çap et  
Xarici hərbi siyasətdə keçənilki "mövqesizlik"
Xarici hərbi siyasətdə keçənilki "mövqesizlik"
Və builki əməkdaşlıq prioritetləri
Şənbə, 16.01.2010

Cəsur Sümərinli

Keçən il Azərbaycanın xarici hərbi siyasəti (XHS) "ehtiyatlı" xarakter alaraq, dövlətin yürütdüyü ümumi siyasətə uyğunluq təşkil etdi. Bu barədə Hərbi Analitik Tədqiqatlar Mərkəzinin (HATM) 2009-cu ilin yekunlarına dair təhlilində bildirilir. Sənəddə qeyd edilib ki, hazırda Müdafiə Nazirliyinin 54 ölkə ilə əlaqəsi var, 27 ölkə ilə 102 hərbi saziş imzalanıb, hazırda 22 ölkə ilə hərbi məzmunlu müqavilə və sazişlər razılaşdırılma mərhələsindədir. HATM hesab edir ki, Azərbaycanın XHS-ni üç əməkdaşlıq istiqamətinə bölmək olar:

- ABŞ, Avropa və NATO,

- Rusiya və postsovet ölkələri,

- Türkiyə, Yaxın Şərq və Asiya ölkələri.

Mərkəz ekspertlərinin fikrincə, 2009-cu ildə Azərbaycan və Türkiyə arasında əməkdaşlığın keyfiyyətcə yeni mərhələsi başlayıb. Bu baxımdan "Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında təmənnasız hərbi yardım haqqında Saziş"in yerinə yetirilməsi xüsusi önəm kəsb edir. HATM hesab edir ki, 2010-cu ildə əməkdaşlığın real nəticələrini görmək mümkün olacaq.

Azərbaycanın XHS-nin hədəfləri

HATM hesab edir ki, 2009-cu il Azərbaycanın XHS üçün kəmiyyət (xarici səfərlərin, görüşlərin, tədbirlərin çoxluğu) baxımından zəngin görünsə də, keyfiyyət baxımından bunu demək çətindir. Ötən ildə baş verən hadisələr göstərir ki, Azərbaycanın XHS-də NATO və ümumiyyətlə, Avroatlantik məkana inteqrasiya məsələləri strateji xətt olaraq qalır. Amma bununla yanaşı, Azərbaycan müstəqil XHS yürüdülməsi tərəfdarı kimi çıxış edir. Müşahidələr göstərir ki, milli təhlükəsizliyin təmini baxımından hazırkı məqamda Azərbaycanın çoxşaxəli XHS yürütməsi daha vacib görünür.

Ekspertlərin fikrincə, 2009-cu ildə atılan addımların xarakteri göstərir ki, milli XHS qarşısında aşağıdakı hədəflər durub:

- birincisi, ölkənin ərazi bütövlüyünə beynəlxalq dəstək,

- ikincisi, milli təhlükəsizliyinin Azərbaycanın müdafiə qüdrətini gücləndirmək yolu ilə təmini.

Araşdırmalar göstərir ki, 2009-cu ildə həyata keçirilən XHS qeyd edilən hədəflərə nail olmayıb. Xüsusilə də birinci hədəfin reallaşdırılması istiqamətində ciddi irəliləyişdən danışmaq olmaz. İkinci hədəfə gəldikdə, 2009-cu ildə Azərbaycanın XHS-nin onun müdafiə qüdrətinin artmasına səbəb olduğu barədə danışmaq çətindir. Ən azı 2008-ci illə müqayisədə ötən il XHS-də qeyd edilən istiqamətdə az aktivlik müşahidə olunub.

Müşahidələr göstərir ki, 2009-cu ildə Azərbaycan XHS-i əsasən Milli Hərbi Sənaye Kompleksinin inkişafına yönəldilib və bunun nəticələri bir neçə ildən sonra ortada olacaq. Ümumiyyətlə, xarici istiqamətdə ölkənin hərbi-siyasi prioritetlərini müəyyən edən Hərbi Doktrinanın hələlik qəbul edilməməsi Azərbaycan XHS-də ciddi problemlərin olduğunu göstərir. "Xüsusilə də bu, strateji dövlətlərin seçimi ilə əlaqədar görünür. 2009-cu ildə Azərbaycan XHS-da mövqe aydınlığı müşahidə edilməyib, dayanıqlı XHS hələlik yoxdur, xüsusilə də Bakı və Ankara arasında baş vermiş gərginlik bir sıra ziddiyyətli fikirlər yaradır", - deyə HATM bildirir.

Mərkəzin yekun sənədində 2009-cu ildə Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda həyata keçirilən islahatlara da toxunulub. Qeyd edilir ki, Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planı (IPAP) çərçivəsində bir sıra islahatlara başlanılsa da, ciddi dəyişikliklər gözə dəymir. Halbuki IPAP-ın 2-ci mərhələsində ciddi islahatların nəzərdə tutulduğu deyilirdi.

