Hal-hazırda Ayna qəzetinin 16.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 16.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
İlin böhranlı keçəcəyi indidən duyulur
İlin böhranlı keçəcəyi indidən duyulur
Bayramda süni olaraq artan qiymətlər enmədi
Şənbə, 16.01.2010

A.Akif mətn ölçüsü  

Bayram ərəfəsində ölkədə istər ərzaq, istərsə də qeyri-ərzaq məhsullarının bahalaşması bir ənənə halını alıb. Hər il Yeni il, 8 Mart, Novruz ərəfəsində qiymətlər artır. Müvafiq dövlət qurumları da müstəqil ekspertlərin dediklərini təsdiqləyərək bildirirlər ki, bu artımın arxasında süni bahalaşma dayanır. Amma neyləməli? Dövlət qurumları iş görmək əvəzinə danışmağa üstünlük verdiklərindən əhalinin də "bayramdır" deyərək baş verənlərlə razılaşmaqdan başqa çarəsi qalmır.

Problem ondadır ki, adətən bayramqabağı yüksələn qiymətlər bayramdan sonra enmir. Yalnız istisnalar olur. Məsələn, 8 Mart öncəsi gül-çiçəyin, hədiyyə bağlamalarının, Novruz bayramına az qalmış qoz-fındıq və digər çərəzlərin qiymətləri bahalaşsa da, 1-2 həftə sonra onları əvvəlki qiymətlə almaq mümkündür. Yerdə qalan ərzaq məhsulları isə istisna təşkil edir.

Bu il də istisna olmadı

Dekabrın son günlərində ərzaq və meyvə-tərəvəzin qiyməti bahalaşdı. Yeni ilin ilk ayının ortasına çatsaq da, bayram günlərində baş verən süni qiymət artımı nəticəsində bir çox malların satışı baha olaraq qalmaqdadır. Belə ki, bayramla əlaqədar əhalinin bəzi çərəz, meyvə və ərzaq mallarına tələbinin artması ilə bağlı satıcılar həmin məhsulları müəyyən qədər bahalaşdırmışdılar, son 10-15 gündə bu malların qiymətləri enməyib. Yəni bayramda 20-30 faiz artırılan qiymətlər həmin səviyyədə də qalır. Yalnız qoyun əti bayramdan sonra əvvəlki sabit qiymətə uyğun satılır. Bu məhsul bayramda 50 qəpik - 1 manat bahalaşsa da, sonradan yenə 7 manata satılır. Amma bayramlarda bahalaşan ərik qurusu, kişmiş, araxis, ananas, püstə və digər mallar hazırda həmin qiymətə də satılır.

Bayram günlərində bahalaşma onu göstərir ki, qarşıdakı aylarda, yəni Novruz bayramı ərəfəsində bəzi malların qiymətlərində yenidən artım baş verəcək.

İqtisadçı Azər Mehdiyev deyir ki, bəzi malların bahalaşması mövsümi amillərlə bağlı olsa da, süni inhisarçılıq da xüsusi nəzərə çarpır. Məsələn, qış mövsümü ilə bağlı üzüm, əzgil, pomidor, lobya, xiyar, badımcan və digər məhsulların istehsalı azaldığından onların baha qiymətə satılması bəlkə də təbii sayıla bilər. Çünki həmin məhsulların bazarlara gündəlik daxilolma həcmi də azdır.

REKLAM

Bu səbəbdən bu məhsulların qiymətlərində artım qeydə alınıb. Amma soğan, kartof, kələm, göyərti, yağ, pendir, süd və digər məhsulların qiymət artımı sırf inhisarçılıq hesab oluna bilər.

Bu il ölkədə rekord həcmdə soğan və kartof istehsal olunduğu halda qiymətlərin 1 manata yaxınlaşması başadüşülən deyil. Eləcə də ölkəmizə xaricdən gətirilən ərzaq mallarının bahalaşması üçün heç bir iqtisadi səbəb yoxdur. Dünya bazarında qiymətlər bahalaşmayıb, əksinə, ucuzlaşıb. Məsələn, kərə yağı son 1 ayda 20 faizdən çox bahalaşıb. Hətta qiymətlər 2008-ci ildə neftin qiyməti 150 dollara qalxan zaman müşahidə olunan səviyyəni də ötüb. Neft ucuzlaşanda yağ və bəzi malların qiymətləri 60-70 qəpik aşağı düşmüşdü. İndi isə son 3 ayda qiymətlər ümumilikdə 1 manatdan çox artıb. İqtisadçı hesab edir ki, idxalla məşğul olan bir sıra şirkətlər böhranın ilkin dövründə dəymiş ziyanı kompensasiya etmək üçün qiymətləri qaldırır.

Statistik müşahidələr

Dekabrda qiymətlərin bahalaşmasını İqtisadi Tədqiqatlar Mərkəzinin "Alternativ inflyasiya səviyyəsinin hesablanması" proqramı üzrə Azərbaycanın 11 regionunda apardığı sorğunun nəticəsi də təsdiqləyir. Statistik müşahidələrin nəticəsi göstərir ki, ötən ilin son ayında Azərbaycanda istehlak qiymətləri indeksi 0,93 faiz artıb. Bakıda qiymətlər bölgələrə nisbətən 4 dəfədən də çox bahalaşıb - 1,54 faiz, regionlarda isə bu dövrdə cəmi 0,33 faizlik artım müşahidə olunub. Ay ərzində ən yüksək bahalaşma 1,72 faiz olmaqla ərzaq məhsullarında qeydə alınıb. Qeyri-ərzaq məhsulları 0,10 faiz bahalaşıb, xidmətlər isə 0,11 faiz ucuzlaşıb.

