![]() |
çap et |
|
|||
"Bu proqramın qəbulu və icrası, əminəm ki, şəhərətrafı qəsəbələrin inkişafında böyük irəliləyişə gətirib çıxaracaqdır. Deməli, 2 il ərzində qəsəbələrdə 66 yardımçı stansiyanın, 2500 kilometr ötürücü xətlərin tikintisi nəzərdə tutulur. 53 ATS tikilməli, 26 poçt müəssisəsi, 320 kilometr qaz xətləri təmir olunmalı və yenidən çəkilməlidir. 4 idman kompleksi tikilməlidir, 8 idman salonu və stadionların bərpası nəzərdə tutulur. 14 kitabxana təmir olunacaq, 5 musiqi məktəbi yenidən qurulacaq, 57 ümumtəhsil məktəb bərpa ediləcək və yenidən tikiləcək, 26 uşaq bağçası, 10 xəstəxana təmir olunacaq, 10 xəstəxana yenidən tikiləcək, 8 poliklinika yenidən tikiləcəkdir. 160 kilometr su və kanalizasiya xətlərinin, 750 kilometr qəsəbədaxili və magistral yolların təmiri və tikintisi nəzərdə tutulubdur. Yəni bunlar proqramın əsas göstəriciləridir. Əlbəttə, bu rəqəmlər özlüyündə göstərir ki, çox geniş proqramdır. Mən əminəm ki, proqram başa çatanda bütün qəsəbələrdə böyük inkişaf olacaqdır. Biz bunu istəyirik, buna çalışırıq. Əlbəttə, proqramın icrası təxminən 2 ilə nəzərdə tutulubdur. Ancaq ola bilsin ki, hansısa yeni məsələ, hansısa yeni bir təklif ortaya çıxsın. Biz buna operativ şəkildə baxmalıyıq. Bütün qurumlar çox səmərəli işləməlidirlər. Əlbəttə, şəhər icra hakimiyyəti, eyni zamanda, bütün aidiyyəti qurumlar. Hökumət ümumi əlaqələndirmə işlərini aparmalıdır ki, biz istədiyimizə nail olaq. Mən əminəm ki, buna nail olacağıq. Çünki konkret, real proqram var".
Bu, ölkə başçısı İlham Əliyevin Bakının və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair keçirdiyi müşavirədəki yekun nitqindən sitatdır. Müşavirədəki çıxışı zamanı ölkə başçısı xüsusilə üzünü rayon icra başçılarına tutaraq belə bir göstəriş də vermişdi: "Yəni demək istəyirəm ki, çox geniş və müfəssəl bir proqramdır. Bunun maliyyə mənbələri də var. Heç kim deyə bilməyəcək ki, imkan olmadı, vəsait ayrılmadı, ya təxirə salındı. Bu, olmamalıdır. Əgər deyiriksə iki ilə, deməli, iki ilə başa çatmalıdır, vəsait də var. Ona görə işləyin, proqramı icra edin və vaxtaşırı mənə məruzə edin". Bəs camaat nə yazır? Amma prezidentin təsdiqlədiyi proqramı və bu proqramın həyata keçirilməsi istiqamətində verdiyi tövsiyələri deyəsən bəzi məmurlar qulaqardına alır. Bu barədə Xırdalan şəhəri 26-cı məhəllənin bir qrup sakinlərinin redaksiyamıza ünvanladıqları şikayət məktubunda qeyd olunub. Məktubda yazılır: "Prezidentin təsdiq etdiyi "Bakının və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair proqram"ın həyata keçirilməsi, 2 oktyabr 2006-cı ildən şəhər statusunu daşıyan Xırdalanda hiss olunmur. Belə ki, 26-cı məhəllədə ilin 9-10 ayında çirkab kanalizasiya və qrunt suları birbaşa küçəyə axdığından məhəlləyə giriş-çıxış mümkünsüz olub. Hətta çirkab sular evlərin həyətlərinə və bəzən də mənzillərin içərisinə dolur. Kanalizasiya sularından gələn üfunət evlərin divarlarına hopub. Bu cür antisanitariya halları kütləvi epidemiyanın və kəskin mədə-bağırsaq xəstəliklərinin yayılmasına münbit şərait yaradır". Qeyd edək ki, redaksiyaya ünvanlanan məktubun bir nüsxəsi də ölkə başçısına ünvanlanıb. Gedib nə gördük? Nə isə, sözügedən ünvana yollandıq. Əslində mənzərə məktubda qeyd olunandan daha acınacaqlı idi. 26-cı məhəllənin sakinləri evdən çıxmaq üçün xüsusi rezin botlardan istifadə etmək məcburiyyətindədirlər. Uşaqların məktəbə yola salınması prosesi isə kənardan xilasedici əməliyyatını xatırladırdı. Sakinlər bildirdilər ki, məsələylə bağlı aidiyyəti orqanlara və xidmət sahələrinin rəhbərlərinə dəfələrlə yazılı və şifahi qaydada müraciət ediblər. Hətta onlar müraciət olunmuş ərizələrin surətini də təqdim etdilər. Amma buna baxmayaraq, əlaqədar idarələr nə məktublara cavab verir, nə də bir tədbir görür. Məmurlar zəngə cavab verdimi? Sakinlərin problemləri ilə yerindəcə tanış olduqdan sonra, məsələyə aydınlıq gətirmək üçün Abşeron rayon İH rəhbərliyi ilə telefon əlaqəsi yaratmağa cəhd etdik. Amma cəhdlərimiz boşa çıxdı. Belə ki, 342-11-01 nömrəsinə cavab verən xanım bildirdi ki, katibə olduğu üçün bu məsələlərə müdaxilə edə bilmir. Amma buna baxmayaraq o, 342-11-84 nömrəsinə zəng edə biləcəyimizi də bildirdi. Həmin nömrəyə cavab verən bəy isə zəng etdiyimiz şöbədə humanitar məsələlərin müzakirə olunduğunu qeyd edib, 342-11-16 nömrəsinə zəng etməyimizi tövsiyə etdi. Tövsiyə olunan nömrəyə etdiyimiz zəngə isə gün ərzində cavab verən tapılmadı. Bir zamanlar kənd olan, sovet dövründə isə şəhər tipli qəsəbəyə və Abşeron rayon mərkəzinə çevrilən Xırdalan 2 oktyabr 2006-cı ildə şəhər statusu alıb. Amma buna baxmayaraq, Xırdalan daşıdığı statusa hələ də layiq deyil. Xatırladaq ki, ölkə başçısı 3 həftə öncə Xırdalan şəhərində Abşeron rayon İH-nin yeni inzibati binasının açılışında iştirak etmişdi. Abşeron RİH-in başçısı Zakir Fərəcov dövlət başçısına xüsusi memarlıq üslubunda inşa olunan yeni 4 mərtəbəli inzibati binada özü və işçiləri üçün hər cür şərait yaratdığı barədə məlumat verməklə yanaşı, "Bakının və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair proqram"ın Abşeron rayonunda uğurla həyata keçirilməsi barədə də sözlər söyləmişdi. Amma deyəsən başçının başı öz inzibati binasına qarışdığı üçün 26-cı məhəlləyə zaman ayıra bilməyib. Ümid edirik o, yeni binadakı əla şəraitində bir az da şəhər sakinlər üçün şərait barədə düşünəcək. |