Azərbaycan yığma komandasının hücumçusu, "Qarabağ" klubunun futbolçusu Vaqif Cavadovun Hollandiyanın "Tvente" klubuna keçidi rəsmiləşdi. Yığmamızın futbolçusu Hollandiya çempionatının lideri ilə 3,5+1 sistemi üzrə müqavilə bağladı.
Vaqif Cavadov "Tvente"nin heyətində 7 nömrəli formada çıxış edəcək. Ensheda təmsilçisinin yeni transferi olan 21 yaşlı futbolçumuz 7 nömrənin yeni sahibi kimi ictimaiyyətə təqdim olunacaq. Həmyerlimizlə rəsmən müqavilə imzalansa da, onun təqdimatı növbəti həftələrdə olacaq. Bunun üçün Stiv Maklarenin baş məşqçi olduğu "Tvente"nin İspaniyada hazırlıq prosesini başa vurub, geri dönməsini gözləmək lazımdır.
Yeni klubla müqavilə imzalamaq üçün Hollandiyada olan Vaqif Cavadov orda hər cür şəraitlə təmin olunub. Futbolçumuza ev və maşın verilib. İndi o, meydana çıxıb bacarığını nümayiş etdirməlidir. Vaqifin bunu necə lazımdı edəcəyi heç bir şübhə doğurmur.
Vaqif Cavadovun "Tvente"yə keçidi Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun planlarını pozacaq. Millini tez-tez təlim-məşq toplantılarına yığan alman mütəxəssis Vaqifi vaxtaşırı görə bilməyəcək. Eyni sözləri Mahaçqalanın "Anji" klubu ilə müqavilə bağlayan Mahir Şükürov haqqında da demək olar. Yığmanın hazırlığına görə tez-tez klubun düşərgəsini tərk etmək isə onların əsas heyətə düşməsini xeyli çətinləşdirə bilər.
İki gün əvvəl isə "Qarabağ" klubu futbolçu üçün yolasalma mərasimi keçirib. Sabiq komandası "Qarabağ"ın təşkil etdiyi tədbirdə çıxış edən 21 yaşlı futbolçu Hollandiyanın "Tvente" klubuna keçidi ilə bağlı fikirlərini bildirib: "Mənim "Tvente"yə keçidim böyük uğurdur. Çoxlarına, o cümlədən jurnalistlərə sübut etdim ki, Rusiyadan Azərbaycana qayıtmaqla səhv etməmişəm. Bu səviyyəyə çatmağıma görə "Qarabağ"a borcluyam. Mən həmişə demişəm ki, bu komandanın heyətində səviyyəli futbolçular yetişə bilər. İndi isə hər şey özümdən asılıdır. "Tvente"də daha yaxşı oynamağa çalışmalıyam. "Tvente"də təkcə özümü deyil, "Qarabağ" və ümumilikdə Azərbaycanı təmsil edəcəyimi dərk edirəm. Bu da məsuliyyətimi artırır".
|