Hal-hazırda Ayna qəzetinin 31.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə axşamı | 31.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Parlament bu illik işini bitirdi
Parlament bu illik işini bitirdi
Son plenar iclasda yaşananlar
Cümə axşamı, 31.12.2009

Fərəh Sabirqizi mətn ölçüsü  

Bu həftə parlament illik və cari payız sessiyasına yekun vurdu. Amma bu ilin son plenar iclasında ilin yekunlarına həsr olunmuş çıxışlar səsləndirilmədi. İclas həmişəki axarı ilə getdi - bəzi qanun layihələri dərhal, müzakirə edilmədən qəbul olundu, kimlərsə söz almadığına görə incidi. Hətta spiker Oqtay Əsədovla Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn arasındakı ənənəvi "söz atışması" da təkrarlandı. Parlament sədri ilin son iclasında bu cür xoşagəlməz hadisələrin baş verməsini istəmədiyini desə də, "aranı qatmağa görə" Pənah Hüseyni günahlandırdı.

Əvvəlcə ötən iclasdan qalan gündəlik üzrə ilk olaraq "Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında" Əsasnamənin təsdiqi barədə qanun layihəsi vardı.

Bələdiyyələrə elektron xəritə

MM Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirdi ki, ölkədə 1700-dən artıq bələdiyyə var və bu bələdiyyələrə qeydiyyat şəhadətnamələrinin verilməsi, burada bələdiyyənin elektron xəritəsinin də yer alması vacibdir. Dedi ki, bələdiyyələrin dövlət reyestrini MM Aparatı özü aparacaq. Onun sözlərinə görə, mövcud qanunvericiliyə əsasən, bələdiyyələrin yaradılması, birləşməsi, ləğv olunması ilə bağlı qərarları parlament verdiyindən, bu baxımdan, bələdiyyələrin dövlət reyestrinin aparılması işini MM Aparatına tapşırmaq daha məqsədəuyğundur.

Bu təqdimatdan sonra Siyavuş Novruzov başda olmaqla bir çox deputatlar "səsə qoyaq" deyərək sənədin qəbulunu istədilər. Lakin spiker O.Əsədov bir neçə millət vəkilinin təkid etdiyini görərək onlara söz verdi.

Fazil Mustafa bələdiyyələrə şəhadətnamə verilməsi və bələdiyyələrin xəritəsinin hazırlanmasının ortaya çıxan problemlərin həllinə yardım edəcəyinə inanmaq istədiyini bildirdi. Deputat bələdiyyələrin səlahiyyətlərini artırmağın vacibliyinə də toxundu. Fazil Mustafa MM-in bələdiyyələrin dövlət reyestrini aparmaq üçün texniki imkanlara malik olub-olmadığını soruşdu. Onun sözlərinə görə, bu, kifayət qədər böyük işdir, buna görə də bu işi 3-4 adama tapşırmaqla kifayətlənmək olmaz.

Əli Məsimli də hesab edir ki, bələdiyyələrin sistemləşdirilmiş xəritələrinin hazırlanması və sərhədlərinin dəqiqləşdirilməsi bir sıra neqativ halların qarşısını alar.

"Bələdiyyə seçkiləri yenidən keçirilsin"

Ötən dəfə çıxış etmək hüququna məhdudiyyət qoyulan Pənah Hüseyn bu dəfə müzakirələrə qatıla bildi. O, bələdiyyələrə elektron xəritə verilməsinin vaxtı çatdığını deyərək dekabrın 23-də ölkədə keçirilən bələdiyyə seçkiləri barədə də fikirlərini səsləndirdi. Onun sözlərinə görə, bu seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına xeyli şikayətlər toplanıb:

"MSK bir növ Milli Məclis tərəfindən təşkil olunan bir təsisatdır. Çox istərdim ki, Milli Məclis rəhbərliyi seçkilərin keçirilməsilə bağlı ictimaiyyətdəki bu narazılıq və narahatlığı nəzərə alaraq bu bələdiyyə seçkilərilə bağlı şikayətlərin doğru-düzgün araşdırılması üçün MSK-ya müraciət etsin. Bizim siyasi mövqeyimiz bundan ibarətdir ki, bu, Azərbaycan tarixində ən pis təşkil olunmuş seçkilər olmuşdur və seçkilərin yenidən keçirilməsi gündəmə gəlməlidir".