2010-cu il üçün proqnozlar

"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin fikrincə, 2010-cu ildə Azərbaycan XHS öz qarşısına bir sıra dövlətlərlə hərbi əməkdaşlığı gücləndirmək hədəfi qoymalıdır. NATO-nun aparıcı dövlətlərindən biri olan Türkiyənin rolu bu xüsusda qabarıq görünür. "Araşdırmalar onu proqnozlaşdırmağa əsas verir ki, 2010-cu ildə Türkiyə Azərbaycana hərbi yardımları artıracaq. Xüsusilə bu yardımlar təlim və təhsil, eyni zamanda texniki avadanlıqlarla təchizat sahəsində ola bilər. Ayrıca qeyd edilməlidir ki, 2010-cu ildə NATO-nun bir sıra tərəfdaş ölkələrə münasibətdə yeni siyasət sərgiləyəcəyi proqnozlaşdırılır. Bu siyasət alyansın ilin sonlarındakı sammiti zamanı müzakirəsi gözlənən Yeni Strateji Konsepsiyanın qəbulu ilə gerçəkləşə bilər", - deyə "Doktrina" bildirir.

Əldə olunan məlumatlara görə, NATO tərəfdaş ölkələr silahlı qüvvələrinin NATO standartlarına hərtərəfli uyğunlaşdırılmasını tezləşdirmək məqsədilə bir sıra addımlar ata bilər. Bu, həmin ölkələrə silah, hərbi texnika və avadanlıq satışının gücləndirilməsi ilə bağlı ola bilər.

Bəlli olduğu kimi, Azərbaycan Ermənistanla münaqişə vəziyyətində olduğundan NATO regionun bu iki ölkəsinə silah və hərbi texnika satmır. Lakin müşahidələr göstərir ki, Rusiya yaranmış bu vəziyyətdən öz məqsədləri naminə yararlanır, region ölkələrini öz silah və hərbi texnikası ilə təchiz edir, bir sözlə, onları hərbi asılılıqda saxlamaqda davam edir. Yaranmış bu vəziyyət sözsüz ki, Cənubi Qafqaz ölkələrinin NATO ilə əməkdaşlığının dərinləşməsinə və genişlənməsinə əngəl olur və bunu artıq alyansda anlamağa başlayıblar. Bu və digər problemlərin Yeni Strateji Konsepsiyanın qəbulu ilə çözüləcəyi barədə nikbin bəyanatlar günbəgün çoxalır.

ABŞ-ın Azərbaycan məqsədləri

Bu il Azərbaycanın ABŞ-la da hərbi əməkdaşlığı güclənə bilər. Hazırkı məqamda Birləşmiş Ştatların Azərbaycanla bağlı hərbi siyasəti 4 məqsədi hədəfə götürüb:

- birincisi, Xəzərin təhlükəsizliyi. 2010-cu ildə ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı (EUCOM) ilə Azərbaycan arasında Xəzərin təhlükəsizliyinə dair razılaşma əldə olunacağı gözlənir. Pentaqon Azərbaycanın Xəzərdə müşahidə imkanlarının təkmilləşdirilməsinə dair yardımlarını artıracaq. Gözləmək olar ki, cari il ABŞ-ın bu yöndə Bakıya dəstəyi konkret olacaq. Xüsusilə Azərbaycanın Xəzərdə üzən hərbi gəmilərinin modernləşdirilməsi baxımından bu dəstək vacib görünür.

- ikincisi, Qəbələ RLS-in taleyi. Bu il ABŞ-ın Qəbələ RLS-lə bağlı siyasətində konkretlik müşahidə oluna bilər. Araşdırmalar onu deməyə əsas verir ki, 2012-ci ilə qədər (obyektin Rusiyaya icarəyə verilməsinin son müddəti) ABŞ-ın bu obyektlə bağlı mövqeyi dəqiqləşəcək. Bir çoxlarının fikrincə, Pentaqon Rusiyanın Qəbələ RLS-də gələcək fəaliyyətini arzulamır. Bu arzunun gerçəkliyə nə dərəcədə uyğun olduğunu görmək üçün 2010-cu il əlverişli hesab edilir.

- üçüncüsü, Azərbaycan Hərbi Hava Qüvvələrinin və hərbi hava limanlarının modernləşdirilməsi. Azərbaycanın ABŞ-la hərbi əməkdaşlıq sazişlərində bu istiqamətin xüsusi çəkisi var. Ötən illərdə ABŞ-ın dəstəyi ilə Azərbaycanın bir sıra hava limanları təmir olunub, Hərbi Hava Qüvvələrinin arsenalında olan bir sıra silah və hərbi texnika növlərinin təkmilləşdirilməsi istiqamətində addımlar atılıb. 2010-cu ildə də bu istiqamətdə diqqətçəkən addımların atılacağı gözləniləndir.

- dördüncüsü, İranla bağlı məsələlərdə Azərbaycanın töhfələri. Bu il ABŞ İranla bağlı məsələlərdə müəyyən addımlar ata bilər. Bu zaman Azərbaycanın rolu artacaq. Xüsusilə də cənubda yaşayan soydaşlarımızın fəallığı ABŞ üçün zəruri məsələ hesab edilir.

