çap et  
2009-cu ilin "qara siyahı"sı
2009-cu ilin "qara siyahı"sı
Orduda qeyri-nizamnamə halları artmaqdadır
Şənbə, 09.01.2010

Cəsur Sümərinli

"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi 2009-cu ildə Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda baş verən itkilərin siyahısını açıqlayıb. Mərkəzdən "Ayna"ya verilən məlumata görə, 2009-cu ildə Azərbaycan Silahlı Qüvvələrində baş vermiş itkilərin ümumi sayı 63 nəfərdir. İtkilərin 13-ü döyüş (10-u erməni gülləsi, 2-si mina partlayışı, 1-i əməliyyat), qalanları isə qeyri-döyüş itkiləridir. Müvafiq dövrdə qeyri-nizamnamə hərəkətlərindən 20, xəstəlikdən (zəhərlənmədən) isə 6 hərbi qulluqçu dünyasını dəyişib. Ötən bir il ərzində 5 hərbi qulluqçu intihar etmişdir.

Ölənlərdən 3-ü DSX, 2-si MTN, 2-si XTMT-in, 1-i DQ-in, qalanları isə (55 nəfər) MN-in hərbi qulluqçularıdır.

Ötən il 40 hərbi qulluqçu yaralanıb və ya xəsarət alıb.

SQ-də qeyri-nizamnamə, intihar halları və bədbəxt hadisələr artan xətt üzrə inkişaf edib. Bunu təqdim olunan siyahıdan görmək mümkündür.

8 yanvar. Siyəzən HK-dan çağırılmış əsgər Vüsal Camalov Tərtər ərazisindəki hərbi hissədə qeyri-nizamnamə hərəkətləri nəticəsində (güllə) dünyasını dəyişib.

11 yanvar. DSX-nin əsgəri Füzuli (Horadiz) ərazisindəki hərbi hissədə qeyri-nizamnamə hərəkətləri nəticəsində (güllə) dünyasını dəyişib.

17 yanvar. 1991-ci il doğumlu, Qaradağ HK-dan çağırılmış əsgər Muradxan Dəmirçizadə Füzuli rayonu ərazisində erməni gülləsindən həlak olub.

17 yanvar. 1989-cu il doğumlu, 2008-ci ilin iyulunda Quba HK-dan çağırılmış əsgər Cahangir Qaflanov Ağdam ərazisindəki hərbi hissədə qeyri-nizamnamə hərəkətlərindən (güllə) həlak olub.

24 yanvar. 1985-ci il doğumlu, 2008-ci ilin iyununda Bakının Nərimanov rayon HK-dan çağırılmış əsgər Elbrus Rəhimov Gəncədə hərbi hissədə intihar edib (özünü asıb).

25 yanvar. 2008-ci ilin mayında Gəncədən çağırılmış əsgər Əhməd Allahverdiyev Azərbaycan Ali Hərbi Məktəbində xəstəlikdən (damar iltihabı) dünyasını dəyişib.

12 fevral. MN Hərbi Hava Qüvvələri komandanı general-leytenant Rail Rzayev naməlum şəkildə qətlə yetirilib.

17 fevral. MN-in Tərtərdə yerləşən "N" saylı hərbi hissəsində özünü güllələmiş əsgər Orxan Vəliyev həyatını itirib. O, fevralın 2-də odlu silahdan özünə atəş açmışdı. Vəliyev Sumqayıt HK-dan hərbi xidmətə çağırılıb.

19 fevral. Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində cəbhənin Füzuli rayonunun Alxanlı kəndi istiqamətində Azərbaycan əsgəri Süleymanov Cavid Eynulla oğlu həlak olub. Süleymanov 2008-ci ilin yanvarında Oğuz rayonundan hərbi xidmətə çağırılıb.

19 fevral. Horadiz qəsəbəsi istiqamətində Azərbaycan ordusunun 2 əsgəri minaya düşərək dünyasını dəyişib. Hərbçilərdən biri Gəncə şəhər sakini, 1986-cı il doğumlu Əsgər İslam oğlu Mərdanov, digəri isə Şəmkir sakini, 1990-cı il doğumlu Hacıyev Tural Müzakir oğludur. Əsgər Mərdanov 2008-ci ilin iyununda Kəpəz rayon HK-dan çağırılıb. Digər əsgər isə 2008-ci ilin aprelində Şəmkir rayon HK-dan çağırılıb.

