"Azəriqaz" İstehsalat Birliyinin Bakı şəhər Qaz İstismarı İdarəsi 2009-cu il ərzində abonentlər və sənaye müəssisələri tərəfindən təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınması istiqamətində tədbirlərini davam etdirir.
Dövlət Neft Şirkəti mətbuat xidmətindən verilən məlumata görə, ötən il idarə tərəfindən yerli iqtisad məhkəmələrinə sənaye obyektləri üzrə istifadə olunmuş təbii qaza görə yaranmış debitor borcların tələb olunmasına dair ümumilikdə 24 iddia ərizəsi ilə müraciətlər edilib. Eləcə də əhali abonentləri tərəfindən 737 sayğaca müdaxilə, 14661 sayğacdankənar əlavə xəttin çəkilməsi və təbii qazdan digər qeyri-qanuni istifadə hallarına dair 3903 fakt aşkar edilərək müvafiq tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunub.
Aşkar edilmiş qanunsuzluqlar zamanı Bakı şəhər Qaz İstismarı İdarəsinə dəymiş ziyan hesablanaraq ödənilib. Bundan başqa, qaz kəmərlərinin mühafizə zolaqlarında inşa edilmiş tikililərin sökülməsi barədə yerli məhkəmələrdə 103 iddia qaldırılıb, bunlardan 47-si tam təmin olunub. Digər işlər isə məhkəmə icraatındadır.
"Azəriqaz"dan fərqli olaraq "Azərenerji" abonentlərindən razılıq edir. Belə ki, ötən il ərzində "Azərenerji" ASC tərəfindən dövlət büdcəsinə 130 milyon manat vəsait ödənilib. Cəmiyyətin mətbuat xidmətindən verilən xəbərə görə, 2008-ci ilin müvafiq dövründə isə bu göstərici 117,5 milyon manat olub. Yəni dövlət büdcəsinə ödəniş 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə təqribən 1,1 dəfədən çox və yaxud da 11 faizə yaxın artıb.
Qeyd edək ki, 2009-cu ilin dekabr ayında isə dövlət büdcəsinə 7,1 milyon manat vəsait ödənilib.
|