![]() |
çap et |
|
|||
Ötən ilin noyabrında İran hökuməti Azərbaycanla viza rejiminin birtərəfli qaydada ləğvinə dair qərar qəbul etmişdi. Dekabrın əvvəlində isə İran səfiri Məhəmmədbağır Bəhrami mətubat konfransında bəyan etdi ki, bu qərar 2010-cu il yanvarın 1-dən qüvvəyə minəcək. Bu ilin əvvəlində isə Tehranın uyğun qurumları bildirdi ki, həmin qərarın icrasını fevralın 1-nə qədər təxirə salır və gələn aydan etibarən Azərbaycan vətəndaşları bu ölkəyə vizasız gedə bilər.
Azərbaycan tərəfinin adekvat addım atmamaq üçün yetərincə dəlili var. Elə xarici işlər nazirinin müavini Vaqif Sadıxovun İranla viza rejimini ləğvi ilə bağlı rəsmi Bakının fikirləşdiyi barədə sözü bu sayaq səbəblərlə izah oluna bilər. Birinci səbəb: uyuşdurucu qaçaqçılığı Bəlli olduğu kimi, İran uyuşdurucu dövriyyəsinə görə bölgənin aparıcı dövlətlərindən biridir. Narkoticarətdə suçlandırılan 6 məhbus ötən gün İranın İsfahan şəhər həbsxanasında edam olundu. Xəbərə əsasən, onlar narkotik maddələrin satışı və onun ölkə ərazisində paylaşdırılması zamanı İran İnqilab Keşikçiləri Qvardiyası adından saxta sənəd düzəldib, habelə bu hərbi qüvvənin uniformasını geyiblər. Həmin qrupun qanunsuz silah alveri ilə də məşğul olduğu aşkarlanıb. İkinci səbəb: "donuz" qripi Başqa bir səbəb "donuz qripi"nin yayılmaqda olmasıdır. Bu mövzuda informasiyalar dünya KİV-ində əsas xəbərlərdən olaraq qalmaqdadır. Bu hal ölkə daxilində profilaktik qaydalarına əməl olunmasını aktuallaşdırdığı kimi sərhəd-keçid məntəqəlrində də məsələyə ciddi yanaşmanı zəruri edir. Bir neçə ay öncə İranda 200-dən çox vətəndaşının yoluxduğu barədə xəbərlər yayılmışdı. Amma noyabrın əvvəllərində onların sayının 4 mini ötdüyü haqda bu ölkənin rəsmi mənbələri məlumat yaydı... Nəzərə almaq lazımdır ki, bu xəstəliyə immuniteti zəif olanlar daha tez yoluxur. İran parlamenti səhiyyə komissiyasının sözçüsü Məhəmmədrza Rzai-Kuçi noyabrın ortalarında jurnalistlərə açıqlamasında demişdi ki, ölkədə "donuz qripi"ndən ölənlərin sayı 250 nəfərdir, yoluxan xəstələrin 300-ü isə müalicə alır. Həccə gedən zəvvarların, o cümlədən yaşlıların, hamilə qadınların, uşaq və körpələrin bu xəstəliyə yoluxma ehtimalından danışan sözçü virusun ciddi təhlükə olduğunu da söyləmişdi. Üçüncü səbəb: İranda AİDS geniş yayılıb İranda AİDS-ə yoluxanların sayı da günü-gündən çoxalmaqdadır. İran Səhiyyə Nazirliyinin məlumatına görə, hazırda ölkədə 80 min vətəndaş bu virusa yoluxmuşdur. İRNA xəbər agentliyi və "PersTV"nin məlumatına əsasən, onların 19 mini üzərində təcrübə keçirilib. Ölkə Səhiyyə Nazirliyinin QİÇS-ə qarşı mübarizə şöbəsinin rəhbəri Abbas Sədaqət deyib ki, həmin xəstələrin 64 faizi narkomandır. Onlar "çirkli iynələrdən" istifadə edərək, AİDS-ə yoluxublar. Dördüncü səbəb: İran narkomaniyanın geniş yayıldığı ölkədir İranın daha bir bəlası: ölkədə 11 milyon narkoman var. Bu həmin sayda "ölü canlar" deməkdir. Ölkənin Tehran, Məşhəd, Şiraz, Kirmanşah və Loristan bölgələrində AİDS-ə yoluxanlara və onların ailələrinə yardım məqsədi ilə mərkəzlər açılıb. Bir il öncə Tehran rəsmi şəkildə xəstələrin sayını açıqladı. Say 18320 nəfər təşkil edir. İranın səhiyyə naziri Kamran Bağiri-Lənkərani ötən il bildirmişdi ki, epidemiyanın yayılmasına səbəb "qanunsuz cinsi əlaqədir". Bura homoseksualistlər, nikahdankənar cinsi əlaqə və fahişəlik daxildir. Elə onda mütəxəssislər AİDS-ə yoluxanların sayının 70-100 min nəfər olduğunu açıqladılar. İran və Azərbaycan arasında sərhəd-keçid məntəqələrində infeksion xəstəliklərlə bağlı profilaktik işlərin görülməsində problemlər qalmaqdadır. Yaşadığımız modern çağda inkişaf etmiş dövlətlər arasında viza rejimi tədricən götürülür. Ancaq qonşu İrana münasibətdə tələsmək olmaz. Tehran bu addımı ilə ölkəmizə münasibətdə xoşməramlı olduğunu nümayiş etdirməyə çalışır, amma bu niyyətin astar üzü qorxulu bir mənzərə sərgiləyir. Bundan başqa onu da nəzərə almaq lazım gəlir ki, Tehran bölgədə terrorçuluğun əsas himayədarlarından sayılır. |