19 fevral. Cəbhənin Füzuli rayonunun Alxanlı kəndi istiqamətində Ermənistan tərəfdən açılmış atəş nəticəsində Azərbaycan ordusunun zabiti, Şamaxı HK-dan çağırılmış leytenant Elvin Alıcanov yaralanıb.

19 mart. Naxçıvan MR-də yerləşən hərbi hissənin əsgəri, 2008-ci ildə Göyçay HK-dan çağırılmış Qurban İlham oğlu İsmayılov qarovulda olarkən xidməti silahından baş nahiyəsinə atəş açaraq intihar etmək istəyib. Ağır vəziyyətdə hospitala aparılıb.

19 mart. Ermənistan SQ-nin Tərtər istiqamətində atəşkəsi pozması nəticəsində əsgər Tərlan Qəniyev güllə yarası alıb. O, Qax rayon HK-dan həqiqi hərbi xidmətə çağırılıb.

29 mart. Tərtərdəki hərbi hissənin əsgəri, Zərdab HK-dan çağırılmış Yasif Qasımov əsgər yoldaşları İlkin Abdullayev (Astara) və Tural Həsənova (Sabirabad) xidməti silahından atəş açaraq öldürüb.

16 aprel. 1991-ci il doğumlu əsgər Ruslan Şirinovun pnevmoniyadan dünyasını dəyişdiyi bildirilib. O, Ağdam rayon HK-dan çağırılıb.

21 aprel. 1990-cı il doğumlu Pərviz Bayramov Ermənistan SQ-nin Ağdamın işğal altındakı Baş Qərvənd kəndi istiqamətindən açdığı atəş nəticəsində həlak olub. O, Saatlı rayon HK tərəfindən 2008-ci ildə hərbi xidmətə çağırılıb.

23 aprel. 1990-cı il doğumlu əsgər Cavanşir Quliyev Tərtər ərazisində (Tapqaraqoyunlu) ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub. C.Quliyev 2009-cu il yanvarın 3-də Bakının Əzizbəyov rayon HK-dan hərbi xidmətə çağırılıb.

1 may. Daşkəsən sakini, 29 yaşlı gizir Niyazi Zeynalov hərbi hissəyə məxsus "Niva" markalı avtomobili idarə edərkən Daşkəsən - Gəncə yolunun 8-ci km-də Qoşqarçayın üstündəki körpünün üzərində idarəetməni itirərək çaya düşüb. Nəticədə rayonun Quşçu kənd sakini olan sürücü Zeynalov hadisə yerində keçinib.

10 may. Azərbaycan SQ çavuşu Anar Hacıyev ermənilər tərəfindən əsir götürülüb.

11 may. Cəlilabadın Alar kəndi ərazisində baş vermiş yol qəzası nəticəsində gizir Fariz Ağayev həlak olub. Sürücü gizir Yusif Paşayev xəsarət alıb.

12 may. Bakı yaxınlığındakı poliqonlardan birində təlim zamanı MN zabiti, Səngəçal qəsəbəsindəki hərbi hissədə xidmət edən leytenant Kamil Xəlilov dünyasını dəyişib. K.Xəlilov 1983-cü ildə Ucarın Qəzyan kəndində doğulub, hərbi xidmətə Ucar HK-dan çağırılıb.

17 may. Ermənistan ordusunun Cəbrayıl rayonu ərazisində atəşi pozması nəticəsində 1990-cı il doğumlu əsgər Rza Mehdiyev (Sumqayıt HK-dan 2008-ci ilin oktyabrında çağırılıb) şəhid olub. Tovuz HK-dan çağırılmış Elman Sadıqov isə yaralanıb.

17 may. Ermənistan SQ-nin cəbhənin Ağcabədi istiqamətində atəşkəsi pozması nəticəsində əsgər Məmmədov Zahir İsmayıl oğlu (Bakı) ağır yaralanıb.

20 may. Tərtər rayonunda yerləşən SQ hərbi hissəsində xidmət edən 1990-cı il doğumlu əsgər Xalid Məmmədov (2008-ci ildə Füzuli HK-dan çağırılıb) əsgər yoldaşı tərəfindən güllələnib.

