Sui-qəsdçilərin məhkəməsi başladı
 |
Mərhum prezidentin təyyarəsini vurmaq istəyi və digər epizodların təfsilatı
Şənbə, 09.01.2010
|
|
Prezidentə qəsd hazırlayanların məhkəməsi başladı. Hacı Məmmədovun dövlət çevrilişinə cəhddə də ittiham olunan silahdaşı mərhum prezident Heydər Əliyevin təyyarəsini vurmaq istəyirmiş. Ağır cinayətlərdə ittiham olunan Abşeron rayon Polis Şöbəsinin sabiq rəisi Məmmədəli Əliyevin cinayət işinə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baxılmağa başlayıb. Məmmədəli Əliyev CM-nin 2000-ci ilə kimi qüvvədə olmuş qəsdən adam öldürmə, CM-nin hazırda qüvvədə olan 28, 277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etməyə (terror aktı) hazırlıq görmə), 232.2.1-ci (odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə təqsirləndirilir.
Hacı Məmmədov keçmiş rəisini niyə satıb?
Məmmədəli Əliyev ağır cinayətlərdə ittiham olunaraq, məhkəmənin hökmü ilə ömürlük azadlıqdan məhrum edilmiş DİN Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyatçısı Hacı Məmmədovun ifadəsi əsasında həbs edilib.
1993-cü il mayın 10-da Samur-Abşeron kanalının Xızı rayonunun Sitalçay kəndi ərazisindəki su nasosu stansiyasında sudan şəxsiyyəti məlum olmayan kişi meyiti tapılmışdır. Naməlum meyitin 1952-ci ildə Gürcüstanın Bolnisi rayonunun Arıxlı kəndində doğulmuş, Bakı şəhərində yaşayan Piriyev Cavanşir Qurban oğlu olduğu və sonuncunun 1993-cü il aprelin 13-də saat 14:00 radələrində idarə etdiyi "QAZ-2410" markalı avtomaşında evdən çıxıb getdiyi və o vaxtdan itkin düşdüyü müəyyən edilmişdir.
Faktla bağlı zəruri istintaq-əməliyyat tədbirlərinin yerinə yetirilməsinə baxmayaraq, Cavanşir Piriyevi qətlə yetirən şəxsləri və avtomaşının yerini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən 1994-cü il mayın 30-da cinayət işinin istintaqı dayandırılmışdır.
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən "Qara kəmər" şərti adı altında həyata keçirilmiş əməliyyat nəticəsində zərərsizləşdirilmiş Hacı Məmmədovun qəsdən adam öldürmə, adam oğurluğu, hədə-qorxu ilə tələb etmə, banditizm, cinayətkar birlik yaratma, qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə etmə, saxlama, eləcə də digər ağır və xüsusilə ağır cinayətlər törətməkdə təqsirli bilinərək məhkum olunması, eləcə də həmin cinayətləri törətmə üslubu Cavanşir Piriyevin öldürülməsində onun iştirakını ehtimal etməyə əsas vermişdir. Sadalanan həmin hallarla əlaqədar Cavanşir Piriyevin naməlum şəxslər tərəfindən öldürülməsi ilə bağlı cinayət işi üzrə icraat təzələnmiş və Xızı şəhər Prokurorluğunun icraatından götürülüb istintaqın davam etdirilməsi üçün MTN İstintaq Baş İdarəsinə göndərilib.
Müəyyən edilib ki, Cavanşir Piriyev 1995-ci ildən beynəlxalq axtarışda olan, əvvəllər Abşeron rayon Polis Şöbəsinin rəisi işləmiş Məmmədəli Əliyev tərəfindən qətlə yetirilib. Məmmədəli Əliyevin törətdiyi bu cinayət faktı müəyyən edildikdən dərhal sonra onun tezliklə tutulması üçün bütün hallar, ehtimal və mülahizələr intensiv surətdə və diqqətlə təhlil olunub. İstintaq-əməliyyat tədbirləri ilə Məmmədəli Əliyevin gizləndiyi yer müəyyənləşdirilib və 2008-ci il oktyabrın 28-də o, Bakı şəhəri, Sabunçu rayonu Nardaran bağ massivindəki bağ evində yaxalanıb.
Sabiq rəis MTN-dən qaçanlara nə köməklik göstərib?
