Xarici hərbi siyasət: 2009-cu ilin yekunları
 |
Azərbaycan üçün beynəlxalq hərbi-texniki əməkdaşlıq baxımından diqqətçəkən il idi
Cümə axşamı, 31.12.2009
|
|
Bu il Azərbaycan üçün beynəlxalq hərbi-texniki əməkdaşlıq baxımından diqqətçəkən il idi. Ötən illərlə müqayisədə müvafiq istiqamətdə böyük fəallıq müşahidə olunurdu. Rəqəmlərə müraciət edək: bu gün Azərbaycan Müdafiə Nazirliyinin 54 ölkə ilə əlaqəsi var, 27 ölkə ilə 102 hərbi saziş imzalanıb. Hazırda 22 ölkə ilə hərbi məzmunlu müqavilə və sazişlər razılaşdırılma mərhələsindədir.
Yeni əlaqə dövləti - Rumıniya
Bu il Azərbaycanın beynəlxalq hərbi əməkdaşlığına təsir edən əsas məqamlardan biri elə yanvarın ilk günündə bəlli oldu: Türkiyənin NATO ilə Azərbaycan arasında 14 illik "əlaqə dövləti" statusuna son qoyuldu. 2009-2010-cu illərdə həmin statusu reallaşdırmaq Rumıniyaya həvalə olundu. İl ərzində Rumıniya ilə Azərbaycan arasında hərbi münasibətlərin sıxlaşmasının şahidi olduq. Yanvarın 28-də Rumıniyanın Azərbaycan səfiri Nikolay Ureçe ölkəsinin NATO ilə Azərbaycan arasında əlaqə dövləti statusunu üzərinə götürməsi ilə əlaqədar xarici işlər nazirinin müavini Araz Əzimovla görüşdü. Bu görüşdə Rumıniyanın əlaqələndirici dövlət statusunda fəaliyyətinin istiqamətləri müzakirə edildi.
Ardınca, fevralın 20-də Bakıda əlaqə statusunun rəsmən keçməsi ilə bağlı tədbir keçirildi. Aprelin 9-da isə Rumıniyanın Azərbaycan səfirliyi tərəfindən "NATO - tam təkmilləşmiş siyasi alyans kimi" mövzusunda beynəlxalq konfrans keçirildi. İyunun 9-11-də isə Rumıniyanın müvafiq statusu çərçivəsində bu ölkənin strateji məsələlər üzrə dövlət katibi Boqdan Auresku Azərbaycanda səfərdə oldu.
Digər Avropa ölkələri ilə də əməkdaşlığa gəldikdə, yanvarın 23-də Polşa SQ Baş Qərargahının rəisi general Françişek Qaqor Azərbaycana gəldi. Onun müdafiə naziri Səfər Əbiyevlə görüşündə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edildi. Bu zaman ölkə mətbuatı bu səfəri ABŞ-ın Qərbi Avropa ilə bağlı RƏM planı çərçivəsində Polşanın mövqeyi və bu istiqamətdə Azərbaycanla əməkdaşlıq münasibətlərinin qurulması baxımından yozmağa başladı. Noyabrın 25-26-da isə Polşa müdafiə naziri Boqdan Klix Cənubi Qafqaz bölgəsinə səfəri çərçivəsində Azərbaycanda oldu.
Sentyabrın 10-da Macarıstan Müdafiə Nazirliyinin dövlət katibi Aqneyq Vadai Azərbaycanda səfərdə olub. Vadai xatırladıb ki, indiyədək 90 azərbaycanlı zabit Macarıstanın ali hərbi məktəblərində təlim keçib.
Oktyabrın 1-də Çexiya baş nazirinin müavini, müdafiə naziri Martin Bertakın başçılıq etdiyi heyət Azərbaycana gəlib və bu səfər çərçivəsində iki ölkə arasında "Müdafiə sahəsində əməkdaşlıq haqqında" saziş imzalanıb.
