çap et  
Misir Mərdanov: "Tələbəbaşına maliyyələşdirmə sisteminə keçiləcək"
Misir Mərdanov: "Tələbəbaşına maliyyələşdirmə sisteminə keçiləcək"
Bu yenilik ali təhsil islahatlarının ilk mərhələsində olacaq
Şənbə, 16.01.2010


Ali təhsildə adambaşına maliyyələşdirmə mexanizmi tətbiq olunacaqdır. Bu mexanizmin mahiyyətm barədə Park İnn otelində "Ali təhsildə maliyyələşdirmə mexanizmləri" üzrə seminarda təhsil naziri Misir Mərdanov danışmışdır.

Toplantıda Prezident Administrasiyasının şöbə müdiri, Litva Təhsil Nazirliyinin, Dünya Bankının rəsmiləri, ekspertlər, rektorlar iştirak edirdilər. Seminarda ali təhsilin tələbəbaşına maliyyələşdirmə sisteminə keçirilməsi, tələbələrin başqa ölkələrlə müqayisədə say nisbəti və problemlər müzakirə edilib ("Turan").

Təhsil naziri Misir Mərdanov bildirib ki, ölkədə 37 dövlət, 16 özəl ali məktəb fəaliyyət göstərir. "Dövlət ali məktəblərində 121634, özəl ali məktəblərdə 20063 tələbə təhsil alır. Dövlət ali məktəblərində 12813, özəl ali məktəblərdə 2007 professor-müəllim heyəti çalışır. Dövlət ali təhsil məktəblərində hər 9,5 tələbəyə, özəl ali məktəblərdə isə hər 10 tələbəyə bir müəllim düşür".

Nazir müqayisə apararaq deyib ki, Gürcüstanda 25,5, Rumıniyada 23,9, Polşada 21,6, Çexiyada 20,4, Latviyda 20,3, Rusiyada 18,9, Ukraynada 14, Bolqarıstanda 10,5 tələbəyə bir müəllim düşür.

Nazir bildirib ki, ali təhsil islahatlarının ilk mərhələsində tələbəbaşına maliyyələşdirmə sisteminə keçiriləcək. "Hazırda ali təhsil məktəbləri əvvəlki illərin xərcləri nəzərə alınmaqla hesablanır. Hazırda dövlət ali təhsil müəssisəsində orta hesabla bir tələbəyə düşən dövlət xərci 2102 manat təşkil edir".

Azərbaycanda hər 10 min əhaliyə 156 tələbə düşür və ali təhsil büdcəsi ümumdaxili məhsulun cəmi 0,3 faizini təşkil edir. Halbuki Estoniyada hər 10 min əhaliyə 502 (ÜDM 0,9 %) , Rusiyada 480 (ÜDM 0,8%), Qazaxıstanda 447, ABŞ-da 445 (ÜDM 1,0 %) tələbə düşür.

Təhsil Nazirliyi təklif edir ki, 2010-2011-ci təhsil ilindən başlayaraq, büdcə vəsaiti hesabına maliyyələşdirmə dövlət sifarişi əsasında adambaşına normalaşdırılmış normativ məbləğdə həyata keçirilsin. "Fizika ixtisası üzrə 150 tələbə (adambaşına maliyyələşdirmə 3000 manat), tarix ixtisası üzrə 100 tələbə (adambaşına maliyyələşdirmə 2500 manat), müalicə işi ixtisası üzrə 250 tələbə (adambaşına maliyyələşdirmə 4000 manat), neft-qaz mühəndisliyi ixtisası üzrə 100 tələbə (adambaşına maliyyələşdirmə 3500 manat) dövlət sifarişi olmasını təklif edirik", - deyə nazir Mərdanov qeyd edib.

Nazir bu və digər ixtisas üzrə dövlət sifarişini kimin və necə müəyyən edəcəyinə dəqiqlik gətirməyib, - deyə xəbərdə bildirilir.