Üç milyon əhalisi siqaret çəkən bir ölkədə...
 |
Siqaretə yasaq gəlir
Şənbə, 09.01.2010
|
|
Tütün epidemiyası ictimai səhiyyənin ən ciddi təhlükələrindən biri sayılır. ÜST-nin məlumatına görə, dünyada tütündən istifadə səbəbindən hər il təxminən 5,4 milyon insan ölür. 2030-cu ilə qədər isə ölənlərin sayının 8 milyondan çox olacağı gözlənilir. Təəssüf ki, XX əsrdə tütün 100 milyon insanın ölümünə səbəb olub. XXI əsrdə isə tütündən 1 milyard insanın dünyasını dəyişəcəyi gözlənilir. Bu, çox təhlükəli rəqəmdir.
ÜST-nin məlumatına görə, tütün böyüklər arasında hər on nəfərdən birinin ölümünə səbəbkardır. Tütün ondan mütəmadi istifadə edənlərin, demək olar ki, yarısını öldürür.
Orta hesabla dünya əhalisinin 29 faizi siqaret çəkənlərdir. Acınacaqlı hal odur ki, qapalı şəraitdə tütün məhsullarının yanması nəticəsində yaranan ikincili tütünün zərərli təsirinə həm siqaret çəkənlər, həm də ondan istifadə etməyənlər məruz qalır. ÜST-nin hesablamaları göstərir ki, dünyada uşaqların yarısı tütünlə çirklənmiş hava ilə nəfəs alır. Beynəlxalq Əmək Təşkilatının məlumatları da göstərir ki, hər il ən azı 200 min insan iş yerində məruz qaldıqları tütün tüstüsünün təsiri nəticəsində həlak olur. İkincili tütünün təhlükəsiz səviyyəsi mövcud deyil.
"Azərbaycanda Tütünlə Mübarizə Strategiyasının hazırlanması layihəsi"nin koordinatoru Nurlan Əliyevin bildirdiyinə görə, Azərbaycanda 15-49 yaşlı kişilərin 49 faizi tütünçəkmə ilə məşğuldur. Aparılan sorğunun nəticələri göstərir ki, Bakıda 20-34 yaşlı kişilər "özünütəsdiq" üçün siqaret çəkir. Bəziləri dəb olduğu üçün, bəziləri isə dostlarının təsiri altına düşərək siqaret çəkməyə başlayır: "Bu vərdişi prestij hesab edənlər də var. Amma rəyi soruşulan qadınların 97, kişilərin isə 89 faizi siqaretin ziyanlı olduğundan xəbərdardır".
ÜST-nin Azərbaycan ofisinin qeyri-yoluxucu xəstəliklər və psixi sağlamlıq üzrə milli proqram mütəxəssisi Sevil Əsədovanın bildirdiyinə görə, tütün hər altı saniyədə bir insanın həyatına son qoyur:
Hər 6 saniyədə 1 insan həyatına - son
"Tütün iflic, ölümlə nəticələnə bilən ürəktutmalar üçün risk faktorudur. Tütün tüstüsundə 4000-dən çox kimyəvi maddə vardır.
Passiv siqaretçəkmə ciddi sağlamlıq problemlərinə səbəb olur, hətta qismən məruz qalma nəticəsində kliniki dərəcədə mühüm ürək-damar xəstəlikləri riski yaranır. Tüstüsüz mühitdə, onun tətbiq edilməsinin ilk bir neçə ayı ərzində belə ümumi əhali arasında ürəktutma halları azalır. Tamamilə tüstüsüz mühit tələb edən qanunvericilik zəruridir. Qanunvericilik sadə, aydın və hərtərəfli olmalıdır. O da müəyyən edilib ki, tüstüsüz mühit üçün qanunların tətbiqi biznesə zərər vermir".
Artıq qlobal miqyas alan bu problem təcili tədbirlərin zəruriliyini gündəmə gətirir. Məsələ Azərbaycanda da öz aktuallığını saxlayır. Beynəlxalq ekspertlərin rəyinə görə, bu problem yaxın gələcəkdə də aktuallığını saxlayacaq. Amma tütündən baş verən xəstəliklər və ölüm epidemiyasını dayandırmaq mümkündür.
