Hal-hazırda Ayna qəzetinin 09.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 09.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
İqtisadçı Qubad İbadoğlu: "Bu asılılıq gələcəyə nikbin baxmağa imkan vermir"
İqtisadçı Qubad İbadoğlu: "Bu asılılıq gələcəyə nikbin baxmağa imkan vermir"
Söhbət ölkə iqtisadiyyatının neftin bazar qiymətindən asılı qalmasından gedir
Şənbə, 09.01.2010

A.Əhmədova mətn ölçüsü  

İqtisadiyyatımız üçün sınaq ili olan 2009 eyni zamanda onu idarəedənlər üçün həm də xəbərdarlıq ili kimi yadda qaldı. Yola saldığımız ildə qlobal maliyyə böhranının və eləcə də dünya əmtəə bazarlarında baş verən qiymət dəyişikliklərinin təsiri ilə Azərbaycan iqtisadiyyatında bir sıra istiqamətlər üzrə tənəzzül meylləri, əmtəə və maliyyə bazarında qeyri-sabitlik müşahidə olundu.

İqtisadi Tədqiqatlar Mərkəzi idarə heyətinin sədri Qubad İbadoğlu deyir ki, bu meyllər neftin dünya bazar qiymətinin əsasən ilin birinci yarısında ucuzlaşması səbəbindən ixracatın 4 dəfə azalması, ÜDM nominal həcminin 4 mlrd. manata qədər aşağı düşməsi, tədiyyə balansının cari hesabının profisitinin 2 dəfə azalması, habelə bank sisteminə xarici kredit axınlarının kəskin məhdudlaşması ilə müşayiət edildi.

Bundan başqa, iqtisadiyyatda məcmu tələbin maliyyələşmə mənbələrinin daralması, əsas kapitala investisiya qoyuluşunun aşağı düşməsi, əhalinin nominal pul gəlirlərinin azalması vasitəsilə özünü göstərdi. İlin birinci yarısında ölkədə makroiqtisadi durum əvvəlki və sonrakı dövrlərlə müqayisədə daha da ağırlaşdı, ilk yarımillikdə neft-kimya, metallurgiya, neft emalı, mebel istehsalı və sair sahələrdə tənəzzül daha da dərinləşdi və son nəticədə iqtisadiyyat biznesin qarşılaşdığı çətinliklər ucbatından hər ay on minlərlə iş yeri itirdi.

Kim daha çox zərər gördü

Ötən ilin iqtisadi mənzərəsini şərh edən iqtisadçı alimin dediklərinə görə, ilin ikinci yarısından etibarən dünya maliyyə bazarlarında müşahidə olunan işgüzarlıq, qlobal iqtisadi aktivlik indeksinin yüksəlməsi, neftin dünya bazar qiymətinin bahalaşması fonunda pozitiv meyllər müşahidə olundu. Ancaq qeyri-neft sektoru bu dəyişikliklərdən hələ də müsbət impuls ala bilməyib və son nəticədə ilin ilk 9 ayında qeyri-neft ÜDM-nin artma tempi ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz bəndindən çox azalıb.

Qubad İbadoğlunun qənaətincə, 2009-da təsdiqləndi ki, milli iqtisadiyyatda durumun yaxşılaşması neftin dünya bazar qiymətindən əhəmiyyətli dərəcədə asılı vəziyyətdədir. Qlobal maliyyə sisteminin bərpasından sonra məcmu tələbin stimullaşdırılmasına yönəldilən təşəbbüslər əmtəə bazarlarında qiymət artımını şərtləndirsə də, bir resursdan asılılıq gələcəyə nikbin baxmağa imkan vermir.

Məlumdur ki, 2009-da qlobal maliyyə böhranının təsirindən ən çox əziyyət çəkən sektor bank və maliyyə sektoru oldu. Xüsusilə ağır şəraitdə və çətin makroiqtisadı mühitdə işləyən bank sistemi Mərkəzi Bankın antiböhran tədbirləri sayəsində ili ümumilikdə müsbət maliyyə nəticələri ilə başa vursa da, bütövlükdə problemlərini həll edə bilməyib. Belə ki, Mərkəzi Bankın köməyi ilə 2009-da 1,6 milyard dollarlıq xarici bank öhdəliklərini yerinə yetirən, xüsusi vəsait mənbələrinin məhdudluğu şəraitində işləyən və xüsusilə də ilin əvvəlində əmanətlərin sürətlə geri çəkilməsi və kredit qoyuluşları riskinin artma problemləri ilə qarşılaşan bank sistemi qlobal maliyyə böhranının təsirindən "aldığı zərbə"dən nokauta düşməsə də, ciddi xəsarət alıb.

