Hal-hazırda Ayna qəzetinin 31.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə axşamı | 31.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Gələn il dünya siyasəti necə görünür?
Gələn il dünya siyasəti necə görünür?
Hər halda, hər ölkə öz başının hayında olacaq
Cümə axşamı, 31.12.2009


İsmayıl UMUDLU
mətn ölçüsü  

Ağ pələng üstündə təhvil alınan 2010-cu il beynəlxalq siyasət üçün nələr vəd edir? Pələng qəliz təbiətli və məkrli vəhşi olmasının siyasətə də yansıyacağı, bizi heç də asan bir il gözləmədiyi güman edilir. Ən fərqli, hətta tendensiyalı proqnozlar var. Onlara inanmaq da olar, inanmamaq da! Bunların arasında ağlabatanı, gerçək çıxacağına real zəmin olanlar da yox deyil. Məsələn, nüfuzlu "Newsweek" dərgisinin dərc etdiyi siyasi proqnozlara görə, gələn il Pakistanda və Venesuelada hərbi çevriliş baş verəcək. Proqnoza görə, Əfqanıstanda uğur, Çində və Avropa Birliyində iqtisadi böhran, funt-sterlinqin qiymətdən düşməsi və Braziliyada iqtisadi çiçəklənmə və bu ölkənin dünya iqtisadi nəhəngləri arasında irəliyə çıxması üzümüzə gələn ilin başlıca hadisələrindən olacaq.

Proqnoza görə, gələn ilin öndə gələn hadisəsi Əfqanıstan kampaniyasının uğurla nəticələnəcəyi olacaq. Oraya əlavə qoşun kontingentinin göndərilməsi ona gətirib çıxaracaq ki, partlayışlar, teraktlar azalacaq, əhali bunun faydasını görəcək və bu ölkədə Amerika tərəfdarlarının sayı artacaq. İraqda özünü müsbət tərəfdən göstərmiş tendensiya bu proqnozu qüvvətləndirən faktor kimi göstərilir. Bu proqnozun xeyrinə belə bir variant da göstərilir ki, Rusiya və KTMT tərəfdaşları da koalisiyanın tərəfində de-fakto Əfqanıstan məsələsinə cəlb olunacaqlar.

BRİK (BRIC) ölkələrinə (sürətlə inkişaf edən dörd ölkənin - Braziliya, Rusiya, Hindistan və Çin - ingiliscə baş hərfləri) özəl diqqət yetirilir.

Braziliya dünyada "yeni Çin" mövqeyinə yüksələcəkdir. Rusiya indiki baş nazir Vladimir Putinin avtoritarizmi nəticəsində inkişafdan dayanıb, investorlar bu ölkəyə yatırım qoymaqdan çəkinirlər. Hindistanın ətrafını qeyri-sabit ölkələr sardığı üçün sürəti artıra bilmir. Çində isə böyük iqtisadi kollaps dünya hadisələri arasında önəminə görə ikinci yerdə dayanacaq. Çünki yüngül pullar Çində səhm və daşınmaz əmlak bazarını son həddə qədər şişirdib. Bank böhranı, ticarət müharibəsi və Çində artım tempinin yavaşıması ilə uzlaşmada sabun köpüyünün partlama anı yaxınlaşır. Çin rəsmiləri özləri də bu qorxunu gizlətmirlər. Bu hadisə nəticəsində dünya boyunca dağıdıcı deflyasiya dalğası keçib gedəcəkdir.

Bölgəmizin ən böyük dövlətlərindən və Azərbaycanın strateji tərəfdaşı olan qardaş Pakistanda Asəf Əli Zərdari hökuməti nə əhali arasında, nə nazirləri və ordu arasında populyardır.

REKLAM

Ölkənin vilayətlərində partlayışlar, teraktlar, insan tələfatı səngimir, odur ki, hərbçilər onu devirəcəklər. Amma məsələ belədir ki, bu gün Pakistan hərbçiləri Zərdari ilə müqayisədə Vaşinqtona daha az etimad bəsləyirlər. Əgər onlar hakimiyyətə gəlsələr, deməli, bölgədə ABŞ-ın daha bir "ipə-sapa yatmaz" müttəfiqi meydana çıxacaqdır.

Gələn il Venesuelanının "baş aparan" prezidenti Uqo Çaves hərbi putçistlər tərəfindən devriləcək. Deyilir ki, Uqo Çaves də öz pakistanlı həmkarı kimi əhalinin və hərbçilərin canını boğazına yığıb.

Fidel Kastro öləcək və ABŞ ilə Kubanın arası düzələcək. Kubada hakimiyyət Raul Kastronun əlinə keçəcək, bu lider isə ABŞ-la əlaqələrdən gələn iqtisadi faydalar naminə ritorikasını yumşaldacaq, ilin sonuna yaxın isə Hillari Klinton elan edəcək ki, 2013-cü ilə qədər Vaşinqton və Havana arasında münasibətlər normallaşacaq.

Rusiya - ABŞ - MDB

Sergey Lavrov vəd edir ki, gələn il ABŞ və Rusiya arasında münasibətlər darıxdırıcı olmayacaq və bu iki ölkə arasındakı münasibətlərdə "perspektiv var", iqtisadi məsələlərə dair "heç də pis olmayan dialoq genişlənməkdədir". Lavrov deyib ki, onlar bu gün bir sıra regional problemlərin həllində, Koreya yarımadasında nüvə problemi, İranın nüvə proqramı, Yaxın Şərq düyünü və s. üzərində ABŞ-la birgə işləyirlər.

