Ölkə banklarının vəziyyəti ürəkaçan deyil
 |
Bu halda tikinti-əmanət bankları yaratmaq nə qədər məqsədəuyğundur?
Şənbə, 16.01.2010
|
|
İpoteka kreditləşməsinin genişləndirilməsi məqsədilə tikinti-əmanət bankları yaradıla bilər. Mərkəzi Bank mətbuat açıqlamasında hökumətin ipoteka kreditləşməsini genişləndirmək niyyətində olduğunu bəyan edib. İpoteka mexanizminin təkmilləşməsi çərçivəsində yeni ipoteka modelinin hazırlanması məqsədilə tikinti-əmanət banklarının fəaliyyətə başlaması üçün müvafiq tədbirlər həyata keçiriləcək.
Beləliklə, hökumət düşünür ki, bununla ipoteka proqramı təkmilləşdiriləcək və ipoteka kreditləşməsi genişləndiriləcək.
Dövlət büdcəsində nəzərdə tutulmuş sosial ipoteka mexanizminin tətbiqi davam edəcək. Yeniliklər sırasında aparıcı dövlətlərin ipoteka modelinin ölkəmizdə tətbiqi də var. Bu məqsədlə yaşayış və tikinti-əmanət banklarının fəaliyyətə başlaması nəzərdə tutulur.
MB baş direktoru Xaqani Abdullayev mətbuat açıqlamasında bildirib ki, yaxın müddətdə "Qeyri-bank kredit təşkilatları haqqında" yeni qanun qəbul olunacaq və onların fəaliyyəti genişləndiriləcək, bu isə həmin qurumların da ipoteka bazarında iştirakına imkan verəcək.
Xatırladaq ki, MB rəsmiləri bir neçə il öncə "Tikinti-əmanət bankları haqqında" qanun layihəsi hazırladıqlarını və hökumətə təqdim etdiklərini bildirmişdilər. Ancaq bu qanun Milli Məclisdə hələ ki müzakirə mərhələsinə çıxarılmayıb.
Məlumat üçün bildirək ki, tikinti-əmanət banklarının yaradılması ipoteka kreditləşməsinin bir formasıdır. Dünya ipoteka kreditləşməsinin 50 faizi bu modelin payına düşür. Məsələn, Almaniyada tikinti-əmanət sisteminin fəaliyyət göstərdiyi dövrdə ev alınması üçün 800 milyard avro məbləğində kredit ayrılıb. Almaniyada hər üç sakindən biri və ailələrin 45 faizi tikinti əmanəti müqaviləsi bağlayıb. Slovakiya, Çexiya, Macarıstan, Çin, Rumıniya və Qazaxıstan kimi ölkələrdə tikinti-əmanət bankları haqqında qanun qəbul edilib və tikinti-əmanət sistemi inkişafdadır. Məsələn, Slovakiyada 14 il ərzində tikinti-əmanət bankları əmanətçilərinin sayı 1 milyon nəfər olub. Ölkədə orta hesabla hər il 150 min yeni müqavilə imzalanır. Çexiyada bu bankların 4,5 milyon üzvü var və ipoteka kreditləşməsinin həcmi ÜDM-in 20 faizi həddindədir.
İqtisadçı Nazim Məmmədov ipoteka kreditləşməsi ilə bağlı yenilikləri bəyənir. Onun sözlərinə görə, ölkəmizdə maliyyə ehtiyatlarına malik kifayət qədər bank mövcuddur. Bu isə dövlətin maliyyə imkanları ilə yanaşı, həmin qurumların da öz vəsaitləri hesabına kredit verməsini şərtləndirir.
Yəni insanlara aşağı faizlə bankların daxili vəsaitləri hesabına mənzil almağa şərait yaradılmalıdır. Ümumiyyətlə, dünyada ipoteka kreditləşməsi mexanizmində təkmilləşmə gedir və ölkəmiz bundan kənarda qalmamalıdır.
Nazim Məmmədov ipoteka bazarında fəallığı artırmaq üçün tikinti-əmanət banklarının yaradılmasını vacib sayır. Çünki bu gün yeni tikilmiş və müştəri gözləyən mənzillərin sayı minlərcədir. Dünya böhranı ilə bağlı olaraq ölkədə tikinti şirkətlərində mənzil satışı xeyli zəifləyib. Onların təklif etdiyi qiymətlər sərf etmir. Odur ki, bu sahədə yeni mexanizm tapmaq gərəkdir.
İqtisadçı hesab edir ki, tikinti-əmanət bankları yaradılarkən daşınmaz əmlak bazarında mövcud qiymətlər nəzərə alınmalıdır. Çünki hazırda əmlak bazarında mənzillər bahadır. İpoteka kreditlərinin həcmi isə 50 min manat təşkil edir. Bu vəsaitlə normal mənzil almaq mümkün deyil. İpoteka sistemini təkmilləşdirərək həm vəsaitlərin məbləğini artırmaq, həm də müddəti artırmaq lazımdır. Təbii ki, inşaat bankları bunu öz imkanları hesabına edə bilməz, burada dövlətin də maliyyə dəstəyinə ehtiyac var. Ümumiyyətlə, iqtisadçı sosial ipoteka ilə bağlı bir sıra güzəştlərin tətbiqini də vacib sayır. Belə ki, sosial ipoteka faiz dərəcələrinin aşağı salınması üçün addımlar atılması məqsədəuyğun hesab edilir.
MM İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədovun sözlərinə görə, ölkəmizdə fəaliyyət göstərən 50-yə yaxın bankda bütün əməliyyatlar, o cümlədən tikinti ilə əlaqədar əməliyyatlar həyata keçirilir. Lakin millət vəkili indiki məqamda tikinti-əmanət banklarının yaradılması fikrinin nə qədər məqsədəuyğun olduğunu şübhə altına alır. Çünki bir sıra bankların vəziyyəti ürəkaçan deyil. Hətta 10-a yaxın bankın bağlanması və yaxud birləşdirilməsi ehtimalı istisna edilmir. Onun fikrincə, bu halda mövcud bankları dirçəltmək, qoruyub-saxlamaq daha düzgün addım olardı.
Bu ideya tikinti maqnatları və onların əllərində olan vəsaitlərlə bağlıdır. Vahid Əhmədov deyir: "Bilirsiniz ki, bu gün Azərbaycanda tikinti ilə məşğul olan, əllərində külli miqdarda pul cəmləşmiş adamlar çoxdur. Həmin vəsaiti xaricə çıxarmaq, xaricdə leqallaşdırmaq çətindir. Ona görə də ola bilər ki, o pulları tikinti-əmanət banklarının vasitəsilə leqallaşdırmaq, müəyyən tikinti işlərinə cəlb etmək məqsədi olsun. Əgər belədirsə, ideyanı müsbət qiymətləndirmək olar. Amma məncə, bu da ciddi nəticə verməyəcək".
|
|
|
Oxşar xəbərlər:
İpoteka kreditləşməsində növbəti fasilə yarana bilər
İpotekanın faiz dərəcələri aşağı salınmalıdır
|
|
|