"Cənubi Qafqaz regionunda ümumi vəziyyət hələ ki sabitdir. 2008-ci ildə Gürcüstana qarşı hərbi əməliyyatlar həyata keçirmiş Rusiya müəyyən vaxta qədər səssiz qalacaq". Bunu APA-nın Vaşinqton müxbirinə açıqlamasında Tafts Universitetinin Fletçer Məktəbinin beynəlxalq təhlükəsizlik üzrə professoru Uilyam Martel deyib. O, ümid etdiyini bildirib ki, 2010-cu il Azərbaycan üçün sülh ili olacaq - baxmayaraq ki, bu, arzu olunanın gerçəklik kimi qələmə verilməsidir:
"Gürcüstana qarşı həyata keçirilən əməliyyatlar Rusiya üçün ciddi nəticələrə səbəb olmadı. 2008-ci ildə ABŞ-da prezident seçkiləri keçirildiyi üçün heç bir namizəd Rusiya ilə münasibətlərin pozulması ehtimalı ilə bağlı müzakirələrə qoşulmaq istəmədi. Region dövlətləri Rusiyanın Ukrayna və başqa ölkələrə qarşı təbii qazdan silah kimi istifadə etməklə iqtisadi müharibə apardığını da unutmayacaq. Rusiya, ABŞ və Şərqi Avropa ölkələri arasındakı münasibətlər pisləşməyə davam edəcək. Əsasən ona görə ki, Moskva regiondakı birinciliyini bərpa etmək fikrindədir. Region dövlətləri və Vaşinqton Rusiyanın xarici siyasət istiqamətindən narahatdır. Amma Rusiyanın iki məlum strateji zəifliyi çətin ki, dəyişsin. Birincisi, onun avtoritar siyasi sistemidir ki, bu, getdikcə daha repressiv xarakter alır və xalq arasında antaqonist meyilləri gücləndirir. İkincisi, onun iqtisadiyyatı zəifdir. Nə qədər ki, Rusiya enerji gəlirləri ilə yaşamağa çalışır, strateji cəhətdən zəif olaraq qalacaq və ciddi, rəqabətqabiliyyətli iqtisadiyyat qurmağı həmişə təxirə düşəcək".
Rusiya ilə təhlükəsizlik sahəsində, xüsusilə də Qəbələ Radiolokasiya Stansiyası ilə bağlı əməkdaşlığa gəldikdə, U.Martel hesab edir ki, belə bir əməkdaşlığın ciddi məqsədləri və nəticələri yoxdur: "Rusiyanın xarici siyasətində Gürcüstana təcavüz kimi hadisələr yer aldıqca, bu ölkə öz enerji ehtiyatlarından digər ölkələrə qarşı xarici siyasət vasitəsi kimi istifadə etdikcə, region dövlətlərinin, Vaşinqtondakı siyasətçilərin, ümumiyyətlə, heç kimin bu ölkəyə inamı olmayacaq".
Professor əmindir ki, Rusiya ciddi siyasi və iqtisadi islahatlar aparmasa, onun siyasətində böyük dəyişiklik baş verməyəcək.
|