycanın işğal olunmuş ərazilərinin istənilən yolla azad olunmasının vaxtının çatdığını vurğulayaraq bildirmişdi ki, Azərbaycan hərbi əməliyyatlara başlayarsa, heç bir dövlətin buna qarışmağa haqqı yoxdur: "Çünki Azərbaycan öz ərazisində döyüş aparacaq və BMT Nizamnaməsinə əsasən, torpaqlarını işğalçılardan azad etmək hüququna malikdir". KTMT isə P.Bülbüloğlunun bu mövqeyinin bölgədə gərginliyin artmasına apardığını, ATƏT-in Minsk Qrupunun səylərinə, eləcə də Ermənistan və Azərbaycan prezidentlərinin danışıqlarının kontekstinə zidd olduğunu bəyan edib. Qeyd edək ki, KTMT 1992-ci ildə Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan tərəfindən yaradılıb. |