21 may. 1989-cu il doğumlu, İmişli HK-dan hərbi xidmətə çağırılmış əsgər Vasif Azadov Ermənistan SQ-nin Azərbaycan ordusunun Tərtər rayonunun Torpaqtəpə kəndindəki mövqelərini atəşə tutması zamanı həlak olub.

21 may. Tərtər rayonunun Torpaqtəpə kəndindəki mövqelərin atəşə tutulması nəticəsində əsgər Orxan Axundov yaralanıb.

23 may. Ağdamdan xidmətə çağırılan 1990-cı il doğumlu Orxan Musayev Xətai rayonu, Həzi Aslanov qəsəbəsi, 7-ci Dairə küçəsində yerləşən taxta sexində yanıb. 2 əsgərsə yanıq xəsarəti alıb.

23 may. Seyfəli poliqonunda əsgər Orxan Səfərov (hərbi xidmətə 2008-ci ildə Ağcabədi rayon HK-dan çağırılıb) 4 hərbçini qətlə yetirib, 1-ni isə yaralayıb. Onun avtomat silahla qətlə yetirdiyi 1987-ci il doğumlu kiçik çavuş Şəhriyar Həsənov Siyəzən HK, 1990-cı il doğumlu kiçik çavuş Saleh Hidayətov Xaçmaz HK, 1986-cı il doğumlu əsgər Ravil Ataşov Yardımlı HK, 1990-cı il doğumlu əsgər Mustafa Sayfulov Şamaxı HK-dan hərbi xidmətə çağırılıblar. Bakının Sabunçu rayon HK-dan çağırılmış 1989-cu il doğumlu əsgər Pünhan Həsənov isə yaralanıb. Onların hamısı 2008-ci ildə hərbi xidmətə çağırılıblar.

26 may. MN-in Qaraheybətdə yerləşən hərbi hissəsində 164 hərbçi zəhərlənib.

29 may. MN-in Naxçıvandakı hərbi hissəsində xidmət edən əsgər Kamil İsayev (Ucar HK-dan 2008-ci ilin yanvarında çağırılıb) əvvəlcə öz komandirini və əsgər yoldaşını, sonra isə özünü güllələyib.

16 iyun. MN-in hərbi hissəsinin giziri, 1974-cü il doğumlu Elnur Quliyev küçədə qəflətən ölüb. Tibbi ekspertizanın rəyinə görə, gizir infarktdan dünyasını dəyişib.

18 iyun. Cəlilabad ərazisindəki sərhəd keçid məntəqəsində DSX-nin hərbi qulluqçuları ilə İran - Azərbaycan sərhədini keçmək istəyən 5 qaçaqmalçı arasında baş verən toqquşma zamanı Samuxun Əhmədbəyli kəndindən hərbi xidmətə çağırılmış 1990-cı il doğumlu əsgər Elton İsgəndərov şəhid olub, 2 zabit yaralanıb.

4 iyul. Bakıdakı "N" saylı hərbi hissənin əsgəri, Astara HK-dan çağırılmış (10.01.2009) Şəhriyar Əsgərov qarovulda olarkən naməlum şəkildə ölüb. İntihar etdiyi bildirilir.

6 iyul. 1990-cı il doğumlu əsgər Teymur Mustafayev Ağdamdakı hərbi hissədə həlak olub. Əsgər 2009-cu ilin yanvarında Gəncənin Nizami rayon HK-dan çağırılıb. Səbəbi bəlli deyil.

13 iyul. Mətbuatda Füzuli rayonunda yerləşən hərbi hissədə 2 əsgərin tabe olduqları 8 nəfərlik komandir heyətini avtomat silahlardan atəşə tutduğu xəbəri yayılıb. Nəticədə mayor rütbəli hərbi qulluqçunun yaralandığı (avqustun 13-də həmin mayorun Mərkəzi Hərbi Kliniki Hospitalda dünyasını dəyişdiyi xəbəri yayılıb), bir gizirin həlak olduğu bildirilib.