Beləliklə, HATM ekspertləri hesab edir ki, 2010-cu ildə qeyd edilən istiqamətlərdə müəyyən addımlar atılması üçün zəruri il hesab edilir.

Rusiya Qəbələ RLS-dən təkbaşına istifadəyə iddialıdır

Rusiya ilə hərbi əməkdaşlığa gəldikdə, 2010-cu ildə bir sıra yeniliklərin müşahidə olunması gözləniləndir. HATM ekspertləri hesab edirlər ki, 2010-cu ildə Azərbaycan XHS-in daha balanslı xarakter daşıdığı aydın görünəcək. Bu çərçivədə bir sıra postsovet ölkələri, xüsusilə də Rusiya ilə hərbi əməkdaşlığın dərinləşməsinin konturları aydın görünə bilər. Azərbaycanla Rusiya arasında 2009-cu ildə həyata keçirilmiş hərbi əməkdaşlığa əsaslanaraq onu demək olar ki, 2010-cu ildə Rusiyanın Azərbaycanla hərbi əməkdaşlığında aşağıdakı 4 əsas məsələ xüsusi prioritet ola bilər:

- Rusiyanın Azərbaycana güzəştli qiymətlərlə silah və hərbi texnika satması, Azərbaycan SQ-nin arsenalında olan silah və hərbi texnikanın Rusiyanın müdafiə müəssisələrində təmir olunması. Bu istiqamət əsasən Azərbaycanın Rusiyanın Ermənistana güzəştli qiymətlərlə silah və hərbi texnika satmasından doğan narahatlığından yaranır. Hələ 2009-cu ildə Azərbaycan Rusiyanın Ermənistana 800 milyon dollarlıq silah yardımı göstərməsinə narazılıq bildirərkən rəsmi Moskvanın Bakını "güzəştli silah satışı" müqabilində razılığa gətirməsi barədə məlumatlar yayılmışdı. Bu məlumatın nə dərəcədə düzgün olduğu sual altındadır. Amma görünən odur ki, Bakı "800 milyonluq qalmaqal"ın sonuna qədər getmədi...

- Rusiyanın ali hərbi təhsil müəssisələrində Azərbaycan Silahlı Qüvvələri üçün kadr hazırlanması. Bu məsələ Rusiya müdafiə naziri Anatoli Serdyukovun ötən ilin avqustunda Bakıya səfəri zamanı diqqət mərkəzində olmuşdu. Rusiya MN rəsmiləri bildirmişdilər ki, Rusiya qeyd edilən istiqamətdə Bakı ilə güzəştli əməkdaşlığa hazırdır. Araşdırmalar onu deməyə əsas verir ki, 2010-cu ildə bu əməkdaşlığın real nəticələri artıq ortada olacaq. Bu əməkdaşlığın öz Silahlı Qüvvələrini NATO standartlarına uyğunlaşdırdığını bəyan edən Bakının hərbi-siyasi prioritetləri ilə nə dərəcədə uyğunluq təşkil etdiyi ayrı bir müzakirə mövzusudur. Lakin görünən odur ki, Rusiyanın hərbi məktəblərində zabit kadrlarının hazırlanması Azərbaycan ordusunun NATO standartlarına uyğunlaşdırılması prosesinə zərər vuracaq.

- Rusiya Qəbələ RLS-in 2012-ci ildən sonra da onun icarəsində qalmasını arzulayır. Hətta Rusiyadakı hərbi mənbələrin fikrincə, Moskva bu obyekti nə ABŞ, nə də Azərbaycanla bölüşmək istəyir. Çünki Moskvada başa düşürlər ki, Qəbələ RLS-i kiməsə güzəştə getmək Rusiyanın Cənubi Qafqazdakı mövqelərini itirməsi prosesində əsas halqalardan biri olacaq. Amma Moskva Qəbələ RLS-i hazırda olduğu kimi təkbaşına idarə etmək üçün çox işlər görməli olacaq.

- Nəhayət, Rusiyanın 2010-cu il üçün Azərbaycanla hərbi əməkdaşlıqda nəzərdə tutduğu məsələlərdən biri Xəzərin təhlükəsizliyidir. Xatırladaq ki, Rusiya uzun illərdir Xəzərdə Kasfor hərbi birləşməsinin yaradılma layihəsini təklif edir. Bu layihə Xəzərdə qeyri-regional qüvvələrin hərbi iştirakını qadağan edir və təklifə Rusiyadan başqa yalnız İran "hə" deyib. Azərbaycanın ABŞ-la əməkdaşlığının hazırkı səviyyəsini nəzərə alaraq Bakının bu təklifə tezliklə razı olması bir qədər çətin görünür.

Ümumilikdə, Azərbaycan Silahlı Qüvvələrinin quruculuq prosesində bir sıra ölkələr - Türkiyə, ABŞ, Ukrayna, Rumıniya, İngiltərə, Almaniya, Polşa, Baltikyanı dövlətlərin öz təcrübələrini bölüşməsi vacibdir. Bu ölkələrlə hərbi əməkdaşlığın dərinləşməsinin Azərbaycanın XHS-da başlıca yer tutacağı ehtimal olunur.