Hal-hazırda Ayna qəzetinin 16.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 16.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Qızıl fond deyilən bir günə yaranmır
Qızıl fond deyilən bir günə yaranmır
Buna gərək ömürlər sərf olunsun
Şənbə, 16.01.2010

Sevinc İsmayıl mətn ölçüsü  

Muğam sənətindən, qəzəl dünyasından söz açmaq çətindir. Lakin onu sevmək, anlamaq, qoruyub gələcək nəsillərə çatdırmaq ondan daha çətindir. Bunu yalnız bütün həyatını bu sahəyə həsr edən sənət fədailəri bacarar. Həmsöhbətim məhz həmin sənət fədailərindən biridir. Bu fədai taleyini milli musiqimizin təbliğinə həsr etmiş insan, Azteleradionun "Musiqi və əyləncəli proqramlar" redaksiyasının böyük redaktoru Çingiz Abbasovdur.

Ömrünün 35 ildən çoxunu xalq musiqisinin təbliğinə həsr etmiş Çingiz Abbasov bu günədək bəlkə milyonlarla könül sevindirib. Deyirlər ki, bir qəlbi sevindirmək min Kəbə ziyarətindən üstündür.

Amma telemühit elədir ki, bu fədakarların əməyi ikinci planda qalır. Diqqəti çəkən ilk növbədə musiqi ifaçısı olur. Xalq musiqisinə, muğamlara, qədim el havalarına ekran həyatı verən, daim axtarışlar aparan, yeni-yeni təqdimat üslubları düşünənlərin yaradıcılıq laboratoriyası, bu sahəyə gəlişləri isə özlüyündə maraqlıdır. Onu bu sahəyə bağlayan isə erkən gəncliyindən İslam Rzayev sənətinə sevgisi olub.

...Zərdab bölgəsində 1950-ci ildə ziyalı ailəsində göz açıb. Atası Qurban kişinin musiqiyə, incəsənətə xüsusi rəğbəti varmış. Ölkənin bir çox tanınmış muğam ifaçıları onunla dostluq etmiş, evinin qonağı olmuşdular. Əslində elə bu səbəbdən Çingiz də musiqiyə həvəs göstərmiş, incəsənətə bağlanmışdır. 1968-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olan Çingiz Abbasov tələbəykən Milli Dram Teatrında işə düzəlir. Xalq artistləri İsmayıl Osmanlı, Ağasadıq Gəraybəyli, Hamlet Xanızadə, Səməndər Rzayev, Məmmədrza Şeyxzamanov, Həsənağa Turabov və zamanın digər tanınmış aktyorları ilə ünsiyyətdə olmağı onun gələcək həyat yoluna işıq salır.

Sonralar AzTV-nin Musiqi və Əyləncəli Proqramlar redaksiyasında işə düzəlir. Elə o gündən bütün varlığı ilə musiqi dünyasına bağlanır.

REKLAM

2006-cı ilin noyabrında ölkə prezidentinin sərəncamı ilə Çingiz Abbasov Azərbaycan Televiziyası və Radiosunun inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalına layiq görülür.

Sənət dünyası ondan razıdır

AzTV-nin qızıl fondunun zənginləşməsində fədakarcasına çalışan Çingiz Abbasov indiyədək neçə-neçə sənətçinin yaradıcılıq yoluna güzgü tutub. Sənət adamlarının onun haqqında söylədiklərindən:

Xalq artisti Əlibaba Məmmədov:

- O, muğamı, xalq musiqisini, qəzəliyyatı çox gözəl bilir. Redaktor üçün bu çox vacib şərtdir.

Xalq artisti, professor Arif Babayev:

- Xalq musiqisinin təbliği sahəsində Çingizin əməyi danılmazdır. Çox qayğıkeş və səmimi bir insandır. Xalq musiqimizin böyük dayağıdır.

Xalq artisti, professor Canəli Əkbərov:

- Çingiz Abbasov 35 il öncə milli musiqimizə, onun qorunmasına necə hörmətlə, ehtiramla yanaşırdısa, bu gün də eyni həvəslə xalqımıza xidmət edir. Çingiz Abbasov AzTV-də musiqiçilərin, mən deyərdim ki, səlahiyyətli səfiridir.

Əməkdar artist Sabir Mirzəyev:

- Xalq musiqisindən söhbət düşən kimi Çingiz Abbasov yada düşür. Çünki xalq musiqisini Çingizsiz təsəvvür etmək qeyri-mümkündür.

Sənətşünaslıq doktoru, professor İlham Rəhimli:

- Adətən deyirlər hər kəsin ürəyi yumruğu boydadır. Çingizin ürəyinin ölçüsü yoxdur. Çünki o özü təpədən dırnağa ürəkdir.