16 iyul. Balakən ərazisində Rusiya, Azərbaycan və Gürcüstan sərhədi sayılan Qubek dağlarında yerləşən "Üç nöqtə" adlanan ərazidə Azərbaycan sərhədçiləri ilə dövlət sərhədini pozmağa cəhd göstərən silahlı şəxslər arasında atışma olub. Hadisə zamanı Zaqatala Sərhəd Dəstəsinin əsgəri, 1990-cı il doğumlu, Sumqayıt HK-dan çağırılmış Bəhruz İsayev yaralanıb.

20 iyul. Bərdədəki "N" saylı hərbi hissədə xidmətə çağırılmış Hüseynov soyadlı əsgərin döyülərək ölümcül hala salındığı bildirilir.

22 iyul. DSX əsgəri, 1991-ci il doğumlu, Yardımlı HK-dan çağırılmış Elsevər Quliyev Qusarda Samur çayında boğulub.

24 iyul. Mətbuatın yazdığına görə, Tərtərdə yerləşən hərbi hissədə təlim zamanı partlayış baş verib. Hadisə nəticəsində Ağcabədi HK-dan çağırılmış bir əsgər həlak olub, 3 əsgər isə ağır yaralanıb.

28 iyul. Beyləqandakı hərbi hissələrdən birində xidmət keçən Bakı sakini Turaq Qəhrəmanovun böyrək çatışmazlığından vəfat etdiyi bildirilib.

3 avqust. Bakıdakı hərbi hissədə xidmət edən əsgər Fuad Məlikzadə dünyasını dəyişib. O, iyulun 22-də ağır dərəcəli yanıq xəsarəti ilə hospitala yerləşdirilmişdi.

5 avqust. Füzuli ərazisində təmas xəttində yerləşən hərbi hissənin əsgəri, Goranboy HK-dan çağırılmış (2008, iyul), 1990-cı il doğumlu Səyyad Həsənov əsgər yoldaşı tərəfindən güllələnib.

12 avqust. Füzuli rayonu ərazisində baş vermiş yol qəzası nəticəsində "VAZ-2107" markalı avtomobildə olan 1976-cı il və 1980-ci il doğumlu MTN Füzuli rayon şöbəsinin əməkdaşları həlak olublar.

18 avqust. 1985-ci il doğumlu, Ağstafa HK-dan çağırılmış gizir Elçin Qurbanov Ermənistan SQ-nin Tərtər rayonunun Çaylı kəndi istiqamətində atəşkəsi pozması nəticəsində ağır yaralanıb.

22 avqust. MN-in Zığ qəsəbəsində yerləşən HDQ hərbi hissəsində xidmət edən, 2009-cu ilin aprelində İsmayıllı HK-dan çağırılmış əsgər, 1991-ci il doğumlu Rəşad Talıbov özünü xidməti silahı ilə öldürüb.

27 avqust. Lənkəranda yol-nəqliyyat hadisəsi nəticəsində 1978-ci il doğumlu Bakı sakini, Ədliyyə Nazirliyinin tibbi xidmət leytenantı Zaur Şiriyev ağır bədən xəsarətləri alıb.

28 avqust. MN-in Naxçıvan MR-dəki hərbi hissəsində təlim zamanı "T-72" markalı tankın aşması nəticəsində tankın komandiri, gizir, 1983-cü ildə Ağstafada anadan olmuş Ramal Yusifov və müddətdən artıq xidmət göstərən hərbi qulluqçu, Naxçıvan MR sakini, 1979-cu il doğumlu Rahib Qədimli həlak olublar. 1 hərbçi isə yaralanıb.

4 sentyabr. 1990-cı il doğumlu, Şirvan HK-dan çağırılmış əsgər Sabiq Atayev Ağcabədi rayonunda mina partlaması nəticəsində həlak olub.

4 sentyabr, Əsgərlər Nurlan Məmmədov və Murad Rəhimov (müvafiq olaraq İsmayıllı və Gədəbəy HK-dan çağırılıblar) Ağcabədi rayonunun Qiyamadınlı kəndi istiqamətində minaya düşərək xəsarət alıblar. Hərbçilər traktorda olublar və tank əleyhinə minanın üstündən keçiblər.