Kreditə çıxış imkanları məhdud olaraq qalır

Qubad İbadoğlu: "Odur ki, qısa və orta müddətli dövrdə bank sisteminin dayanıqlı fəaliyyətini təmin etmək üçün əlavə ehtiyatların yaradılması, kapitallaşma və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi bu sektorda böhrandan sonrakı dövrdə həlli vacib olan əsas vəzifələrdən biri olmalıdır. Əks təqdirdə, biznes strukturları və ev təsərrüfatları növbəti il ərzində fasiləsiz ödəniş sisteminin təmini sahəsində problemlərlə üzləşə bilər".

Qubad İbadoğlu deyir ki, son dövrlər bəzi pozitiv meyllərə baxmayaraq, Azərbaycanda biznesin və ev təsərrüfatlarının kreditə çıxış imkanları hələ də məhdud olaraq qalır. Bank və kredit təşkilatları əlavə itkilər təhlükəsindən sığortalanmaq və kredit risklərini idarə etmək üçün hələ də kredit ayırmalarını sərtləşdirməkdə və onun faizlərini yuxarı saxlamaqda maraqlıdırlar. Bu səbəbdən xüsusilə də qeyri-ticari sektorda işgüzar fəallıq və məcmu tələbin stimullaşması prosesi ləngiməkdədir. Belə ki, 2009-cu ilin 9 ayının yekunlarına görə, istehsala yönələn kreditlər artsa da, ticarət və xidmət sektorunda kredit qoyuluşu 13,9, nəqliyyat və rabitədə 29, inşaat və əmlakda isə 4 faiz aşağı düşüb. Ev təsərrüfatlarının kredit portfelinin 77 faizini istehlaka, 8 faizini sahibkarlığa, 10 faizini isə daşınmaz əmlaka qoyuluşlar təşkil edib.

İqtisadçı ekspert "2009-cu ilin ən "dişsiz" qərarını uçot dərəcəsinin 2 faizədək endirilməsini hesab edir. Onun dediklərinə görə, bütün bunlara baxmayaraq, ötən dövr ərzində ölkədə kredit faizləri yüksəlməkdə davam edib. Belə ki, hazırda manatla kredit qoyuluşunun orta faiz dərəcəsi 14,63, xarici valyuta ilə 16,35 faiz təşkil edir. Lakin bu heç də kreditlər üzrə son ödəniş səviyyəsini xarakterizə etmir, çünki bu faiz dərəcələri əlavə xərclər və qeyri-rəsmi ödənişlər hesabına real olaraq 2 dəfəyədək artıb.

"Ağıllı qərarlar"

Keçən il Mərkəzi Bank "ağıllı qərarlar"a da imza atıb. Qubad İbadoğluya görə, bank hələ ötən ilin sonunda "Banklarda kreditlərin verilməsi qaydaları"na dəyişikliklər etməklə borcalanın maliyyə vəziyyətinin və onun krediti qaytarma qabiliyyətinin qiymətləndirilməsinə, həmçinin borcalanın fəaliyyətinə daimi monitorinqə və bütövlükdə kredit portfelinin keyfiyyətinə nəzarət olunmasına dair tələbləri genişləndirib. Bundan başqa, bankların kapitalizasiyaya yönəldiləcək mənfəətinin mənfəət vergisindən azad olunmasına nail olub. Bu isə bankların kredit portfelinin idarə edilməsi sahəsində riskin azaldılması və kapitallaşma səviyyəsinin stimullaşdırılması üçün vacib idi.

