Baş Prokurorluqda 2009-cu ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. Bu barədə "Turan"a Baş Prokurorluq mətbuat xidmətindən məlumat verilib.
Müşavirədə baş prokuror Zakir Qaralov bildirib ki, 2009-cu ildə prokurorluq orqanları digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, dövlət müstəqilliyinin və vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində zəruri tədbirlər görülməsini təmin edib.
Baş prokurorun sözlərinə görə, hesabat dövründə digər hüquq-mühafizə orqanları, ilk növbədə, DİN və MTN ilə birgə fəaliyyətin nəticəsi olaraq, bu ilin 11 ayı ərzində əvvəlki hesabat dövrü ilə müqayisədə ölkə üzrə qeydə alınmış qəsdən sağlamlığa az ağır zərər vurma, hədə-qorxu ilə tələb etmə, quldurluq, avtonəqliyyatın qaçırılması, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalmış, adamların girov götürülməsi kimi cinayətlər ümumiyyətlə qeydə alınmamış, törədilmiş 20 min 646 cinayətin təxminən 86 faizinin açılması təmin edilib.
Mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən olan korrupsiya cinayətlərinə qarşı mübarizənin gücləndirilməsi istiqamətində zəruri tədbirlər təmin olunub.
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən 2009-cu il ərzində rüşvətlə bağlı, vəzifədən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və bu xarakterli faktlar üzrə 176 şəxs barəsində 103 cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılmaq üçün müvafiq məhkəmələrə göndərilib.
Əməliyyat müşavirəsində 2009-cu il ərzində cinayətkarlığa qarşı mübarizənin, istintaq işinin və ibtidai araşdırmaya prosessual rəhbərliyin təşkili, cinayət təqibi çərçivəsində insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə baş prokurorun birinci müavini Rüstəm Usubov məlumat verib.
"Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın tərkib hissəsi kimi prokurorluq orqanlarında mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması ilə əlaqədar görülən işlər barədə baş prokurorun müavini Namiq Əsgərovun, 2009-cu ilin ikinci yarımili üçün Baş Prokurorluğun iş planının icrası vəziyyəti və 2010-cu ilin birinci yarımili üçün iş planının layihəsi barədə Baş Prokurorluğun Təşkilat-Analitik İdarəsinin rəisi Əzizağa Həsənovun məlumatları dinlənib və müvafiq qərarlar qəbul edilib.
|