SN İctimai Səhiyyə və İslahatlar Mərkəzindən Ceyhun Məmmədovun sözlərinə görə, 2003-cu ildə 150 tərəfin iştirakı ilə qəbul edilmiş ÜST-nin Çərçivə Konvensiyası tütün epidemiyasına qarşı qlobal mübarizədə atılan ilk addımdır. Bu konvensiya tütün məmulatlarının istehsalını, satışını və istifadəsini tənzimləyən ilk beynəlxalq razılaşmadır. Razılaşma ictimai yerlərdə siqaret çəkməyi və tütün məmulatlarının reklamını qadağan edir: "Bu istiqamətdə görülən işlər təkcə səhiyyənin yox, digər qurumların da üzərinə düşür. Tütün epidemiyası ilə mübarizə səylərinin gücləndirilməsini və bu sahədə ölkədə olan bütün aidiyyəti qurumların birgə fəaliyyətini tələb edir".
Dünya sərt tədbirlərə keçir
SN əməkdaşı Tahir Hacıyev söyləyir ki, son illər Avropa ölkələrində tütünçəkməyə qarşı rəsmi səviyyədə sərt tədbirlər görülür. Bu tədbirlər əhalinin passiv siqaretçəkmədən xilas olunmasına yönəlib. Azərbaycanda da tütünçəkmənin məhdudlaşdırılması istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərə aludəçiliyin profilaktikası və s. məqsədlər daşıyır.
MM sosial siyasət daimi komitəsinin sədr müavini Musa Quliyev deyir ki, tütünlə bağlı məsələlər "Tütün və tütün məmulatı haqqında", "Reklam haqqında", "Televiziya və radio yayımı haqqında" qanunlarda, eləcə də inzibati xətalar, vergi məcəllələrində öz əksini tapıb. Amma tütünçəkmənin yaratdığı fəsadlar bu məcəllələrə yenidən baxılmasını tələb edir. Çünki mövcud cərimə sanksiyaları və vergitutmalar reallığı əks etdirmir.
Sədr müavini tütünlə bağlı yeni qanun layihəsinin hazırlanması və ya mövcud qanunun təkmilləşdirilməsi ilə bağlı səslənən fikirlərə də münasibət bildirib: "Tütün və tütün məmulatı haqqında" qanun tütünün inkişafına həsr olunub. Ona görə də bu qanunun təkmilləşdirilməsi tütünlə mübarizədə heç bir effekt verməyəcək. 12 maddədən ibarət "Siqaretçəkmənin məhdudlaşdırılması haqqında" qanun layihəsi isə hazırda Milli Məclisdə müzakirədədir".
Bizdə hələ götür-qoy edilir
Xatırladaq ki, neçə illərdir parlamentdə, ümumiyyətlə, cəmiyyətdə "Siqaretdən istifadənin məhdudlaşdırılması haqqında" qanunun qəbulu ilə bağlı müzakirələr davam edir. Təxminən ilyarım öncə parlamentin müvafiq komitəsində - sosial siyasət komitəsində millət vəkili Qənirə Paşayevanın Türkiyənin və bir sıra modern ölkələrin müvafiq qanunvericilik aktları əsasında hazırladığı qanun layihəsinin ilkin variantının müzakirəsi keçirilmişdi.
Həmin müzakirələrdən xeyli keçməsinə baxmayaraq, bu yöndə konkret bir qanun layihəsinin ictimai müzakirələrə, sonra isə parlament müzakirələrinə çıxarılıb-çıxarılmayacağı məsələsi sual olaraq qalmaqdadır. Ancaq bununla belə, istər cəmiyyətdə, istərsə parlamentdə bu yöndə qanun layihəsinin hazırlanması, ictimai müzakirələrə çıxarılması tərəfdarları çoxluq təşkil etməkdədir. Onlar belə bir qanunun qəbulunun vacibliyini israrla dilə gətirməkdədirlər.
Çünki dövlətin öz vətəndaşlarının - siqaret çəkməyən insanların sağlamlığının qayğısına qalması üçün hüquqi baza olmalıdır. Tibbi baxımdan da siqaret çəkənin yanında dayanan şəxs bəzən həmin insandan daha çox ziyan çəkir. Eyni zamanda, atmosfer çirklənməsinin ən azı lokal şəkildə qarşısının alınması üçün müvafiq qaydaların mütləq tətbiqini nəzərdə tutan qanunvericilik aktının qəbulu lazımdır. Yəni bu prosesləri tənzimləmək üçün müvafiq qanun olmalıdır.
Bu proses dünyada artıq başlayıb, ictimai yerlərdə siqaretdən, bütövlükdə tütün və tütün məmulatlarından istifadənin məhdudlaşdırılması, yaxud onun qadağan olunması qanunla rəsmiləşdirilib. Odur ki, Azərbaycanda bu prosesə başlamaq, onu hüquqi cəhətdən tənzimləmək üçün müvafiq qanunvericilik aktını qəbul etmək vacibdir. Bəziləri siqaret çəkmir, onun iyini qəbul edə bilmir və s. Belə demək mümkünsə, onların müəyyən qədər hüquqları pozulmuş olur. Artıq bəzi ictimai yerlərdə - restoranlarda, şadlıq evlərində, hava limanlarında, tədris auditoriyalarında siqaret çəkməyin qarşısı alınmalıdır.
Haralarda siqaret tüstülədə bilməyəcəklər
Komitənin sədr müavini qeyd edib ki, layihədə siqaret çəkilməsinə yasaq qoyulacaq müəssisələr konkret göstərilir. Belə ki, hava və dəniz limanlarında, dəmiryol və avtobus vağzallarənda, şəhərlərarası bütün marşrutlarda, taksi də daxil olmaqla, bütün ictimai nəqliyyat növlərində siqaret çəkilməsi qadağan edilir. Bundan başqa, kinoteatrlarda, idman yarışları və konsert keçirilən qapalı zallarda, tədris müəssisələri, uşaq bağçaları, səhiyyə və ictimai-iaşə müəssisələrində, şadlıq evlərində siqaret çəkilməsinə qadağa qoyulur. İş yerlərində isə xüsusi ayrılmış yerlərdə siqaret çəkilməsinə icazə verilir. Layihədə dövlət tibb müəssisələrində siqaretçəkmənin müalicəsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi də nəzərdə tutulub.
Prosesə nəzarətin vacibliyini də deyən M.Quliyev bildirib ki, bu iş Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinə tapşırılmalıdır.
Musa Quliyevin söylədiklərinə inansaq, yuxarıda adıçəkilən qanun payız sessiyasında müzakirəyə çıxarılmağa hazırdır. Lakin ona yazda baxılması nəzərdə tutulur: "Çünki hələ də bəzi məqamların həlli üzərində düşünürük. Belə ki, Azərbaycanda 3 milyona yaxın əhali siqaret çəkir. Tütünlə mübarizədə tətbiq olunan cərimənin azlığı heç bir effekt verməyəcək. Cərimənin çox olması isə sual doğurur. Görəsən, həmin şəxs bu cəriməni ödəyə biləcəkmi? Yeni qanunun mahiyyəti təkcə tütün istehlakının məhdudlaşdırılması, yaxud bəzi yerlərdə qadağa qoyulması deyil. Əslində, siqaretçəkmənin profilaktikasına yönəldilmiş tədbirlərin genişləndirilməsidir".
|
|
|
Oxşar xəbərlər:
İnformasiya "sipər"ləri
Müxalifət "Siyasi partiyalar haqqında" yeni qanundan əlini üzüb
Arılar qoruqda yerləşdirilə bilər
Müflisləşmə haqda qanun istifadəsiz qalıb
Uşağı, qadını, zəifi döymək...
|
|
|