çap et  
Bölgə teatrlarının monitorinqi aparılacaq
Mingəçevir, Gəncə, Şəki və Qax teatrlarında vəziyyətə baxılacaq
Şənbə, 16.01.2010

Zəminə

Bölgələrdə fəaliyyət göstərən teatrların monitorinqi aparılacaq. Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Kazımovun sözlərinə görə, monitorinq Mingəçevir, Gəncə, Şəki və Qaxda fəaliyyət göstərən teatrları əhatə edəcək:

"Monitorinq Açıq Cəmiyyət İnstitu Yardım Fondunun maliyyə dəstəyi ilə həyata keçiriləcək. Regionlarda teatrların vəziyyətinin monitorinqi "Problemlərin müəyyənləşdirilməsi və ictimai müzakirələrin təşkili" layihəsi çərçivəsində baş tutacaq. Layihənin əsas məqsədi regionlarda teatrların problemlərini aktuallaşdırmaq, ictimai maraqları və teatr sənətinin inkişafını gücləndirməkdir. Dörd ay müddətində həyata keçiriləcək layihə çərçivəsində əvvəlcə həmin teatrlarda monitorinqlər keçiriləcək, sonra isə ictimai müzakirələr aparılacaq. Regionlarda teatrların vəziyyətinin monitorinqini aparmaqla, teatr prosesində idarəetmənin optimallaşdırılması, bu sahədə islahatlar aparılmasına ictimai dəstək veriləcək. Teatr sahəsinin bütün janrları və peşə istiqamətlərinin mövcud vəziyyətini öyrənərək bu sənətin inkişafında ictimai təşəbbüslərin artırılmasına da yardım ediləcək. Eyni zamanda, kadr hazırlığı və ixtisasartırma sisteminin hazırkı vəziyyəti öyrəniləcək. Bununla yanaşı teatr binalarının təmiri və maddi-texniki bazanın hazırkı vəziyyəti müəyyənləşdiriləcək. Teatr sahəsində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsinin durumu öyrəniləcək. Teatr əməkdaşları ilə müzakirələr aparılacaq və təkliflər nəzərdən keçiriləcək".

Xalid Kazımovun sözlərinə görə, monitorinqlər başa çatdıqdan sonra Bakı şəhərində iki dəfə ictimai müzakirələrin aparılması nəzərdə tutulub:

"Müzakirələrin Mədəniyyət və Turizm Nazirliyi mütəxəssislərinin, tanınmış aktyorların, mədəniyyət xadimlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilməsi nəzərdə tutulur. Regionlarda teatrların problemlərinin öyrənilməsi və aparılan ictimai müzakirələrin yekunu olaraq bu problemlər aktuallaşdırılacaq".

Bu gün ölkədə fəaliyyət göstərən 27 dövlət teatrı və bu şəbəkəyə daxil olan digər qurumlar mövcuddur. Ermənistanın hərbi təcavüzü nəticəsində İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Şuşa, Füzuli, Ağdam dövlət dram teatrları qaçqınlıq və məcburi köçkünlük şəraitində fəaliyyət göstərir.