NATO ilə əməkdaşlıq güclənir
2009-cu ildə Azərbaycanın NATO ilə əməkdaşlığının gücləndirildiyinin şahid olduq. Müdafiə naziri Səfər Əbiyev fevralın 18-19-da Krakovda (Polşa) NATO ölkələrinin və Əfqanıstan kampaniyasına töhfə verən tərəfdaş dövlətlərin müdafiə nazirlərinin görüşündə iştirak etdi.
Fevralın 24-26-da isə Bakıda NATO-nun Birləşmiş Qüvvələr Komandanlığının heyəti ilə Azərbaycan və NATO arasında hərbi təhsil, kadr hazırlığı, sülhyaratma əməliyyatlarında iştirak edən bölmələrin hazırlanması və s. məsələlər müzakirə edildi. Fevralın 26-da Azərbaycan Əfqanıstana əlavə olaraq daha 45 sülhməramlı göndərdi, bununla da Əfqanıstandakı sülhməramlılarımızın sayı 90 nəfərə çatdı.
Xüsusi olaraq xatırlatmaq gərəkdir ki, aprelin 4-də NATO-nun Kehl və Strasburqda keçirilən yubiley sammitinin yekun bəyannaməsində alyans Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.
Ümumiyyətlə, il ərzində baş verən hadisələrin xronologiyasına nəzər saldıqda bəlli olur ki, Azərbaycan hərbçiləri NATO planları və ikitərəfli əməkdaşlıq sənədləri çərçivəsində 300-dən artıq beynəlxalq tədbirdə iştirak edib. Xüsusilə aprelin 18-25-də Azərbaycanda NATO-nun PfP proqramı çərçivəsində keçirilən "Regional Resronse-2009" hərbi təlimi diqqətçəkən oldu. NATO-nun yardımı ilə qurulmuş Qaraheybət Təlim Mərkəzində gerçəkləşən bu təlimdə iki Azərbaycan bölüyü və bir ABŞ taqımı iştirak etdi. Müşahidəçi qismində Gürcüstan, Polşa, Ukrayna və Litva hərbçilərinin iştirak etdiyi təlimə ümumilikdə 759 hərbi qulluqçu qatıldı.
Aprelin 20-24-də isə Bakıda Azərbaycan və NATO təmsilçilərinin iştirakı ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (IPAP) və Planlaşdırma və Analiz Prosesi Proqramı (PARP) çərçivəsində növbəti məsləhətləşmələr keçirildi.
Aprelin 29-da Azərbaycan prezidenti İlham Əliyev Brüsseldə NATO baş katibi Yaap de Hoop Sxefferlə görüşdü. Azərbaycanın regionda xüsusi rolunu vurğulayan Sxeffer qeyd etdi ki, NATO Azərbaycana bölgədə mühüm rol oynayan tərəfdaş ölkə kimi yanaşır. Alyansın baş katibi deyib ki, NATO Dağlıq Qarabağ münaqişəsinin tənzimində birbaşa rol oynamasa da, hesab edir ki, bu münaqişənin həllində ərazi bütövlüyü prinsipi sual altına qoyulmamalıdır. Mayın 5-də Sxeffer Bakıda Azərbaycan - NATO tərəfdaşlığının 15 illiyinə həsr olunmuş konfransa göndərdiyi video çıxışında Azərbaycanı etibarlı tərəfdaş adlandırdı.
Mayın 18-də Azərbaycan bir sıra təzyiqlərə baxmayaraq, NATO-nun Gürcüstan Müdafiə Nazirliyinin "Vaziani" hərbi bazası ərazisində keçirdiyi "Longbow 09" hərbi təlimlərinin birinci mərhələsinə qatıldı.