4 sentyabr. Tovuzdakı hərbi hissədə əsgər Vüsal İmanov silahla davranış qaydalarına əməl etmədiyinə görə, əlindəki avtomat silahdan açdığı atəş nəticəsində əsgər Mübariz Fərzəliyevi yaralayıb.

6 sentyabr. Ermənistan SQ Berd rayonu Çinar kəndi istiqamətindən Azərbaycan SQ-nin Tovuzun Koxanəbi və Ağbulaq ərazilərindəki mövqelərini atəşə tutması nəticəsində gizir Babaşov yaralanıb.

8 sentyabr. Ermənistan SQ Füzuli rayonunda atəşkəsi pozarkən zabit, 1984-cü il doğumlu, Xətai rayon HK-dan çağırılmış baş leytenant Pərviz Quliyev yaralanıb.

10 sentyabr. 2008-ci ilin iyulunda Quba HK-dan çağırılmış, 1990-cı il doğumlu əsgər Pərviz Yusibov Ağdam istiqamətində düşmən hücumunun qarşısını alarkən kürək nahiyəsindən yaralanıb.

11 sentyabr. Erməni tərəfinin Tərtər istiqamətində Azərbaycan mövqelərini atəşə tutması nəticəsində 1990-cı il doğumlu, 2008-ci ildə Tovuz HK-dan çağırılmış Şaban Murğuzov bel nahiyəsindən yaralanıb.

14 sentyabr. 2008-ci ilin oktyabrında Astara HK-dan çağırılan, Tərtərdəki hərbi hissədə xidmət edən, 1990-cı il doğumlu Tofiq Əliyev postda dayanarkən avtomatla özünü öldürüb.

15 sentyabr. İsmayıllı rayonunda baş verən yanğının söndürülməsi əməliyyatında FHN Mülki Müdafiə Qoşunlarının əsgəri xəsarət alıb.

16 sentyabr. Ermənistan SQ-nin Tərtər istiqamətində atəşkəsi pozması nəticəsində əsgər, 2008-ci ildə Qazax HK-dan çağırılan, 1991-ci il doğumlu Samir Mehbalayev çiyin nahiyəsindən yaralanıb.

16 sentyabr. Ağdam rayonundakı hərbi hissədə 1987-ci il doğumlu, 2009-cu ilin aprelində Biləsuvar HK-dan çağırılmış gizir Rahib Kərimov silahla ehtiyatsız davrandığına görə ayağını yaralayıb.

23 sentyabr. Bakının Nəsimi rayonunun A.Məhərrəmov küçəsində yaşayan 1973-cü il doğumlu Bəxtiyar İsmayılov zəhərlənmə diaqnozu ilə paytaxtdakı hərbi hospitalların birində dünyasını dəyişib.

24 sentyabr. Bakının Nərimanov rayonunda baş verən yol qəzasında XDMX-nin baş çavuşu - Bakı sakini, 1982-ci il doğumlu Elvin Fərəcov həyatını itirib.

28 sentyabr. Binəqədi rayon HK tərəfindən 2009-cu ilin yanvarında hərbi xidmətə çağırılmış, MN-in Tovuzdakı (Koxanəbi) hərbi hissəsində xidmət edən 19 yaşlı Pərvin Əhmədov minaya düşüb. Nəticədə onun bir ayağı amputasiya olunub.

1 oktyabr. Şəki rayonundakı hərbi hissənin əsgəri Rahib Tağıyev qayadan yıxılıb.

2 oktyabr. MN-in yüksəkrütbəli zabitləri Zakir Həsənli və Mahir Bayramov İsveçrənin Çuq kantonunda avtomobil qəzasına düşüblər.

10 oktyabr. Sumqayıtdakı hərbi hissənin əsgəri, 1990-cı il doğumlu, 2009-cu ilin aprelində Lənkəran HK-dan çağırılmış Teymur Mirzəli naməlum şəraitdə dünyasını dəyişib. Əsgərin özünü asdığı deyilsə də, sonradan onun ağır işgəncələrlə öldürüldüyü məlum olub.

11 oktyabr. Ermənistan ordusunun Füzuli istiqamətində atəşkəsi pozması nəticəsində ordumuzun 1 əsgəri yaralanıb.