Dekabrda əmtəə qrupları üzrə ən çox bahalaşma ərzaq məhsulları üzrə badımcan 70,83 faiz, istilik pomidoru 59,16 faiz, yer xiyarı 31,34 faiz, qeyri-ərzaq məhsulları üzrə isə kişilər üçün qış şərflərində 7,03 faiz müşahidə olunub. Ən çox ucuzlaşma isə ərzaq məhsullarında (toyuq yumurtası 3,35 faiz, ağ kələm 1,46 faiz) və qeyri-ərzaq məhsullarında (aspirin (həb) 5,19 faiz, 585 əyarlı qızılda 4,87 faiz baş verib.

İqtisadi Tədqiqatlar Mərkəzi tərəfindən qiymətlər üzərində aparılan statistik müşahidələr göstərib ki, 2009-cu il ərzində (yanvar-dekabr) Azərbaycanda 0,56 faiz inflyasiya baş verib. Bu zaman Bakıda 2,67 faizlik bahalaşma, bölgələrdə isə 1,50 faiz ucuzlaşma olub. Bu dövrdə istehlak səbəti üzrə ən yüksək göstərici olan 9,59 faiz bahalaşma xidmət sektorunda qeydə alınıb. Buna görə də qeyri-ərzaq məhsullarındakı 3,18 faizlik, ərzaq məhsullarındakı 0,97 faizlik ucuzlaşmaya baxmayaraq, ilin yekununda ümumilikdə inflyasiya müşahidə olunub.

Sözügedən Mərkəzin ekspertləri eyni zamanda ötən ilin dekabrında qeydə alınmış qiymətlər və Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında istehlak səbətinin dəyərini hesablayıblar. Həmin hesablamalara əsasən, dekabrda Azərbaycanda yaşayış minimumu adambaşına 139,62 manat təşkil edib. O cümlədən, əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 131,47 manat (noyabrda 130 manat), pensiyaçılar üçün 121,97 manat (120,11 manat), 0-15 yaşlı uşaqlar üçünsə 165,44 manat (162,53 manat) təşkil edib. Ötən ilin sonuncu ayında əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 75,5 manat (noyabrda 74,88 manat), pensiyaçılar 71,66 manat (noyabrda 70,51 manat), 0-15 yaşlı uşaqların valideynləri isə 88,72 manat (noyabrda 86,79 manat) xərcləməli olub.

Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri noyabra nisbətən artaraq işləyən əhali üçün 30,67 manat (noyabrda 30,20 manat), pensiyaçılar üçün 27,93 manat (27,34 manat), 0-15 yaşlı uşaqlar üçün 59,16 manat (58,27 manat) təşkil edib. İstehlak səbətinə daxil olan xidmətlər üzrə artımların olması bu sahəyə çəkilən minimum xərclərdə cüzi dəyişikliyə səbəb olub.

Postböhran deyil, böhran ili

Mərkəzin ekspertləri hesab edirlər ki, bu il Azərbaycanda postböhran deyil, böhran ilidir. İlin ən böyük problemi isə kreditlərə çıxış və likvidliklə bağlı olacaq. Belə ki, banklar riskləri azaltmaq üçün kredit şərtlərini ağırlaşdırmaqda davam edirlər. Bu baxımdan, kreditlərə çıxış imkanları getdikcə məhdudlaşır. Ancaq cari ildə Azərbaycan hökumətinin korporativ ssuda əməliyyatları üzərində qurulmuş tikinti-əmanət kassalarının formalaşdırılmasına qərar verməsilə ipoteka kreditləşməsinin kütləvi hal alması mümkündür. Bunun isə yalnız ipoteka kreditləşməsinə deyil, bank sisteminə də müsbət təsiri ola bilər.

Ötən il qazın qiymətinin və metroda gediş haqqının artırılmasının qiymətartırıcı təsirləri bu il də davam edə bilər. Bu artımlar nəticəsində ötən il xidmət sektorunda 10 faizə yaxın inflyasiya qeydə alındı. İqtisadçılar deyirlər ki, bu baxımdan, həmin qərarların qiymətartırıcı təsirlərini bu il də hiss edə bilərik. Bununla yanaşı bu il manatın məzənnəsinin ucuzlaşması prosesi davam edəcək. Bu ucuzlaşma dollara nisbətdə az, avroya nisbətdə isə daha yüksək ola bilər. Cari ildə həmçinin qızılın, neftin qiymətində bahalaşma gözləniləndir. Sonuncu ilə bağlı bəzi mənbələr hətta 300 dollarlıq həddi proqnozlaşdırsalar da, bunu real hesab etməyənlər də kifayət qədərdir. Belə ki, neftin qiymətinin bu il 80-100 dollar civarında dəyişməsi mümkün variant sayılır.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Ölkə banklarının vəziyyəti ürəkaçan deyil
Bu halda tikinti-əmanət bankları yaratmaq nə qədər məqsədəuyğundur?

"Azəriqaz" 24 obonenti məhkəməyə verib
"Azərenerji" isə abonentlərindən razıdır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər