Naxçıvan MR Culfa rayonunun Bənənyar kəndində elan edilməmiş FV davam edir. Bu barədə "Ayna"ya adının çəkilməsini istəməyən mənbə məlumat verib. Məlumata görə, yanvarın 5-dən kəndə yeridilən Daxili Qoşun əsgərləri dünən ərazidən uzaqlaşdırılsa da, kənddə əli qalxanlı və dəyənəkli polislər qalmaqda davam edir.
Mənbə onu da bildirib ki, kənddə həbs edilmiş çoxsaylı sakindən 10 nəfəri dünən azad edilib. Azad edilənlər sırasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının yerli özəyinin sədri Rza Nuriyevin iki oğlu - Pərviz və Pərvin Rzayevlər də var. Rza Nuriyev və daha onlarla kənd sakininin aqibəti haqqında isə hələ heç bir məlumat verilmir. Onların həbsdə və ya Ruhi Xəstəliklər Dispanserində saxlandığı bəlli deyil.
Dekabrın 27-28-də Bənənyar kəndində Aşura mərasimi zamanı öz başlarını yaran və sinə vuran bəzi kənd sakinləri (islama aidiyyəti olmayan əcaib bir mərasimdir - red.) ilə polis arasında toqquşma baş verib. Sakinlərin bu biabırçı əməli yerli hökumətin xoşuna gəlməyib və kəndə polis yeridilib. Həbslər olub. Kimlərəsə polisin işgəncə verdiyi iddia olunur. Bu rəftara etiraz edən 35 yaşlı bənənyarlı Yunis Əliyevin polisin gözü qarşısında üstünə benzin tökərək özünü yandırdığı xəbər verilir. Hazırda onun səhhəti və harada saxlanılmağı barədə heç bir bilgi yoxdur.
Dünən NMR-in Bakı nümayəndəliyi baş verənlərlə bağlı bəyanat yayıb. "Turan"ın məlumatına görə, bəyanatdan belə bir nəticə çıxır ki, dekabrın 28-də özünü yandırmağa cəhd etmiş Bənənyar kənd sakini Yunis Əliyev NMR Ruhi Xəstəliklər Dispanserində qeydiyyatda olub. Bundan başqa, bu ailənin digər üzvləri - anası Şərəbanı Əliyeva, dayıları Vasif və Yusif Quliyevlər də həmin dispanserdə qeydiyyatda olub, müalicə alıb və həkim nəzarətində saxlanıblar.
"Yunis Əliyevin xəstə halından istifadə etmək istəyən Xalq Cəbhəsinin qanunsuz silahlı dəstəsinin üzvü olan Rza Nuriyevin başçılıq etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə sərxoş vəziyyətə gətirərək, kənd məktəbinin ərazisində və ətrafında fəaliyyətləri dayandırılan yöndəmsiz köşklərin yenidən açılması üçün qeyri-qanuni hərəkətlərə təşviq edib. Yunis Əliyev dekabrın 27-də, Aşura mərasiminin keçirildiyi gün kənd icra nümayəndəsinə "Ya bizə aid olan köşklərin fəaliyyətinə icazə verməlisiniz, ya da mən özümə qəsd edəcəyəm" deyib. "Məşhur" Əliyevi sakitləşdirmək cəhdləri nəticə verməyib və o, üstünə benzin tökərək, özünü yandırıb. Kənd sakinlərinin və polis nəfərlərinin köməyi ilə alov söndürülüb, Yunis Əliyev üçüncü dərəcəli yanıq xəsarəti ilə xəstəxanaya çatdırılıb. 2010-cu il yanvar ayının 5-də ailəsinin təkidi ilə Təbriz şəhərindəki xəstəxanaya yerləşdirilib, hazırda müalicə alır", - deyə məlumatda qeyd edilib.
"Baş vermiş hadisə ilə əlaqədar NMR Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi başlanıb, Yunis Əliyevi cinayətə və özünə qəsdə təhrik edən şəxslər ifadə vermələri üçün DİN-ə dəvət edilib, lakin həmin şəxslər polis işçilərinə hücum edərək küt alətlərlə xəsarət yetiriblər. Bu səbəbdən onların məcburi izahata cəlb edilməsi ilə bağlı qərar qəbul edilib. Həmin şəxslər izahatlarında qanunsuz əməllərini etiraf edib və bağışlanmalarını xahiş ediblər. İstintaq zamanı müəyyən edilib ki, özünə qəsd edən Yunis Əliyevin və onu bu işə təhrik edənlərin hər birinin ailəsinə dövlət tərəfindən əmək haqqı, təqaüd və sosial yardım formasında 400-600 manat vəsait verilir. Qeyd olunan cinayət əməlindən - xəstə insanın həyatı bahasına məqsədlərinə nail olmaq cəhdlərindən nəticə çıxarmaq əvəzinə izahata cəlb olunanların Bakı şəhərindəki qohumları Culfa rayonunun Bənənyar kəndində "qanunsuzluğun baş alıb getməsi" ilə bağlı müxtəlif instansiyalara şikayət edir, mətbuata müsahibələr verirlər. Bildiririk ki, Culfa rayonunun Bənənyar kəndində vəziyyət sabitdir və bir sıra mətbuat orqanlarında məqsədli şəkildə başlanan kampaniyanın - ictimaiyyətə yalan məlumat vermək cəhdinin heç bir real əsası yoxdur", deyə sonda qeyd edilib.
Dünən baş prokuror Zakir Qaralov Hüquq Müdafiəçilərinin Monitorinq Qrupunun üzvlərini qəbul edib. Görüşdə Azərbaycanda insan haqlarının vəziyyəti, həbsdə olan jurnalistlər, Bənənyar olayı, mənzil hüququ və başqa məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bu barədə "Turana" hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib. Onun sözlərinə görə, baş prokuror hüquq müdafiəçilərinin qaldırdıqları məsələlərin araşdırılacağını bildirib.
|