Mədəniyyət və Turizm Nazirliyi teatr, musiqi, təsviri sənət və kino sahəsində ənənəvi "Zirvə" mükafatını təsis edib. Bu mükafat 2009-cu ildə teatr, musiqi, təsviri sənət və kino sahəsində xüsusi xidmətlər göstərən, yüksək peşəkarlıq nümayiş etdirən istedadlı, yaradıcı şəxslərə verilir.
Nazirliyin mətbuat əlaqələndiricisinin xəbərində bildirilir ki, bu mükafata aşağıda adları qeyd edilən sənət növləri üzrə yaradılmış əsərlər təqdim oluna bilər: teatr sənəti, musiqi, kinematoqrafiya, memarlıq, heykəltəraşlıq, boyakarlıq, qrafika sahəsində, habelə xəttatlıq, dekorativ və milli tətbiqi sənət növləri üzrə və s. Bundan başqa layihəyə milli mədəniyyətimizin tarixinin qorunması, zənginləşdirilməsi və inkişafına xidmət edən elmi-nəzəri əsərlər, mədəniyyətin və incəsənətin inkişafına dair beynəlxalq, regional və milli səviyyədə genişplanlı proqramlar və layihələr daxildir.
Xəbərdə bildirilir ki, mükafata təqdim edilən namizədlər üçün yaş məhdudiyyəti yoxdur. Mükafat hər biri 5000 manat həcmində veriləcək. Qeyd edək ki, mükafatlar martda Mədəniyyət və Turizm Nazirliyinin əmrinə əsasən Mükafat Komissiyasının təqdimatı ilə verilir. Qaliblərə rəmzi simvol, diplom və pul mükafatı təqdim olunur. Mükafata təqdimatlar fevralın 15-dək teatr-tamaşa, konsert, elmi-tədqiqat müəssisələri, yaradıcılıq təşkilatları tərəfindən göndərilməlidir.
|