İyunun 1-də Neapolda yerləşən NATO birləşmiş qüvvələri komandanlığının Azərbaycanda səfərdə olan siyasi müşaviri Aleksis Vahlas bildirdi ki, Azərbaycanın Ukrayna və Gürcüstandan əvvəl NATO-nun üzvü olmaq perspektivi var. İyunun 10-11-də Bakıda Avroatlantik Tərəfdaşlıq Şurasının təşkilatçılığı ilə "Enerji təhlükəsizliyi: çağırışlar və imkanlar" mövzusunda seminar keçirildi. Xarici işlər nazirinin müavini Araz Əzimov bildirdi ki, gələcəkdə NATO-nun dəstəyi ilə Azərbaycanda enerji təhlükəsizliyi üzrə beynəlxalq treninq mərkəzi yaradıla bilər. İyunun 10-11-də müdafiə naziri S.Əbiyev Brüsseldə keçirilən Avroatlantik Tərəfdaşlıq Şurası çərçivəsində müdafiə nazirlərinin, NATO və Əfqanıstandakı əməliyyatlara töhfə verən tərəfdaş ölkələr müdafiə nazirlərinin görüşündə iştirak etdi. İyulun 15-də isə Brüsseldə 28+1 formatında NATO - Azərbaycan görüşü keçirildi. Oktyabrın 1-də isə NATO baş katibinin müdafiə siyasəti və planlaşdırma üzrə köməkçisi Yuri Sedivin rəhbərlik etdiyi heyət Azərbaycanda səfərdə oldu.
Oktyabrın 23-də nazir Əbiyev NATO və Əfqanıstan əməliyyatlarına töhfə verən tərəfdaş ölkələrin Bratislava şəhərində (Slovakiya) keçirilən iclasına qatılıb. Noyabrın 19-da Azərbaycan NATO-ya tərəfdaş ölkələrə təhlükəsizlik qarantiyası verən sazişlər imzalamağı təklif edib.
Rusiya Federasiyası: "800 milyon dollar"lıq əməkdaşlıq
Bu il diqqətçəkən növbəti hadisə Ermənistanın Gümrü şəhərində yerləşən Rusiya hərbi qüvvələrinə məxsus 102 saylı hərbi bazadan Ermənistanın hərbi qüvvələrinə 800 milyon ABŞ dolları dəyərində hərbi silah və sursatın verilməsinə dair xəbərlə bağlı oldu. 2009-cu ilin ortalarınadək ölkə gündəmində xüsusi yer tutan bu əhvalat sonradan anlaşılmaz səbəblərdən unuduldu. Halbuki bununla bağlı iki ölkənin yüksəkmənsəbli rəsmiləri arasında gərgin danışıqların keçirildiyi, Azərbaycan XİN-in rəsmi bəyanat verdiyinin, Rusiyaya rəsmi nota ünvanlamasının şahidi olmuşduq. Məlumatın yayılmasından bir qədər sonra, yanvarın 30-31-də müdafiə naziri Səfər Əbiyev Rusiyaya getdi. Rusiyalı həmkarı Anatoli Serdyukovla görüşündə iki ölkə arasındakı hərbi əməkdaşlığın mövcud durumu və perspektivlərinin müzakirə olunduğu bəyan edildi. Fevralın 2-də isə Azərbaycan MM silah qalmaqalını araşdırmaq üçün Moskvaya heyət göndərməyi qərara aldı. Bütün bunlara baxmayaraq, sonda qeyd edilən proses yarımçıq qaldı. Məsələ ilə bağlı son açıqlama iyulda XİN başçısı E.Məmmədyarovdan gəldi. Nazir araşdırmaların davam etdiyini vurğuladı.
İlin ikinci yarısında isə Azərbaycanla Rusiya arasında hərbi əməkdaşlığın inkişafını müşahidə etməyə başladıq. Avqustun 1-də RF müdafiə naziri Anatoli Serdyukov Azərbaycana işgüzar səfərə gəlib. Səfər çərçivəsində Qəbələ RLS-ə baş çəkib..
|
|
|
Oxşar xəbərlər:
Müdafiə Nazirliyinin fəaliyyəti ilə bağlı suallar artır
Elmi müdafiə şuraları səmərəsizdir
Elmi müdafiə şuraları səmərəsizdir
|
|
|