Millət vəkili Rafael Hüseynov:

- Cavid yazıb ki: "Arif odur ki, gülsün içində bahar". Sənə aiddir bu sözlər. Çünki sən o qədər safsan ki, lap ən sərt qışda da içərin bahar işığıyla doludur!

İslam Rzayev sənətinə sevgi

- Maraqlıdır, Çingiz müəllim, sizin üçün bu sənətdə hər şey nədən başladı? Bilirik ki, siz mərhum İslam Rzayevin çox böyük pərəstişkarı olmusuz və verilişlərin birində o sizin haqqınızda belə söyləyib: "Çingiz bu dünyada çox lazım insandır".

- 1965-ci il idi... Zərdabda orta məktəbin 10-cu sinfində oxuyurdum. Həmin il Zərdab pambıq planını artıqlaması ilə yerinə yetirmişdi və buna görə "Məhsul" bayramı keçirilməli idi. Eşitdim ki, Zeynəb Xanlarova və İslam Rzayev də konsertə gəlməlidirlər. Onların sənətini çox sevdiyim üçün bilmirdim neyləyim. Rayon mərkəzində yeni kino-teatr tikilirdi. Hazır olmadığı üçün konsert Gəlmə kəndindəki kolxozun həyətində, ictimai tədbirlər üçün nəzərdə tutulan klubda keçirilməli idi. Sinif rəhbərimiz Kərim müəllimə yaxınlaşıb utana-utana dedim: "Mənə axırıncı dərsdən getməyimə icazə verin". Soruşdu: - Xeyirdimi? Konsertə getmək istəyimi bildirdim. İslam Rzayevin pərəstişkarı olduğumu bildiyi üçün razılıq verdi.

Onuncu sinifdə oxuduğum üçün atam mənə qara kostyum almışdı. Hələ geyinməmişdim. İlk dəfə təzə kostyumu konsertə geyindim. Gəlmə kəndi ilə Zərdabın mərkəzini asma körpü birləşdirirdi. Mən körpünü keçib qaçmaq istəyirdim ki, qarşımda "Volqa" maşını dayandı.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Alim Qasımov yenidən Məcnun olmaq istəyir

Yaqut Abdullayevanın nisgili var

Tomas Qoltzun Azərbaycan muğamı haqqında sənədli filmi ABŞ-da mükafat alıb

Arif Qaziyev: "Muğam Teatrının dünyada bənzəri yox"

"Azərbaycan cazı muğamla daha gözəldir"

Bölmənin digər xəbərləri
 
Knut Hamsunun əsəri səhnəmizdə
Gənc Tamaşaçılar Teatrında premyera olacaq

Naxçıvan Kukla Teatrında Litva xalq nağılı
M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Litva xalq nağılı əsasında yeni tamaşa səhnələşdirir.

Milli Dövlət Teatrları Festivalı keçiriləcək
Fevralın sonlarından başlayaraq Mədəniyyət və Turizm Nazirliyi ilk dəfə Milli Dövlət Teatrları Festivalını keçirəcək.

Kinoaktyorlar Gildiyası toplantı üçün məkan gəzir
Qurumun bina məsələsi var

Emalatxana kompleksinin tikintisi üçün layihə seçimi
Rəssamların Emalatxana Kompleksi üçün layihələndirmə işlərinə başlanıb.

Pianoçunun yubileyi San-Fransiskoda qeyd edildi
San-Fransisko Konservatoriyasının salonunda məşhur pianoçu, Azərbaycanın xalq artisti Çingiz Sadıqovun 80 illik yubileyi münasibəti ilə tədbir keçirilib.

Qazax Teatrının "Sonuncu seriya"sı
Qazax Dövlət Dram Teatrında dramaturq Əhməd Orucoğlunun "Sonuncu seriya" tamaşasının məşqlərinə başlanıb.

Sənan Eynullayevin Ankarada sərgisi açılıb
Ankaradakı "Nurol" Sənət Qalereyasında azərbaycanlı rəssam Sənan Eynullayevin fərdi sərgisi açılıb.

Bu il "Azərbaycanfilm" iki ekran əsəri yaradacaq
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında 2010-cu ildə iki yeni film çəkiləcəkdir.

Həzi Aslanovun ev muzeyi təmir edilir
Lənkəranda general Həzi Aslanovun ev muzeyi 40 ildir fəaliyyət göstərir.

Soltan Hacıbəyov anılacaq
Bəstəkarın 90 illiyində oğlunun da 60 yaşı tamam olur

Bölgə teatrlarının monitorinqi aparılacaq
Mingəçevir, Gəncə, Şəki və Qax teatrlarında vəziyyətə baxılacaq

"Zirvə" mükafatı sahiblərini gözləyir
Təqdimat yaz aylarına planlaşdırılır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər