Güney qonşumuz İran dövlətinin əsrarəngiz nüvə proqramına dair yeni xəbərlər yayıldı: Qum şəhəri yaxınlığında dağlarda yeraltı tunellərdə uranı zənginləşdirməklə bağlı yeni bir zavod aşkarlanıb. "New York Times" qəzetinin dərc etdiyi və dünya mediasının o saat diqqət yetirdiyi məqalədə müdhiş bir mənzərə cızılır: İran yeraltı tunellər şəbəkəsi ilə az qala hörümçək toru qurub, ölkənin bütün nüvə araşdırmalarının nəticələri və yaradılmış nüvə kompleksi bu tunellər və bunkerlər şəbəkəsində gizlədilib. Qum şəhəri yaxınlığındakı dağlarda aşkarlanan bu zavod tək deyil, onun başqa da bu kimi obyektləri var, onlar da yeraltı tunellərdə və ya bunkerlərdə gizlədilib. Əlavə edilir ki, İrana hava zərbələri onlara heç nə edə bilməz, nəticədə İranın nüvə proqramı yerin daha dərinliklərinə çəkiləcək və sair... İnanaqmı? Bura təsadüfən mal-qoyun ferması çıxmayacaq ki?
Bunlar İrana müdaxilə üçün bəhanə əldə etməkdən ötrü bəri başdan ictimai fikri formalaşdırmağa yönəlik informasion hazırlıq işləri deyil ki? Belə bir şübhəyə düşməyə haqqımız var, ona görə ki, "İraq kütləvi qırğın silahına malikdir" iddiası ilə bu ölkəyə hücum edildiyini və bu kütləvi qırğın silahının hələ də tapılmadığını bilirik. İraq isə zəlil günə salındı, bir milyona yaxın əhali itirib, şəhərləri xaraba qoyulub, ölkə özünə gələ bilmir ki, bilmir. Bəlli oldu ki, bütün oyunlar bədbəxt İraqın neft və qaz ehtiyatları üzərində imiş, onlara nəzarəti ələ keçirmək üzərində imiş və Qərb koalisiyası bu məqsədinə bu dərəcədə qeyri-bəşəri və bu dərəcədə xəbis bir metodla nail oldu. "Kütləvi qırğın silahı" arayanlar onu tapa bilmədilərsə də, çıxıb getmək də bilmirlər. İraq şəhərlərini xaraba qoya-qoya onlara "demokratiya" dərsi keçirlər.
Yaxud Əfqanıstan hadisələri. Bir vaxt Kremlin həyətində saata baxan Leonid Brejnevin qolundakı saatın əqrəblərinin neçəni göstərdiyini kosmik peykdən çəkə bilən amerikalılar indi Ben Ladeni nədənsə on ildən bəridir tapa bilmirlər... Bir vaxt özləri yaratdıqları, bəslədikləri və mifləşdirdikləri Ben Ladeni... Əfqanıstanın hər qarışını kosmosdan və yerdən nəzarətdə saxlayan amerikalılar. Bəlkə heç onu tapmaq lazım deyil? Olmaz onu tapıb üzə çıxarmaq. Ona görə ki, Ben Laden bu gün Amerikanın Mərkəzi Asiyada ən hündür bir coğrafi məkanı əldə saxlaması üçün bəhanə rolu oynayır və bu bəhanənin önəmini kiçiltmək olmaz. Oradan bütün Mərkəzi Asiyanı, karbohirogenlərlə zəngin olan türk dövlətlərini nəzarətdə saxlamaq istəmirlər ki?
Bir də mifik bir "əl-Qaidə" var. Onu da bir vaxt amerikalıların bəslədikləri və indi də bəsləməkdə olduqları barədə söz var. Onu da nəyə görəsə bu gün nüvə silahı olan Pakistanın üstünə salışdırıblar. Pakistanın içdən qarışdırılması bəlkə ona görə vacibdir ki, bir gün İslamabada desinlər: "Dost, sənin ölkən qarışıqdır, birdən nüvə silahın terrorçuların əlinə keçər, ha. Bu olmasın deyə, onu ver biz saxlayaq"?
İndi də Yəmən. Bu ölkənin tutduğu coğrafi mövqeyə baxaq. Hind okeanından Aralıq dənizinə gedən yolun ağzı... Orda da son vaxt nədənsə "terrorçular" yaman artıb-çoxalıb. Özü də çox şübhəli bir şəkildə artıblar. Səhrada dəvə otaran bir əhali... İndi Yəmən də Qərb üçün "qorxulu" bir ölkəyə çevrilməkdədir. Bu obraz gözümüzün önündə elə ustalıqla yaradılır ki... Heyrətlənməyə bilmirik.
Amma dünya üzündəki bu olayları gördükcə əlimiz-ayağımız yerdən üzülür. Bircə bunu deməyimiz qalır: Tanrı bizləri şərdən qorusun.
|