Silahlı Qüvvələrin mülkiləşdirmə prosesi
|
IPAP-ın üçüncü mərhələsində nələr nəzərdə tutulur?
Cümə axşamı, 31.12.2009
|
|
mətn ölçüsü |
|
|
|
Dekabrın 7-də xarici işlər nazirinin müavini Araz Əzimov bildirdi ki, Azərbaycan NATO ilə imzalanan Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının (IPAP) növbəti ikiillik mərhələsinə başlamağa hazırlaşır. Əzimov deyib ki, bu, IPAP-ın 3-cü ikiillik mərhələsidir. Nazir müavini gələn ilin mart-aprel aylarında IPAP çərçivəsində görülən işlərin əvvəlcə Azərbaycanın ayrı-ayrı hökumət strukturlarında, daha sonra NATO tərəfindən dəyərləndirilməsinin aparılacağını deyib. Əzimov bildirib ki, IPAP çərçivəsində nəzərdə tutulan planlar 99 faiz icra olunur. Onun sözlərinə görə, növbəti ikiillik mərhələnin 2010-cu ilin iyun ayında başlaması gözlənilir. Bununla bağlı aprel-iyun ayları ərəfəsində Azərbaycan hökuməti və NATO tərəfindən ikiillik plan təsdiq olunacaq. Nazir müavini IPAP çərçivəsində Azərbaycanın götürdüyü öhdəliklər arasında müdafiə nazirinin mülki şəxs olması barədə öhdəliyin olduğunu da qeyd edib: "Buna qədər isə Müdafiə Nazirliyində struktur islahatları aparılır. İslahatlar nəticəsində nazirliyin bəzi strukturlarına mülki şəxslər rəhbər təyin olunacaq".
Dekabrın 9-da Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, Azərbaycanın NATO ilə imzaladığı "Sülh naminə tərəfdaşlıq" proqramı və IPAP üzrə götürdüyü öhdəliklər arasında Müdafiə Nazirliyinin bəzi struktur rəhbərlərinin mülki şəxs olması nəzərdə tutulur: "Müdafiə Nazirliyinin bəzi struktur rəhbərlərinin mülki şəxs olmasının nəzərdə tutulmasına baxmayaraq, hesab etmirəm ki, bu məsələ Azərbaycan üçün aktuallıq kəsb edir. Tutaq ki, hərbçini mülki şəxs ilə dəyişdik. Bizə bu gün Azərbaycan ordusunun öz fəaliyyətini yüksək səviyyədə davam etdirməsi lazımdır".
Dekabrın 10-da isə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu keçirdiyi mətbuat konfransında bildirib ki, NATO-nun heç bir sənədində müdafiə nazirinin mülki şəxs olması barədə maddə yoxdur. O deyib ki, hər bir təklifə hörmətlə yanaşılır, lakin müdafiə nazirinin mülki şəxs olub-olmaması məsələsini hər bir dövlət özü həll edir: "Azərbaycan bu gün müharibə şəraitində olduğuna görə Müdafiə Nazirliyinə rəhbərlik edən şəxsin hərbçi olması daha məqsədəuyğundur".
Qeyd edək ki, Azərbaycanın NATO ilə IPAP sənədinin ilk mərhələsi 2005-ci ilin may ayında təsdiqlənib. Sənədin ikinci hissəsi 2008-ci ilin mart ayında razılaşdırılıb. Sənəddə Silahlı Qüvvələrə mülki nəzarət mexanizmlərinin təşviqi və bu istiqamətdə səylərin göstərilməsi əksini tapır. Əsas istiqamətlərdən biri Azərbaycanın Müdafiə Nazirliyi sistemində xidmət edən mülki heyətin artırılması ilə bağlıdır. NATO-ya üzv ölkələrin təcrübəsinə görə, Silahlı Qüvvələr üzərində mülki demokratik nəzarətin tətbiq olunması üçün aşağıdakı addımlar atılmalıdır:
- müdafiə nazirinin mülki şəxs olması;
- Müdafiə Nazirliyinin Baş Qərargahdan ayrılması prosesinin aparılması;
- Müdafiə Nazirliyinin strateji planlaşdırma ilə məşğul olan şəxsi heyətinin mülki şəxslərlə komplektləşdirilməsi;
- parlament nəzarəti mexanizminin tətbiq olunması;
- icraedici səviyyədə məhkəmə nəzarəti və ictimai nəzarət mexanizmlərinin tətbiqi.
Azərbaycan və NATO arasında hazırlanan Müdafiə Təsisatlarının Qurulması üzrə Tərəfdaşlığın Əməliyyat Planı (PAP-DIB) isə, demək olar ki, başdan-başa mülki nəzarətin tətbiqinə həsr olunub.
Burada qeyd olunur ki, müdafiə və təhlükəsizlik sahəsində islahatların həyata keçirilməsi əsasən 3 məqsədə bağlıdır: birincisi, müdafiə sahəsinə şəffaf və demokratik nəzarətin tətbiq edilməsi, ikincisi, təhlükəsizlik siyasətinin inkişafında vətəndaş iştirakının təmin edilməsi, üçüncüsü, müdafiə sahəsi ilə bağlı qanunvericiliyin və məhkəmə sahəsinin düzgün işləməsi.
Ekspertlərə görə, əgər ordu demokratik dəyərlərə cavab verməsə, onda hər hansı uğurlu islahatdan danışmağa dəyməz. PAP-DIB-də Azərbaycanın müdafiə sahəsində demokratik institutların formalaşmasının zəruriliyi qeyd olunur. Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılmasında alyansa üzv olan 26 dövlətdən 12-nin təcrübəsi əsas götürülüb. Bu dövlətlər arasında daha çox ABŞ, Türkiyə, Böyük Britaniya və Almaniyanın təcrübəsinə önəm verilib.