İstintaqın gedişi zamanı Məmmədəli Əliyevin 1994-1996-cı illərdə Azərbaycanda baş verən dövlət çevrilişi cinayətləri də araşdırılıb. İstintaq materiallarına görə, Məmmədəli Əliyev Hacımurad Sadəddinov və MTN istintaq təcridxanasının növbə üzrə köməkçisi Faiq Azadxan oğlu Mirzəyev ilə cinayət əlaqəsinə girərək, 1994-cü il sentyabrın 21-dən 22-nə keçən gecə təcridxanadan qaçmış Rəhim Qazıyev, Əlikram Hümbətov, Baba Nəzərli və Arif Paşayevi Yasamal rayonunun 522-ci məhəlləsində qarşılayıb, həmin şəxslərin Xırdalan qəsəbəsində gizlənmələrinə yardım edib.
Heydər Əliyevə sui-qəsd planı
Bundan başqa, müəyyən edilib ki, Məmmədəli Əliyev 1994-1995-ci illərdə hakimiyyəti ələ keçirmək məqsədilə planlaşdırılmış sui-qəsdlərin qarşısı alındıqdan sonra cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə xarici dövlətlərdən birinin ərazisində gizlənib. Ayaz Mütəllibov, Şahin Musayev, Rəhim Qazıyev, Elçin Əmiraslanov və başqa şəxslərlə əvvəlcədən danışaraq, cinayət əlaqəsinə girib. Məmmədəli Əliyev 1996-cı ildə adıçəkilən şəxslərlə birlikdə prezidenti öldürüb, hakimiyyəti ələ keçirmək üçün terror aktı planlarının hazırlanmasında iştirak edib.
Bu məqsədlə 1996-cı ilin əvvəllərində dəstə üzvləri Moskva şəhərində terror aktlarının planını işləyib hazırlayıblar. Məmmədəli Əliyev isə həmin planların həyata keçirilməsi üçün silahlı birləşmələr yaradaraq, Dağıstana gəlib və ətrafına DİN Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) narazı əməkdaşlarını, fiziki cəhətdən hazırlıqlı və döyüş təcrübəsi olan şəxsləri toplayıb. Daha sonra Elçin Əmiraslanovun rəhbərliyi altında həmin silahlı dəstə üzvləri Arif Nazir oğlu Kazımov, Səfa Alim oğlu Poladov, Natiq Baxış oğlu Əhmədov, Ramazan Teyyub oğlu Əhmədov və digər şəxslərdən ibarət qrupla Balakən rayonu ərazisinə keçiblər. Onlar sərhəddən qaçaqmalçılıq yolu ilə külli miqdarda odlu silah, döyüş sursatı və partlayıcı maddələr gətiriblər.
Prezident sarayına silahlı basqın cəhdi
Daha sonra, dekabr ayının əvvəllərində Elçin Əmiraslanov, Arif Kazımov, Səfa Poladov, Namiq Eyyubov və digər şəxslər eyni vaxtda Prezident sarayına və digər vacib dövlət orqanlarına basqın edərək, prezidenti (ittiham aktında prezidentin adı göstərilməyib.
Amma həmin vaxt dövlət başçısı Heydər Əliyev olub) fiziki cəhətdən məhv etmək və hakimiyyəti ələ keçirmək planını gerçəkləşdirmək üçün Bakıya gəlib. Lakin həmin vaxt planları baş tutmayıb.
Hərbi hissədən silah oğurluğu? Cinayət işinin materiallarından görünür ki, Məmmədəli Əliyev 1995-ci il mayın ortalarında müdafiə nazirinin müavinləri - Şahin Xeyrəddin oğlu Musayev və Vahid Abdulla oğlu Musayev, MN Hərbi Ticarət İdarəsinin rəisi Hacımurad Söhrab oğlu Sadəddinov, ləğv edilmiş XTPD-nin sabiq əməkdaşı Faiq Eynulla oğlu Baxışəliyev və digər şəxslərlə cinayət əlaqəsinə girərək, 1996-cı il mayın 26-dan 27-nə keçən gecə Azərbaycan Milli Ordusunun "N" saylı hərbi hissəsindən hər birinin dəyəri 12 min dollar olmaqla 24 min dollar dəyərində 2 ədəd zenit raketləri, 14 min dollar dəyərində zenit raketlərinin atıcı qurğusunun oğurlanmasını təşkil ediblər. Həmin silahları Məmmədəli Əliyev Bakının Abşeron rayonunda yerləşən bağ evində saxlayıb.