O.Əsədov MSK-nın öz işinin öhdəsindən yaxşı gəldiyini deyib bu qurumun son seçkini də yüksək səviyyədə təşkil etdiyini söylədi.

REKLAM

Bundan sonra layihə müzakirəyə qoyulub qəbul edildi.

Vergi işçiləri üçün - orden!

İclasda baxılan növbəti məsələ vergi orqanları işçilərinə orden və medalların təsis edilməsi barədə layihə idi. Bu haqda məlumat verən hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirdi ki, Vergilər Nazirliyinin yaranmasının 10 illiyi ilə əlaqədar vergi orqanlarında işləyənlərə orden və medalların təsis edilməsilə bağlı qanunvericilik təşəbbüsü ilə dövlət başçısı çıxış edib.

Layihədə Azərbaycanın orden və medalları siyahısına daha üç medalın əlavə olunması nəzərdə tutulub. Bunlardan birincisi "Vergilər Nazirliyinin 10 illiyi" yubileyi medalı, digəri "Vergi orqanlarında fərqlənməyə görə" medalı, digəri isə " Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə " medalıdır. İkinci medalın özünün də üç növü olacaq - birinci dərəcəli, ikinci dərəcəli və üçüncü dərəcəli.

"Deputatlar da ağac əksin"

Məlahət İbrahimqızı isə mövzudan kənara çıxaraq ölkədə ekologiyanın yaxşılaşdırılması üçün işlər görülməsini təklif etdi. YAP-ın təşkilatçılığı ilə hər il aprel ayında ağacəkmə kampaniyası keçirildiyini söyləyən M.İbrahimqızı deputatların da belə bir kampaniyaya qoşulmasını istədi: "Respublikanın birinci xanımı Mehriban Əliyeva da "hərəyə bir ağac əkək" şüarı ilə cəmiyyətə müraciət edib. Mən xahiş edirəm Bakı Şəhər İcra Hakimiyyətinin ayırdığı müvafiq yerdə parlament işçiləri, millət vəkilləri də bir ağac əksin. Bundan gözəl bir aksiya ola bilməz".

Spiker isə "yaxşı təklifdir" deyərək "fikirləşərik" cavabını verdi. Pənah Hüseyn vergi orqanlarının korrupsiyaya qurşandığını deyərək vergi işçilərinə medal verilməsinin məqsədəuyğun olmadığını dedi: "Faktiki olaraq vergi orqanları cəmiyyətdə korrupsiyanın rəmzi kimi ifadə olunur. Onlar vətəndaşların, sahibkarların hüquqlarını kobud şəkildə pozurlar. Ona görə də vergi əməkdaşlarına medal verilməməlidir. Təbii ki, bunu vergi orqanlarında işləyən minlərlə işçinin hamısına fərd olaraq şamil etmirəm".

Zahid Oruc isə P.Hüseynin mövqeyini bölüşməsə də, "vergi orqanlarında çalışanlardan kim medal daşımağa layiqdirsə, ona medal verilməlidir" fikrini işlətdi.

"Korrupsioner demək asandır, sübut etmək çətin"

Siyavuş Novruzov isə bildirdi ki, Azərbaycanda dövlət büdcəsinin formalaşmasında vergi orqanlarının böyük yeri var: "Milli Məclis daxil olmaqla həmkarım Pənah Hüseyn də həmən vergi orqanlarının formalaşdırdığı büdcədən əməkhaqqı alır. Kimlərəsə korrupsioner demək asandır, amma onu sübut eləmək çox çətin. Ona görə də vergi işçilərinə aid də medal təsis edilməlidir".

