![]() |
çap et |
|
|||
Dünən səhər Azərbaycan-İran sərhədində Güney Azərbaycandan olan şairlər Nigar Xiyavişin "Əlimdə əlli barmaq", Məlihə Əzizpurun "Su pıçıltısı" və Sayman Aruzun "Bahar gəlmədi" şeirlər toplusunun tirajı İran məxfi polisi tərəfindən müsadirə edilmişdir. Bu şeir topluları "Dayaq" Dünya Azərbaycanlıları Yazarlar Qurumu tərəfindən nəşr olunmuşdur. Tiraj 1500 nüsxə olmaqla, latın qrafikası ilə çap olunmuşdur. İranın xüsusi xidmət orqanı ETTELAAT-ın bu "misilsiz" əməliyyatı barədə "Turan"a "Dayaq" rəhbəri Sayman Aruz bildirib.
Onun sözlərinə görə, kitabların olduğu avtobusun sürücüsü həbs edilib. "Bu kitablarda sevgi, məhəbbət və vətən sevgisinə həsr edilmiş şeirlər toplanıb. Buna baxmayaraq, kitablar ETTELAAT tərəfindən siyasi adlandırılıb və müəllifləri həbslə hədələnib", - deyə o qeyd edib. Xatırladaq ki, "Dayaq" Dünya Azərbaycanlıları Yazarlar Qurumu ictimai-ədəbi birlikdir. Məqsədi dünyada yaşayan azərbaycanlı yazarların konfransını təşkil etmək, Azərbaycan ədəbiyyatını yaymaqdır. Qurumun çap etdirdiyi kitablar barədə www.dayaq.org saytından bilgi almaq olar. |