Prezident təyyarəsinin vurulması nə səbəbdən baş tutmayıb?
Məmmədəli Əliyevə verilmiş ittihamlardan biri də prezident təyyarəsinin vurulmasına cəhdin təşkilidir.
İstintaq materiallarına görə, dəstə üzvləri müzakirələrdən sonra prezidentin xarici səfərdən qayıdan zaman təyyarəsinin vurulmasını həyata keçirmək istəyiblər. Lakin həmin gün hava şəraitinin pis olması üzündən plan həyata keçməyib.
Sabiq polis rəisi ittihamlarla qismən razılaşıb
Cinayət işi üzrə ifadə verən Məmmədəli Əliyev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində Rəhim Qazıyev, Əlikram Hümbətov, Baba Nəzərli və Arif Paşayevi Məhəmmədli kəndində gizlətməyinə dair ittihamlarla razı olduğunu bildirib. Amma 1996-cı ildə respublika prezidentinin həyatına qəsd etmək planlarının işlənib hazırlanmasında, dövlət çevrilişi etmək üçün terrorçu qruplar yaradılmasında iştirakına dair ittihamları qəbul etməyib...
"Rəhim Qazıyevin öldürülməsi tapşırığı verilmişdi" O, ifadəsində daha sonra qeyd edib ki, 1992-ci ildə Abşeron rayon Polis Şöbəsinin rəisi vəzifəsindən çıxdıqdan sonra siyasi fəaliyyətlə məşğul olub və Nardaran qəsəbəsində bağ evində yaşayıb. Onun ifadəsinə görə, 1994-cü il sentyabrın 18-də bağ qonşusu, Müdafiə Nazirliyindən işdən çıxarılmış Hacımurad Sadəddinov ona MTN-in istintaq təcridxanasında saxlanılan Rəhim Qazıyevi öldürmək istəyiblər: "Hacımurad dedi ki, MTN-də işləyən bir nəfər nəzarətçi ona danışıb ki, Rəhim Qazıyevi və digərlərini öldürmək barədə göstəriş verilib. Amma həmin nəzarətçi təklif edib ki, onların qaçırılmasını təşkil etsinlər. Hacımurad Sadəddinov məndən soruşdu ki, bu işdə onlara hansı köməkliyi edə bilər? Bundan sonra razılaşdıq ki, sentyabrın 21-dən 22-nə keçən gecə MTN istintaq təcridxanasından qaçırılan Rəhim Qazıyev və digərlərini Politexnik Universitetinin yaxınlığında yerləşən "Ceyran" kafesinin qarşısında Rəhim Qazıyevin qardaşı Rahab Qazıyevlə birlikdə gözləyəcəm. Bundan sonra gözlədiklərimiz yerdə MTN əməkdaşı Faiq Mirzəyev idarə etdiyi "QAZ-31" markalı avtomaşınla qaçıraraq, gətirdiyi Rəhim Qazıyevi, Əlikram Hümbətovu, Arif Paşayevi və Baba Nəzərlini qarşıladıq. Bu şəxsləri həmin hadisələrlə əlaqədar məhkum olunmuş, hazırda vəfat etmiş İbad Adıgözəlovun evinə apardım. Əlikram Hümbətovu isə bir gün sonra yük maşını ilə Lənkərana yola saldım".
"Rəhim Qazıyev və Surət Hüseynovun yük maşını ilə ölkədən çıxmalarına yardım etmişəm"
Məmmədəli Əliyev daha sonra ifadəsində qeyd edib ki, Əmək Partiyasının rəhbəri Ayaz Mütəllibov və digər şəxslərlə mütəmadi əlaqə saxlayıb və dövlət çevrilişinə cəhd etmiş sabiq baş nazir Surət Hüseynovla da görüşüb: "Mən Surət Hüseynovun, Rəhim Qazıyevin və digərlərinin ölkədən çıxmalarına kömək etmişəm. Rəhim Qazıyev və Surət Hüseynovun yük maşını ilə ölkədən çıxmalarına yardım etmişəm". Məmmədəli Əliyev etiraf edib ki, Rəhim Qazıyev, Baba Nəzərli və Surət Hüseynovun respublikadan getmələrini təşkil etməklə yanaşı, onlardan əvvəl təyyarə ilə Moskvaya gedib və onları Moskvada qarşılayaraq, lazımi yerlərdə yerləşdirib. O, dövlət çevrilişi planları hazırlanmasında iştirak etmədiyini, prezidentin təyyarəsini vurmaq üçün fəaliyyət göstərdiyini inkar edib. Məmmədəli Əliyev ifadəsində 1995-ci il mart hadisələrindən sonra axtarıldığını və həbs ediləcəyini başa düşərək, Moskvaya getdiyini etiraf edib.