Rusiya gələn il MDB-də sədr olacaq. Yanvarın 1-dən isə Rusiya, Belarus və Qazaxıstan arasında gömrük ittifaqı qüvvəyə minir, onlarda vahid gömrük tarifləri olacaq. Qalan MDB ölkələri bu vəziyyətin gerçəklikdə özünü necə göstərdiyini maraqla izləyəcəklər. Ukraynada prezidentliyə namiizəd Viktor Yanukoviç vəd edib ki, prezident seçilərsə, Ukrayna bu ittifaqa qoşulacaq (Amma burası var ki, Ukrayna ÜTT-nin üzvüdür, orada isə qaydalar başqadır).

Birlik üçün 2010-cu il "Elm və innovasiya ili" kimi tarixə düşməlidir. 2010-cu il həm də "Veteranlar ili" kimi yadda qalacaq, bunu da anlamaq lazım gəlir, belə ki, postsovet ölkələrində İkinci Dünya savaşı veteranlarının sıraları ildən-ilə seyrəlməkdədir. Üzümüzə gələn il birlik ölkələri alman faşizmi üzərində qələbənin 65-ci ildönümünü qeyd edəcəklər. Savaşda iştirak etmiş olanlar indi səksəni aşırıblar, illər öz sözünü deyir və onların çoxu üçün belə bir ehtiram həyatlarında bəlkə də sonuncu olacaq.

Gələn il MDB daxili münasibətlərdə iqtisadi məsələlər öndə tutulacaq, qlobal maliyyə-iqtisadi böhranın nəticələrini aradan qaldırmaq başlıca istiqamət olacaq. Rusiyanın sədrliyi altında MDB ölkələri nə dərəcədə başarılı olacaq? - yaşayarıq, görərik. Amma bu ildən Rusiyanın MDB ölkələri ilə "hədə qorxu-metodu" ilə deyil, "iqtisadi və mədəni təsir" aspektində "danışmağa" başladığı hiss olundu. Bəzi analitiklərə görə, innən belə Rusiya bu xətti tutacaq və başarılı ola və özünə etimadı artıra da bilər.

Bizim strateji tərəfdaşımız və Avropa qitəsinin iri dövlətlərindən biri olan Ukrayna qarşıdakı prezident seçkilərinin nəticəsindən asılı olmayaraq, Qərb oriyentasiyasında daha da irəliləyəcək və Rusiyanın onu öz orbitində saxlamaq cəhdinin boşa çıxdığı aşkar olacaqdır.

Türkiyə - dünya oyunçusu

Türkiyə indiyə qədər regional supergüc, burada ən lazımlı müttəfiq sayılırdı. Qarşıdakı ildə isə Türkiyənin dünya oyunçusu olduğu bütün qabarıqlığı ilə aşkarlanacaq və etiraf olunacaqdır. Kipr məsələsində bir aydınlaşma ehtimalı xeyli qüvvətlidir. Türkiyə, bu ölkə üçün yaradılmış problemlərin də öhdəsindən, nəhayət, gələ biləcək, xam xəyala düşənlərin iştahını küsdürə biləcəkdir.

Bu hal Orta Asiyanın türk dövlətlərinin və Azərbaycanın beynəlxalq siyasi durumunu bir xeyli yüngülləşdirəcəkdir.

Avropa: iğtişaşlar, böhran...

"Qoca dünya"nı qiyamlar, iğtişaşlar sarsıdacaq. Milli və dini azlıqlar hakimiyyətlərin irqçi və dözülməz siyasətinə qarşı daha böyük kəskinliklə çıxacaqlar. Bu il Fransa və İsveçrədə "minarə yasağ"ına, digər ölkələrdəki "azan yasağ"ına, adamların geyimlərinə məhdudiyyətlərə və s. kimi təşəbbüslərə Avropa şəhərlərinin küçələrini dolduran müsəlman vətəndaşların reaksiyası bunun siqnalını vermiş oldu. Bu kimi qiyamların Fransada qopacağı daha çox təxmin edilir.

Türkiyənin AB üzvü olmaq şansının qarşısındakı əngəllər qalacaq, bu şəraitdə ölkənin İslam Şərqi tərəfə meyillənməsi güclənəcəyi də ehtimallardan uzaq göstərilmir. İraqda indiki vəziyyət qalacaq və bu mənada Qərb üçün İraq məsələsində Türkiyənin önəmi də qalacaq.

Bəzi proqnozlara görə, Avropada maliyyə böhranı baş verəcək. AB-də indiki iqtisadi yüksəliş müvəqqəti olacaq və ilk dəfə AB ölkələrindən bəziləri öz maliyyə-iqtisadi vəziyyətini düzəltmək üçün separatçı tədbirlərə baş vuracaqlar.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Müxalifət "Siyasi partiyalar haqqında" yeni qanundan əlini üzüb

"Cırtdan partiyalar" paradı, yoxsa...

Dünya ədəbiyyatından 6 kitabın təqdimatı

Bütün iştirakçılar bəlli

Dünya kubokunda iki nəfərlə qaldıq

Bölmənin digər xəbərləri
 
İrəvanda dəmiryol lətifələri
Ermənistanın tranzit gələcəyi barədə nağıllara özləri deyib, özləri gülürlər

İranda ölənlərin sayı 38 nəfərə çatıb
ETTELAAT bütün siyasi fəalları ilin sonunadək zərərsizləşdirməyi planlaşdırır

Rusiyadan modern Qafqaz siyasəti
Medvedev - liberal-modernist, Putin - qatı mühafizəkar



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər