Dünən Apellyasiya Məhkəməsinin hakimi Qail Məmmədov bloggerlər - Adnan Hacızadə və Emin Millinin şikayətinə baxılma prosesinin yanvarın 22-nə qədər təxirə salındığı barədə qərar qəbul edib. Qərar iki zərərçəkmiş - Babək Hüseynov və Vüsal Məmmədovun iclasda iştirak zərurəti ilə əsaslandırılıb. Zərərçəkmişlərin iştirakında bloggerlər özləri israr ediblər ("Turan").
"Bizi xuliqanlıqda və təhqirdə ittiham edən şəxslərin buraya gəlməsini və prosesdə iştirakını zəruri sayırıq", - deyə Adnan Hacızadə çıxışında bildirib. İkinci müttəhim - Emin Milli də bənzər fikirdə olub.
Hakim qeyd edib ki, zərərçəkmişlərin Apellyasiya Məhkəməsinin iclasında iştirakı mütləq deyil, amma əgər tərəflərdən biri israr edirsə, onlar məhkəməyə çağırılacaqlar.
Öz növbəsində vəkil İsaxan Aşurov bildirib ki, özlərini zərərçəkmiş kimi təqdim edən Babək Hüseynov və Vüsal Məmmədov əslində Adnan və Eminə qarşı təxribat üçün istifadə olunmuş şəxslərdir. Bir müddət əvvəl onlara məhkəməyə çağırış vərəqəsi göndərilib, lakin məhkəmənin rəsmi sənədləri geri qayıdıb, belə ki, bu şəxslər göstərilən ünvanlarda yaşamırlar. Bu bir daha sübut edir ki, onlar təxribatçıdırlar, - deyə vəkil qeyd edib.
Hakim vəkilin iradlarına reaksiya verməyib və faktiki olaraq ona sözünü sona çatdırmağa imkan verməyib. İclas isə cəmi bir neçə dəqiqə davam edib.
Adnan Hacızadə ("OL!" gənclər hərəkatının lideri) və Emin Millinin ("AN" internet-TV-nin təsisçisi) apellyasiya şikayətində onların təqsirsiz olduğu qeyd edilib və həbsdən azad edilmələri xahişi yer alıb. Dekabrın 22-də hazırlıq iclasında hakim onları hər biri üçün 5 min manat olmaqla, girova buraxmaqdan imtina edib.
Hakim vəkillərin qeyri-insani davranış olduğu üçün bloggerlərin məhkəməyə əli qandallı gətirilməməsi tələbini də rədd edib.
Xatırladaq ki, bloggerlər 2009-cu il noyabrın 12-də xuliqanlıq ittihamı ilə 2 və 2,5 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar iyulun 8-də Bakının mərkəzində "Lebanez" kafesində dava salmaqda ittiham olunublar. Lakin istintaq göstərib ki, dava bloggerlərin həbsi məqsədilə xüsusi olaraq hazırlanmış ssenari olub. Onların həbsinin əsl səbəbi ictimai fəaliyyətləri, xüsusən Azərbaycan hakimiyyətinin korrupsiyaya uğradığı barədə internetdə yerləşdirdikləri satirik videorolik olub.
|