Batumi enerji sammitinin baş tutmamasına prezident İlham Əliyevin bu tədbirdə iştirakdan imtina etməsi səbəb olub, baxmayaraq ki, əvvəlcədən onun iştirakı barədə razılıq alınmışdı. Bu barədə "Turan"a məlumatlı Qərb mənbələrindən bəlli olub. Mövcud məlumata görə, Əliyev iştirakdan son anda imtina edib ki, bu da Gürcüstan rəhbərliyini çətin vəziyyətdə qoyub və o, dövlət başçılarının görüşünün Ukraynada prezident seçkiləri ilə əlaqədar təxirə salındığını elan etmək məcburiyyətində qalıb.
Sammitdə regionda enerji təhlükəsizliyi, "Nabukko" layihəsinin həyata keçirilməsi və s. strateji məsələlər müzakirə olunmalı imiş. Məlumatda o da bildirilir ki, Əliyevin sammitdə iştirakdan imtina etməsinin səbəbi məlum deyil, lakin Qərb müşahidəçiləri hesab edirlər ki, bu, Əliyevin Konqresin yeni maliyyə ilində Dağlıq Qarabağın separatçı rejiminə yardım göstərmək qərarına cavabı idi. Bunu ABŞ Dövlət Departamentinin indiyədək Azərbaycanın Vaşinqtondakı səfirinin demarşına münasibət bildirməməsi də dolayısıyla sübut edir. Belə ki, rəsmi Bakı prezident Obamadan Konqresin qərarına veto qoymaq tələbi ilə etiraz notası göndərdiyini bildirib. Lakin Vaşinqtonda diplomatik mənbələr heç bir nota olmadığını iddia edir. Sadəcə, səfir Dövlət Departamentinə gələrək, Konqresdən şikayət edib və onun qərarını təsdiq etməməyi xahiş edib. Buna görə, cavab veriləcək bir şey yoxdur. Güman etmək olar ki, Riçard Morninqstarın Bakıya dünənki səfəri Amerika-Azərbaycan münasibətlərində mövcud bütün məsələləri həll etmək məqsədi güdür. Onun Azərbaycan prezidenti ilə görüşü nəzərdə tutulur. Bundan başqa, Riçard Morninqstar Xarici İşlər Nazirliyi və Sənaye və Energetika Nazirliyində görüşlər keçirəcək.
Xatırladaq ki, ABŞ dövlət katibinin xüsusi nümayəndəsi Batumi enerji sammitində iştirak etmək üçün yanvarın 12-də regiona gəlib. O, Tiflisdə Gürcüstan rəsmiləri ilə bir neçə qapalı görüş keçirib. Batumi enerji sammitinin formatı dəyişdirildiyinə və bu tədbirin əvəzinə beynəlxalq enerji konfransı keçirildiyinə görə Riçard Morninqstar toplantıya qatılmayıb və Tiflisdən Bakıya gəlib.
|