Türkiyənin Bursa şəhərində kişi şahmatçılardan ibarət komandalar arasında dünya çempionatına yekun vurulub. Milli komandamız 10 yığmanın mübarizə apardığı çempionatda 13 xalla 4-cü yeri tutub. Yarışda ölkəmizi beynəlxalq qrossmeysterlər - Şəhriyar Məmmədyarov, Vüqar Həşimov, Teymur Rəcəbov, Qədir Hüseynov, Rauf Məmmədov və Nicat Məmmədov təmsil ediblər.
Ötən il Avropa birincisi olmuş komandamız çempionata Ermənistan üzərində qələbə ilə başlayıb. Sonra meydan sahibi Türkiyəyə qalib gələn yığmamız üçüncü turda Hindistan, sonra isə Rusiya komandasına uduzub. Ardınca Misir yığmasına üstün gələn şahmatçılarımız İsrail komandası ilə heç-heçə oynayıblar. Növbəti turda Braziliya yığmasına "şahmat dərsi" verən millimiz (0,5:3,5), növbəti turda Yunanıstan komandasını da mat qoyub - 3:1.
VIII turdan sonra 11 xalla 3-cü pillədə qərarlaşan şahmat yığmamızın çempionatın medallarını qazanmaq şansı yaranıb. Çünki növbəti turda rəqibimiz bizdən 1 xal çox toplamış ABŞ idi. Şahmatçılarımız ABŞ-a qalib gəlməli, eyni zamanla vahid lider Rusiyanın İsrail yığmasına uduzmasına ümid edirdi. Lakin amerikalılarla görüşdə heç-heçə ilə barışmalı olduq.
Maraqlıdır, yığmamızın kapitanı Zurab Azmayparaşvili ABŞ-la oyuna qeyri-adi heyəti buraxıb. Belə ki, bu prinsipial görüşdə birinci lövhə gözlənilmədən Qədir Hüseynova tapşırılıb. Halbuki Qədir çempionatda ən zəif təsir bağışlayan şahmatçımız olub. O, keçirdiyi 3 partiyadan cəmi 1 xal toplayıb. Məğlubiyyət acısı dadmayan Teymur Rəcəbov, eləcə də komandamızın ən yüksək reytinqli şahmatçısı Vüqar Həşimov bu dəfə ehtiyatda qalıb.
Digər oyunların nəticəsinə baxmayaraq, Rusiya dünya çempionu adını qazanıb. ABŞ gümüş, Hindistan isə bürünc medala sahib çıxıb. Çempionatda yer tuta bilməsələr də, şahmatçılarımızdan üçü fərdi mükafata layiq görülüb. İkinci lövhədə ikinci nəticə göstərən Teymur Rəcəbov, ehtiyat oyunçular arasında ikinci olan Rauf Məmmədova xüsusi mükafat verilib.
Bu dünya çempionatı Şəhriyar Məmmədyarovun karyerasında möhtəşəm izlər buraxıb. 25 yaşlı şahmatçımız keçirdiyi 9 oyunda 8 xal toplayıb (7 qələbə, 2 heç-heçə). Çempionata qatılmış digər 59 şahmatçının heç biri bu uğuru təkrarlaya bilməyib. Bundan başqa, Şəhriyar hər 9 turda şahmat lövhəsi arxasına oturmuş 7 şahmatçıdan biridir. Dünya çempionatı Məmmədyarov üçün həm də ona görə əlamətdar olub ki, reytinq balını 19 vahid artırıb. Beləliklə, hazırda Azərbaycanan ən reytinqli şahmatçısı sayılır.
|