çap et  
Çinli öz soydaşını oğurlayaraq pul tələb edib
Bakı polisi isə girovu azad etməyə müvəffəq olub
Şənbə, 09.01.2010

S.Abbas

Daxili işlər və milli təhlükəsizlik nazirliklərinin birgə əməliyyat qrupu bu il yanvarın 5-də girov götürülmüş Çin vətəndaşı Zhanq Venlini azad edib. "Turan"ın məlumatına görə, bu barədə DİN mətbuat xidmətinin məlumatında deyilir.

Xəbərdə bildirilir ki, bu il yanvarın 5-də Zhanq Venlin Bakının 8-ci Kilometr qəsəbəsində özünə məxsus "Opel Astra" avtomaşını ilə birgə oğurlanıb və azadlığa buraxılması üçün 300 min dollar tələb olunub.

Z.Venlini girov götürənlər onun həyat yoldaşına zəng edərək bildirib ki, polisə xəbər veriləcəyi və pulun ödənilməyəcəyi təqdirdə o öldürüləcək. Bununla kifayətlənməyən oğrular girovun bir barmağını kəsərək, onun yaşadığı evin həyətinə atıblar.

Həmin gün həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Zhanq Venlin girovluqdan azad edilib və cinayəti törətməkdə təqsirli bilinən Çin vətəndaşları Li Cien Vei, Zenqo Van, Vanq Liyonq, Vanq Konqyonq və Zinq Laxu saxlanılıb. Onların yaşadığı evdən istifadə olunmuş maskalar, bıçaqlar, balta, dəmir dəyənəklər, yapışqanlı lent, mobil telefonlar götürülüb.

Faktla bağlı DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən CM-nin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Bu fakt Azərbaycanda nadir hadisədir. Ölkənin müstəqillik tarixində xarici vətəndaşların bir-birini oğurlayaraq, yüksək məbləğdə pul tələb etməsi faktı, demək olar, qeydə alınmayıb.