Fevralın 13-14-də Sankt-Peterburq Teatr Mərkəzinin truppası Bakıya səfər edəcək. Teatr Mərkəzi S.Vurğun adına Rus Dram Teatrında "Qızılgül ləçəklərindən vanna" tamaşası ilə çıxış edəcək. Bu barədə teatrın direktor müavini İlham Məmmədov məlumat verib. İki pərdəli tamaşa səmimi məhəbbət haqqındadır. Buna görə də onun "Sevgililər - Müqəddəs Valentin" gününə həsr olunması qərara alınıb. İspan musiqisinin səsləndiyi tamaşada teatrsevərləri parlaq və emosional flamenko rəqsləri, intriqa, sevgi, ümidsizlik və gözlənilməz xoşbəxt sonluq gözləyir. Tamaşanın rejissoru Rusiyanın xalq artisti A.Jitinkin, rəssam A.Şarov, müəllif V.Boçanov, plastika üzrə xoreoqraf Y.Vasilkovdur. Tamaşada rolları Rusiyanın məşhur aktyorları - əməkdar artist O.Kabo, xalq artisti A.Jarkov, B.Xvosnyanski, A.Zabelin, T.Bondarenko, A.Karelina ifa edirlər.
|