"Müsavat Partiyası bağlansın"

S.Novruzov P.Hüseynin toxunduğu bələdiyyə seçkilərinin biabırçı şəkildə keçirilməsilə bağlı qaldırdığı məsələyə də münasibət bildirdi. Onun sözlərinə görə, ölkədə azad, ədalətli bələdiyyə seçkiləri keçirilib: "O partiyalar ki, bələdiyyə seçkilərinə namizəd verə bilməyiblər, onlar bələdiyyə seçkiləri haqqında danışa bilməzlər. Həmkarım burda çıxış eləyəndə mən dedim ki, fikrinin sonunda, yəqin, deyəcək Müsavat Partiyası bələdiyyə seçkilərində iştirak edə bilmədiyinə görə, namizəd tapmadığına görə özünü buraxsın və bağlansın. Amma əvəzində Pənah Hüseyn başqa fikir söylədi".

"Bura "sportzal"dı?"

Arzu Səmədbəyli isə S.Novruzova cavab vermək üçün spikerdən söz istədi. Lakin spiker deputatdan polemika açmamağı xahiş etdi: "Bura "sportzal"dı hamı bir-birinə cavab versin?" S.Novruzova cavab verməkdə israrlı olan Arzu Səmədbəyli yerindən həmkarının bu arzusunun baş tutmayacağını dedi: "Sən onu ancaq yuxunda görərsən. Hamı bilir ki, Siyavuş kimiləri parlamentə necə düşüb". Spiker Oqtay Əsədov parlamentin son iclasında deputatları həmrəy olmağa, mübahisə etməməyə çağırdı.

İclasın sonunda "Dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında" məsələyə baxıldı. Deputat Jalə Əliyevanın müraciəti oxuduğu vaxt bəzi deputatların hündürdən danışdığını görən spiker əsəbiləşdi: "Bu nədir, həmrəylikdən danışırıq, amma deyəsən orda özünüz ayrı respublika yaratmısınız?"

Təbrik mətninə əlavələr üçün çıxışa yazılanlar olsa da, sədr buna imkan vermədi. Nəsib Nəsibli və Pənah Hüseynin təkidi də fayda vermədi. Spiker dedi ki, o, alqışları müraciətə müsbət münasibət kimi qəbul edir: "Bizim dünya azərbaycanlılarına müraciətimiz ürəkdən gəlməlidir. Ona görə də imkan vermədim burda çıxışlar olsun".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Milli Məclis ABŞ-a etiraz bildirəcək

Milli Məclis Avropa Parlamentinə etiraz etdi

Pənah Hüseyn danışmaq hüququndan məhrum edildi

Bölmənin digər xəbərləri
 
2010: gözlənən siyasi və hərbi hadisələr
Martda cəbhədə gərginlik yarana bilər. 90-a yaxın deputat isə yenidən seçiləcək...

Xarici hərbi siyasət: 2009-cu ilin yekunları
Azərbaycan üçün beynəlxalq hərbi-texniki əməkdaşlıq baxımından diqqətçəkən il idi

Səfirimiz Qazaxıstan prezidentini təəccübləndirib
Səfir Lətif Qəndilov Astananı Nursultan Nazarbayevin şərəfinə Sultan-Ata adlandırmağı təklif edib

İlham Əliyev Batumi sammitində iştirak edəcək
Prezident İlham Əliyev Batumidə keçiriləcək beynəlxalq enerji sammitində iştirak edəcək.

Rusiya prezidenti Azərbaycan prezidentinə təbrik məktubu göndərib
"2009-cu il Rusiya-Azərbaycan münasibətlərinin ən müxtəlif istiqamətlərdə inamlı inkişafı ilə yadda qalıb".



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər