![]() |
çap et |
|
|||
Təkrar dövlət qeydiyyatına alınan daha 33 dini icmaya dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyat şəhadətnamələri təqdim olunub. Komitədə düzənlənən təqdimetmə mərasimində çıxış edən DQİDK sədri Hidayət Orucov deyib ki, bununla, təkrar dövlət qeydiyyatına alınan dini icmaların sayı 188-ə çatıb.
Hidayət Orucovun sözlərinə görə, indiyə kimi komitəyə qeydiyyata alınma ilə bağlı 700 müraciət daxil olub. Təkrar qeydiyyata almadan əvvəl isə cəmi 534 dini icma qeydiyyatda olub. Komitə sədri onu da bildirib ki, təkrar dövlət qeydiyyatına alınmaq üçün sənəd təqdim etməyən dini qurumların qeydiyyatına məhkəmə yolu ilə baxılacaq. Onun sözlərinə görə, hazırda komitəyə müraciətlərin qəbulu davam edir. Tədbirdən sonra jurnalistlərin suallarını cavablandıran sədr bir çox məsələlərə aydınlıq gətirib. Ölkəyə gətirilən zərərli dini ədəbiyyatın sayının 20 dəfə azaldığını vurğulayan komitə sədri dini ədəbiyyatın ixtisaslaşmış mağazalarda satılmasının zəruri olduğunu da vurğulayıb: "Bu sahədə apardığımız işlər gələcəkdə də davam etdiriləcək". Komitə sədri Moskva Patriarxlığı rəsmisi iyeromonax Filippin Ermənistandakı pravoslav kilsələri haqqında danışarkən Dağlıq Qarabağdakı kilsəni də bura aid etməsinə münasibət bildirərkən, Moskva Patriarxlığının xarici kilsələrlə əlaqələr şöbəsinin müdir müavininin açıqlamasından təəssüfləndiyini deyib: "Bu, məsuliyyətsiz açıqlamadır. Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Nəyə görə belə bir səhvə yol verilib? Niyə Dağlıq Qarabağdakı kilsə ilə İrəvandakı, Gümrüdəki kilsə eyniləşdirilir? Niyə o zaman onlar Azərbaycandakı - Bakıda, Gəncədə, Xaçmazda olan kilsələrin adını çəkmirlər? Belə açıqlama vermək olmaz. Mən bu açıqlamanı verəni şəxsən tanımıram. O, çox qeyri-dəqiq, düşünülməmiş, hərənin bir cürə yoza biləcəyi ifadə işlədib". H.Orucov bu məsələ ilə bağlı Bakı və Xəzəryanı Yeparxiyanın yepiskopu Aleksandr Ata ilə telefonla danışdığını deyib: "Ona çox ciddi iradlarımı bildirdim. O da öz növbəsində söz verdi ki, bu məsələ ilə məşğul olub məlumat verəcək". Aşura günü Bənəniyarda baş verən olaylara münasibət bildirən komitə sədri hadisə ətrafında ajiotaj yaratmağa ehtiyac olmadığını deyib: "İstər Bənəniyar olsun, istərsə də Azərbaycanın başqa bir ərazisi, harada radikallıq, ifratçılıq, ekstremizm var, dövlət də, cəmiyyət də buna öz münasibətini bildirəcək". Komitə sədri Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası tərəfindən verilən fətvalara əməl olunmasının vacibliyini vurğulayıb: "Aşura ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətvası olmuşdu ki, zəncir vurulmasın, baş yarılmasın. Əksər yerdə buna riayət olunsa da, bəzi yerlərdə yenə də buna əməl edilmədi". Azərbaycanlıların tolerant xalq olduğunu bildirən komitə sədri bununla belə, müəyyən xarici ziyanlı meyillərin Azərbaycanda öz niyyətlərini həyata keçirməyə çalışdıqlarını vurğulayıb: "Amma onların qarşısı tərəfimizdən yüksək səviyyədə alınır. Bir qrup adam var ki, onlar sanki ştatlı işçilər kimi gah bu, gah da o biri məscidə gedib, qrup halında zəncir vururdular. Sanki qonorara işləyirdilər". Hidayət Orucov deyib ki, dini icmalar başqa işlərlə deyil, dinin təbliği ilə məşğul olmalıdır. Komitə sədri hazırda Azərbaycanda 1802 məscidin fəaliyyət göstərdiyini deyib. Sovet dövründə isə onların sayı cəmi 18 olub. H.Orucov deyib ki, heç kim komitənin rəyi olmadan məscid tikmək, bərpa etmək səlahiyyətində deyil: "Belə hal baş versə, qarşısı alınacaq. İşlər qanun çərçivəsində həll olunmalıdır". |