Nazirlər Kabineti "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma qaydası"nı təsdiq edib. Bu barədə "APA-Economics"ə Nazirlər Kabinetindən məlumat verilib.
Qaydalara əsasən, ümumtəhsil məktəbində təhsil aldığı müddətdə təhsildə xüsusi nəticələri ilə bərabər, nümunəvi davranışı ilə fərqlənən tam orta təhsil səviyyəsi məzunlarının namizədliyi qızıl və ya gümüş medalla təltif olunmaq üçün təqdim edilə bilər. Respublika fənn olimpiadalarının yekun mərhələsində, rayon, ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə mükafata layiq görülmə də təhsil alanın qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin verilməsi zamanı nəzərə alınır.
Təhsil alanların qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin pedaqoji şurasında baxılandan sonra müvafiq qərar qəbul edilməlidir.
Nazirlər Kabinetinin qərarı ilə təhsil alanların qızıl və ya gümüş medalla təltifi üçün namizədliyi bu halda verilə bilər: ümumi orta təhsil səviyyəsini 75 faiz "əla" qiymətlərlə bitirənlər, tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75 faizi "əla" olanlar, bütün fənlərdən illik qiymətləri "əla" olanlar.
Qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin verilməsi barədə pedaqoji şuranın qərarı və həmin təhsil alanların fərdi siyahısı TN-in müəyyən etdiyi formada hər il mayın 20-dən gec olmayaraq, yerli təhsili idarəetmə orqanları tərəfindən nazirliyə təqdim edilməlidir. Qızıl və ya gümüş medalla təltifi üçün namizədliyi verilən təhsil alanlardan attestata yazılan yekun qiymətləri yalnız "əla" olanlar qızıl medala, attestata yazılan yekun qiymətlərindən ən çoxu ikisi "yaxşı" (tədris dili və riyaziyyat istisna edilməklə) olanlar isə gümüş medala layiq görülürlər.
Məzunların qızıl və ya gümüş medalla təltifi Təhsil Nazirliyinin əmri ilə rəsmiləşdirilir və medala layiq görülənlərin adları oxuduqları məktəbin "Şərəf kitabı"na yazılmalı, medal həmin şəxslərə təntənəli şəraitdə təqdim edilməlidir.
|