Bəllidir ki, "2009-cu ilin təhlükəsizlik yastığı" funksiyasını Azərbaycan Dövlət Neft Fondu ilə Mərkəzi Bank birlikdə yerinə yetirdi. Fondun transferti hesabına dövlət büdcəsi, dövlət büdcəsinin transferti hesabına Sosial Müdafiə Fondu, Mərkəzi Bankın kreditləri hesabına isə Azərbaycan Beynəlxalq Bankı və Dövlət Neft Şirkəti böhranlı vəziyyətdən çıxaraq öhdəliklərini yerinə yetirə bildilər. "2009-cu ilin ən böyük borc alanları" Azərbaycan Dövlət Neft Şirkəti və Beynəlxalq Bank oldu. Mərkəzi Bank xarici banklar qarşısında öhdəlikərini yerinə yetirmək şərtilə Neft Şirkətinə 750 milyon manat, Beynəlxalq Banka isə 450 milyon manat vəsait ayırıb.

İqtisadçının söylədiklərindən öyrəndik ki, "2009-cu ilin ən böyük tənəzzülü" ixracatda qeydə alınıb. Belə ki, ilin ötən 9 ayı ərzində ölkənin xarici ticarət balansı müsbət saldoya malik olsa da, ötən ilin eyni dövrü ilə müqayisədə ixracat 4 dəfə aşağı düşüb.

"İlin yalanı"

Q.İbadoğlunun fikrincə, "2009-cu ilin yalanı" inflyasiya ilə bağlı oldu. Belə ki, ilin birinci yarısında milli valyuta məzənnəsinin möhkəmlənməsi, idxal mallarının qiymətinin aşağı düşməsi, tərəfdaş ölkələrdə inflyasiya səviyyəsinin azalması, ilin ikinci yarısından etibarən alıcılıq qabiliyyətinin kəskin aşağı düşməsi Azərbaycanda davamlı defilyasiya proseslərinə gətirib çıxarmışdı. İqtisadi Tədqiqatlar Mərkəzinin alternativ hesablamalarına görə, ölkədə inflyasiya qeydə alınmamış, yola saldığımız il üçün defilyasiya hakim rol oynayıb: "Buna baxmayaraq, Dövlət Statistika Komitəsi yenə də həmişəki kimi qiymət statistikasında manipulyasiyasını davam etdirdi, real olmayan inflyasiya həddi barədə məlumatlar yaydı".

"2009-cu ilin tez xərclənən pulları" ünvanlı sosial yardımın ayrılmasında və ipoteka kreditərinin verilməsində özünü göstərdi. İlin son rübündə ünvanlı sosial yardımın kəsilməsi, ipoteka kreditlərinin isə dayandırılması bu iki vacib siyasətin fasiləsiz təminatında fasilələr və hər iki sistemin təkmilləşdirməyə ehtiyacının çox olmasına əsaslar yaratdı.

"Nəhayət, ilin son günlərində prezident sərəncamı ilə əhalinin 327 milyon manatlıq qazpulu borcunun ləğv olunması sadə vətəndaşlar üçün ilk baxışda "İlin sevinc gətirən qərarı" adına iddia edə bilər. Lakin nəzərə alanda ki, əhalinin adına yazılan 327 milyon manatlıq qazpulu borcunun əvəzində 2009-cu ilin onsuz da kasıb olan dövlət büdcəsindən Dövlət Neft Şirkətinə elə həmin məbləğdə təzminat ödənilir, aydın olar ki, reallıqda bu, belə deyil. Çünki dövlət büdcəsindən Neft Şirkətinə verilən həmin vəsaitlər sadə vətəndaşlara çatası olan, lakin çatmayacaq pullardır. İlin əvvəlində vəd olunan pensiya, əməkhaqqı artımlarına, ünvanlı sosial yardıma ayrılan pullar... Buna görə də bu sərəncamı elə Neft Şirkəti üçün "İlin sevinc gətirən qərarları"ndan biri hesab etsək, daha yaxşıdır...", - deyə Q.İbadoğlu vurğuladı.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Cansun "flaqman"ı tərk etdi

İstirahət mərkəzləri azdır

Foqts daha 3 futbolçunu çağırdı

"Neftçi" özünə qapıçı tapdı

Suvarma suyunun tarifləri necə olsun?

Bölmənin digər xəbərləri
 
Böhrana rəğmən qiymətli kağızlar bazarı cəlbedicidir
Çəkindirici elementlər insanların bazara olan inamını azaldır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər