çap et  
Böhrana rəğmən qiymətli kağızlar bazarı cəlbedicidir
Böhrana rəğmən qiymətli kağızlar bazarı cəlbedicidir
Çəkindirici elementlər insanların bazara olan inamını azaldır
Şənbə, 09.01.2010

Aynurə

Ölkə qiymətli kağızlar bazarında inkişaf dinamikası zəifdir. Bu sahədə fəaliyyət göstərən azsaylı ekspertlər bunun əsasən aidiyyəti dövlət qurumunun təşəbbüskar olmaması ilə əlaqələndirirlər. Amma təbii ki, səhmdarların da hüquqlarının keşiyində dayanması vacib amildir. "www.sehm.az" saytının rəhbəri, ekspert Hafiz Babalının fikrincə, hüquqların müdafiəsi ilə bağlı təşəbbüslər ilk növbədə hüquqları pozulan şəxslərdən gəlməlidir:

"Təəssüf ki, səhmdarlar və investorlar öz şəxsi maraqlarını hər şeydən üstün tuturlar. Doğrudur, şəxsi maraq, mənafe qorunmalıdır. Amma bu gün birinə dəyən zərbə sabah o birinə dəyəcək. Digər tərəfdən, investorlar ya hüquqlarını yaxşı bilmir, ya da onu müdafiə etməkdən çəkinirlər. Problemlərin çoxluğuna baxmayaraq, onların çoxu susmağa üstünlük verir. Bu, həm bazarın mövcud durumu, həm də dövlət orqanlarının təşəbbüskar olmaması ilə bağlıdır. Müvafiq dövlət qurumları geniş maarifləndirmə işi aparmalıdır ki, insanlar öz hüquqlarını bilsinlər, müdafiə etsinlər. Məhz onlar hüquq pozuntularının qarşısını almaq üçün təkanverici mərkəz olmalıdır. Problemləri deməkdən çəkinmək lazım deyil, axı əks halda, onlar daha da dərinləşir və genişlənir. Bilirsiniz, ölkəmizdə xeyli sayda səhmdar cəmiyyətlər ləğv olunur. Əksər hallarda da qanunsuz şəkildə və səhmdarların hüquqlarının kütləvi şəkildə pozulması ilə. Təsəvvür edin ki, səhmdarların əmlak payı belə ödənilmir. Belə faktlar yüzlərlədir".

Müsahibim deyir ki, bu neqativ amillər bazara çıxışın əhəmiyyətini, qiymətli kağızlar bazarının inkişafına inamı azaldır. Bu səbəbdən vəsaiti olan investorlar onu qiymətli kağızlar bazarında yerləşdirmirlər. Halbuki böhrana rəğmən qiymətli kağızlar bazarı cəlbedicidir. Lakin çəkindirici elementlər bazara olan inamı və insanların təşkilatlanmaq resurslarını azaldır.

QHT-lərin bu sahəyə maraq göstərmədiyinə gəldikdə, ekspert bildirdi ki, onların fəaliyyətsizliyi fikri ilə tamamilə razıdır. Onun qənaətincə, bu sahədəki çətinliklər, boşluqlar insan hüquqlarını müdafiə təşkilatlarını maraqlandırmalıdır. Çünki hər halda, investorların hüquqlarının pozulması da insan hüquqlarının pozulması deməkdir:

"Reklam üçün demirəm, amma reallıq odur ki, bu gün fəaliyyət göstərən "www.səhm.az" bazardakı dinamikanı daha diqqətlə izləyir. Biz qiymətli kağızlar bazarına aid dövlət qurumlarının addımlarını beynəlxalq təcrübə baxımından qiymətləndiririk. Həmçinin səhmdarların hüquqlarının müdafiəsi ilə bağlı məhkəmə proseslərinin işıqlandırılmasına yer veririk, ən çox istifadə olunan bölmələrdən biri ümumi yığıncaqların çağırılması barədə elanlardır".

Söhbət əsnasında öyrəndik ki, sayt qurucularının qanunvericilik bazasının təkmilləşdirilməsi üçün təşəbbüsləri də olur. Bununla da qiymətli kağızlar bazarına daxil olmaq istəyən şəxslərə bir istiqamət verməyə çalışılır:

"Lakin resursların məhdudluğu öz sözünü deyir. Gələn il qanunvericiliyin tanıdılması, ekspertizası və vətəndaşların məlumatlandırılması üçün layihə gerçəkləşdirəcəyik ki, qiymətli kağızlar bazarı bu yolla inkişaf etsin və insanların hüquqlarının qorunması baxımından ictimai vəkillik institutunun formallaşdırılması üçün addım ataq".