17 oktyabr. Qusardakı hərbi hissənin əsgəri, 1991-ci il doğumlu, 2009-cu ilin aprelində Zaqatala HK-dan çağırılmış Faiq Məhərrəm oğlu Mahmudov poliqonda təlim zamanı avtomatla ehtiyatsız davranıb. Baş nahiyəsinə atəş açmış əsgər keçinmişdir.

23 oktyabr. Ermənistan SQ-in cəbhənin Ağdam istiqamətində atəşkəsi pozması nəticəsində 2009-cu ilin aprelində Sumqayıt HK-dan çağırılmış əsgər Eldar İsmayılov şəhid olub.

6 noyabr. MN-in Naxıvandakı hərbi hissəsində 2009-cu ilin yanvar ayında Beyləqan HK-dan çağırılmış, 1990-cı il doğumlu Həsənov Əsgər Nahid oğlu əsgər yoldaşı, 2009-cu ilin aprelində Ordubaddan çağırılmış, 1991-ci il doğumlu Sərxan Quliyevə atəş açaraq onu qətlə yetirib.

11 noyabr. Tərtər - Goranboy yolunda, Cəmilli kəndi ərazisində baş vermiş yol qəzası nəticəsində 5 əsgər həlak olub, daha 7 nəfərin yaralandığı bildirilib. Məlumata görə, Tovuz HK-dan çağırılmış 1990-cı il doğumlu Elşən Məmmədov , Ağstafa HK-dan çağırılan 1990-cı il doğumlu Orxan Quliyev, Masallı HK-dan çağırılan 1990-cı il doğumlu Pərviz Ağayev, Tovuz HK-dan çağırılan 1990-cı il doğumlu Rəşad Tağılı, Sabunçu rayonundan çağırılmış 1990-cı il doğumlu Şahmar Nəsirov dünyalarını dəyişiblər. Zaqatala HK-dan çağırılan 1990-cı il doğumlu Yaşar Vəliyev, 1990-cı il doğumlu Pərviz Ağayev, Vüsal Alxasov (Oğuz), gizir Oleq Kalininov, Tural Məhərrəmov (Qəbələ), kiçik çavuş Teymur Əzizov, kapitan Ərəstun Məmmədov müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

14 noyabr. AAHM-ın baş müəllimi polkovnik Vahid Osmanov ürək tutmasından keçinib. Mərhum doğulduğu Balakən rayonunda dəfn edilib.

15 noyabr. 2009-cu ildə Xaçmaz HK-dan çağırılmış 1991-ci il doğumlu Zakir Babayev Gədəbəy rayonunda xidmət etdiyi hərbi hissədə silahla özünü vuraraq intihar edib.

27 dekabr. 1991-ci il doğumlu, 2009-cu ilin iyulunda Zaqatala HK-dan çağırılmış, DQ-nin Hacıqabul rayonundakı hərbi hissəsinin əsgəri Kamil Əliyev xəstəlikdən dünyasını dəyişib.

29 dekabr. Ermənistan SQ-nin atəşkəsi pozması nəticəsində MN hərbi hissəsinin əsgəri, 2009-cu ilin yanvarında Qusar HK-dan çağırılmış Ramin Niftəliyev ürək nahiyəsindən aldığı güllə yarasından həlak olub.

"Doktrina" ekspertlərinin hesablamalarına görə, 2003-2009-cu illərdə Azərbaycan SQ ən azı 394 hərbi qulluqçusunu itirib. Onun 147 nəfəri döyüş (122 nəfəri erməni gülləsi, 21 nəfər mina və sursat partlayışı, 4 nəfər əməliyyat tədbirləri), 246 nəfəri isə qeyri-döyüş (50 nəfər intihar, 37 nəfər qəza, 79 nəfər qeyri-nizamnamə hərəkətləri, 38 nəfər bədbəxt hadisələr, 15 nəfər müəmmalı və naməlum hadisələr, 28 nəfər müxtəlif xəstəliklər) itkiləridir. Ümumilikdə, 2003-cü ildən bəri bu və digər səbəblərdən yaralanan və xəsarət alan hərbi qulluqçuların sayı 303 nəfərdən çoxdur.

İtkilərlə bağlı rəqəmlər KİV və EİV üzərində aparılmış monitorinq nəticəsində ortaya çıxıb.