Məmmədəli Əliyev ifadəsində müdafiə nazirinin sabiq müavinləri Şahin Musayev və Vahid Musayev, Hacımurad Sadəddinov, Hüseynbala Hüseynov və digər şəxslərlə mütəmadi görüşməsinin səbəbini izah edib. O deyib ki, Azərbaycanda dövlət çevrilişi etmək planları hazırlayan həmin şəxslərlə, Rəhim Qazıyevlə bağlı olub. Onun sözlərinə görə, sabiq nazir müavinlərinə Rəhim Qazıyevin ələ verilməsini istəmədiyini deyib.
"Heydər Əliyevə sui-qəsd hazırlanmasını televiziyadan eşitmişəm"
Lakin Məmmədəli Əliyevin özü də etiraf edib ki, Rəhim Qazıyev, Baba Nəzərli və Surət Hüseynovun respublikadan qaçırılmalarını, Moskvada gizlənmələrinə şəriat yaratmaqda yaxından köməklik edib. O, mərhum prezident Heydər Əliyevin olduğu təyyarənin raketlə vurulmasının təşkilinə inkar edərək, həmin hadisəni televiziyadan eşitdiyini bildirib.
Məmmədəli Əliyev ifadəsində Heydər Əliyevin olduğu təyyarəni raketlə vurmağa cəhddə təqsirləndirilən Hüseynbala Hüseynov və Hacımurad Sadəddinovla birlikdə respublikadan getməsini izah edə bilməyib.
Prezidentin həyatına sui-qəsd ittihamlarını rədd edən Məmmədəli Əliyev 1995-1996-cı illərdə Rusiyanın Moskva və digər şəhərlərində, o cümlədən Dağıstanın Mahaçqala şəhərində yaşamasını, bu müddətdə hakimiyyətə müxalif şəxslərlə dəfələrlə görüşməsini və hətta onlarla bir yerdə yaşamasını etiraf edib. O, ifadəsində deyib ki, 1996-cı ildə Mahaçqalaya tək gedib: "Orada məni "Alyaska" kafesinin müdiri, milliyyətcə avar olan Safin adlı şəxs qarşıladı. Həmin şəxs məni Elçin Əmiraslanovun yanına apardı. Amma həmin görüşdən sonra Elçin Əmiraslanov və digərləri ilə əlaqə saxlamamışam".
"Dövlət çevrilişinin hazırlanması üçün Rəhim Qazıyev Moskvadan 100 min ABŞ dolları göndərdi" Məmmədəli Əliyevin ifadəsinə görə, görüş zamanı Elçin Əmiraslanov onlara qoşulmamasından narazılıq edib: "Mən də onların dəstəsinə qoşulmamağımı ağsaqqal olmağımla izah etdim. Dedim ki, sizə qoşulmağı Ayaz Mütəllibov məsləhət görmür. Ona görə də mən sizinlə yaxınlıq etmirəm".
Təqsirləndirilən şəxs daha sonra ifadəsində sabiq müdafiə naziri Rəhim Qazıyevin Azərbaycan prezidentinin həyatına sui-qəsd etmək, dövlət çevrilişinin həyata keçirilməsinə və MTN-dən qaçmalarına görə, 300 min ABŞ dolları xərcləməsini deyib: "Hacımurad Sadəddinovun Rəhim Qazıyevin omlara Mahaçqalaya getməzdən əvvəl 200 min ABŞ dolları verməsini bildirdi. Rəhim Qazıyev Moskvada olduğu zaman dövlət çevrilişinin hazırlanmasına görə daha 100 min ABŞ dollarını müdafiə nazirinin sabiq müavini Şahin Musayevlə göndərmişdi".
Məhkəmə davam edir.
|
|
|
Oxşar xəbərlər:
Moskvada Qarabağ danışıqları: ilkin razılaşma yaxındır?
|
|
|