Bakının "İnter" klubunun və Azərbaycan yığmasının futbolçusu Mahir Şükürov karyerasını ölkə xaricində davam etdirəcək. 28 yaşlı yarımmüdafiəçi Rusiyanın "Anji" klubu ilə razılığa gəlib. Tərəflər arasında uzun müddət davam edən danışıqlar yekunlaşıb və futbolçu Mahaçqalanı təmsil edən klubda oynamağa razılıq verib. Futbolçu bu gün Türkiyəyə yola düşəcək və Antalyada təlim-məşq toplantısında olan "Anji"yə qoşulacaq. Futbolçu səfər ərəfəsində "azerisrort.com" saytına müsahibə verib və seçiminin səbəblərini açıqlayıb.
- "Anji" ilə nə vaxt müqavilə bağlayacaqsız?
- Antalyada klub rəhbərliyi ilə görüşüb bir neçə xırda detalları razılaşdırmalı və 2 illik müqavilə bağlamalıyam. Əlbəttə, başqa təkliflər də vardı, amma hesab elədim ki, ən yaxşı variant Mahaçqala klubunu seçməkdi.
- Nə səbəbə məhz Mahaçqala klubuna üstünlük verdiniz?
- Ona görə ki, Mahaçqala Bakıdan o qədər də uzaq deyil, tez-tez evə baş çəkməyə imkan olacaq.
- Necə oldu ki, Dağıstan klubunun rəhbərliyi sənə maraq göstərdi?
- Rusiyaya qarşı oyundan sonra bir neçə klubun rəhbərliyi mənim agentimlə əlaqə saxladılar.
- Rusiya klublarından başqa daha hansı klublardan təklif almışdız?
- Məni Almaniyanın ikinci divizionunda çıxış edən klublar da öz heyətində görmək istəyirdi. Amma Almaniya klubları ilə danışıqlar uzandı, həm də "Anji" ilə tez dil tapdıq. Mən "Anji"nin düşərgəsinə baxışa yox, müqavilə imzalamağa gedirəm.
- Bəs maddi şərtlər sizi qane edirmi?
- Sözsüz, əcnəbi klubların maddi imkanları Azərbaycan klublarından yüksəkdir. Konkret məbləği deyə bilməyəcəyəm, amma "Anji" mənə istənilən yerli klubun verdiyi məvacibdən qat-qat artıq əməkhaqqı təklif edir.
- Ancaq əsas məsələ heyətə düşməkdir...
- "Anji"də əsas heyətə düşmək üçün səylə çalışacam. Rusiya Premyer Liqasının oyunlarının başlanmasına hələ iki ay var. Bu müddətdə gərək əsas heyətə düşməyə layiq olduğumu sübut edim. "Anji" yüksək liqaya vəsiqə qazanıb. Hamı komandadan yeni uğurlar gözləyir. Komandanın güclü tamaşaçı dəstəyi var. Əlbəttə, belə bir komandada oynamaq ürəyimcədir.
|