Dekabrın 29-da axşam "Realnıy Azerbaydjan" və "Gündəlik Azərbaycan" qəzetinin həbsdə olan redaktoru Eynulla Fətullayevin saxlandığı 12 saylı cəzaçəkmə müəssisəsində yoxlama aparılıb. Nəticədə Eynullanın gödəkçəsinin astarından və ayaqqabısından guya ki, 0,22 qram heroin aşkarlanıb. Bu sensasiyalı xəbəri "Turan"a məhbusun atası Emin Fətullayev verib.
"Əminəm ki, yanvarda Avropa İnsan Hüquqları Məhkəməsində Eynullanın işinə baxılacaq deyə narkotiki onun üzərinə atıblar. Hakimiyyət başa düşür ki, Avropa Məhkəməsi ona bəraət verəcək və azad edilməsini tələb edəcək. Buna yol verməmək üçün onlar belə bir addımı atıblır", - deyə atası bildirib.
"Mən cəzaçəkmə müəssisəsinin rəisi ilə danışmışam, bu, ciddi rejimli qapalı tipli cəzaçəkmə müəssisəsidir, buraya heç cür narkotik keçirmək olmaz. Eynulla ilə görüşən və ona baş çəkən yoxdur və bilmək istəyirəm, necə ola bilərdi ki, onun üzərindən narkotik, həm də heroin aşkarlansın?" - deyə bildirən Emin Fətullayev əlavə edib ki, Eynulla artıq karserə salınıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Eynulla Fətullayevin saxlandığı kamerada yoxlama aparıldığını təsdiq edib.
"İki məhbusdan şübhələnirdik və yoxlama zamanı Fətullayevin gödəkçəsinin astarında və ayaqqabısında narkotik aşkarlanıb. Digər məhbusun - Şahin Şəmsiyevin üzərindən isə 0,81 qr. heroin aşkar olunub. Ekspertiza bunun heroin olduğunu təsdiq edib. Fakt üzrə Qaradağ rayon polisi araşdırma aparır", - deyə Sadıqov bildirib. Onun sözlərinə görə, əvvəllər də belə şeylər baş verirdi, bu il artıq 34 belə fakt qeydə alınıb. "Çox vaxt narkotiki məhbuslarla görüşə gələnlər içəriyə ötürürlər", - deyə o bildirib.
Öz növbəsində, Emin Fətullayev qeyd edib ki, Eynulla heç vaxt narkotikdən istifadə etməyib və indi onu tibbi təhlillərə göndərəcəklər. Bu təhlillər onun narkotikdən istifadə etmədiyini təsdiq etməlidir.
Eynullanın təqsiri təsdiq olunarsa, onu narkotik yayılmasına görə - yeni 3 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Eynulla Fətullayev 2007-ci ilin yazında Azərbaycan xalqını təhqiretmə ittihamı ilə 2 il həbs cəzasına məhkum edilib. Elə həmin ilin payızında o, terrorla hədələmə və vergilərdən yayınmaqda təqsirli bilinərək, əvvəlki cəzası da hesablanmaqla 8,5 il müddətinə azadlıqdan məhrum edilib.
Beynəlxalq ictimaiyyət Fətullayevi siyasi məhbus kimi tanıyıb. Bir çox ölkələrin hökumətləri və çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən jurnalistin həmkarları daim onun azad edilməsini tələb edirlər. Azərbaycanın bütün məhkəmə instansiyaları Fətullayevin təqsirini təsdiq ediblər və iş baxılması üçün Avropa İnsan Hüquqları Məhkəməsinə daxil olub. я Hadisə ilə bağlı Azərbaycan Jurnalistlər Birliyi bəyanat yayıb. AJB baş vermiş olayın "jurnalistlərə qarşı növbəti təpki olmasından narahatlığını bildirir, hadisənin düzgün və ədalətli araşdırılmasını hüquq-mühafizə orqanlarından tələb edir".
Baş vermiş son hadisəyə operativ olaraq Sərhədsiz Reportyorlar münasibət bildirib və qurumun Avropa və keçmiş sovet ölkələri üzrə təmsilçisi Elza Vidal baş verənləri qurama hesab edib.
|