Mülkiləşdirmə nəyə görə zəruridir?
Azərbaycanın yaxın tarixində xeyli sayda hərbi çevrilişə cəhdlər müşahidə edilib. Müşahidələr göstərir ki, Silahlı Qüvvələrin tam olaraq hərbi şəxslərə həvalə olunması dövlətçiliyin qorunması, milli təhlükəsizliyə nail olunması baxımından təhlükəlidir. Odur ki, bir sıra səlahiyyətli vəzifələrin mülkiləşdirilməsi zəruridir.
Araşdırmalar onu deməyə əsas verir ki, bu gün Azərbaycan Silahlı Qüvvələri sistemində bir sıra struktur və bölmələrdə mülkiləşdirmə prosesinin həyata keçirilməsinə ehtiyac yaranıb. Xatırladaq ki, 2009-cu ilin iyul-avqust aylarında Müdafiə Nazirliyində və Silahlı Qüvvələrin Baş Qərargahında ştat-struktur islahatları həyata keçirilib. Nəticədə bir sıra yeni idarələr yaradılıb, bəziləri ləğv olunub və ya başqaları ilə birləşdirilib. Müşahidələr göstərir ki, bu islahatların davamı kimi yaxın vaxtlarda orduda baş verəcək dəyişikliklər məhz mülki heyətin sayının artırılması ilə bağlı olacaq. Aşağıdakı bölmə, birləşmə və idarələrin rəhbərlərinin və heyətinin mülkiləşdirilməsi mümkün görünür:
- Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi;
- Tərbiyəvi işlər, kadrlar, mənzil-istismar, maliyyə, işlər, hüquq, inspeksiya, tibb, ekologiya idarələri;
- mətbuat xidməti, sanitar-epidemioloji xidmət, arxiv, SQ Baş Qərargahında kompüter bölməsi;
- Müdafiə Nazirliyinin ərzaq, əşya anbarları, təminat və silah-sursat bazaları;
- hərbi komissarlıq sistemi;
- hərbi hissələrdə olan yeməkxanalar, mağazalar;
- Mərkəzi Ordu İdman Klubu, Könüllü Hərbi Vətənpərvərlik İdman Cəmiyyəti, hərbi okestr, Zabitlər evi;
- hərbi hissələrdə sürücülər, rabitəçilər (bir qismi);
- hərbi hospitallar, sanitar-epidemioloji stansiya, poliklinikalar;
- Hərbi polis;
- Müdafiə Nazirliyinin tabeçiliyində olan mətbəə, qəzet, jurnallar, kinostudiyalar, klublar.
Azərbaycan Ali Hərbi Məktəbi, Naxçıvandakı Ali Hərbi Məktəb, Hərbi Dənizçilik Məktəbi, Ali Hərbi Təyyarəçilik Məktəbində bu vəzifələrin mülkiləşdirilməsi mümkündür: xidmətçi personal, sürücülər, aşpazlar, tibb məntəqəsi heyəti, camaşırxana xidməti, maliyyə, əşya, ərzaq xidmətlərinin rəhbərləri və heyəti, humanitar və dil fənləri müəllimləri, hüquqşünaslar, klub rəisləri, fiziki hazırlıq üzrə təlimatçılar, elektron avadanlıqlar və rabitə bölmələri üzrə çalışanlar və s.
Eyni zamanda Cəmşid Naxçıvanski adına Hərbi Litseyin (eyni zamanda onun Naxçıvan Muxtar Respublikasındakı filialının) rəhbərliyinin və bütün şəxsi heyətinin mülkiləşdirilməsi zəruridir. Ona görə ki, bu litseylərdə təhsil alanların hərbi qulluqçu statusu yoxdur. Xatırladaq ki, SSRİ dövründə C.Naxçıvanski adına Hərbi Litseyin yalnız rəhbərliyi hərbçilərdən ibarət idi.
Silahlı Qüvvələrin Akademiyası, Müdafiə Nazirliyi Təlim-Tədris Mərkəzinin və Hərbi Elm Mərkəzinin bir sıra istiqamətlər üzrə hərbi qulluqçularının mülki heyətlə əvəz olunması mümkündür. Silahlı Qüvvələrin ictimaiyyətlə əlaqələrinin gücləndirilməsi üçün hərbi birləşmələrdə ictimaiyyətlə əlaqələrə məsul mülki şəxslərin təyin olunması zərurətdir. Araşdırmalar göstərir ki, Silahlı Qüvvələrdə mülki şəxslərin məsul vəzifələrə təyin olunması orduya mülki nəzarəti gücləndirir. Eyni zamanda Azərbaycanın müharibə şəraitində olduğunu nəzərə alaraq cəbhə xəttində yerləşən hərbi hissələrə yanaşmada fərqli münasibətin ortaya qoyulması vacib görünür.
Əldə olunan məlumatlara görə, 2010-2012-ci illəri əhatə edəcək üçüncü IPAP çərçivəsində Müdafiə Nazirliyinin şəxsi heyətinin ilkin dövr üçün 10-12 faizinin mülki heyətlə əvəz edilməsi gözlənilir. Xatırladaq ki, 2003-cü ildə səslənmiş rəsmi məlumatlara görə, Müdafiə Nazirliyi sistemində 4 min nəfərdən artıq mülki heyət xidmət edir. Onların sayının 2012-ci ilin əvvəllərinədək ən azı 2,5-3 dəfə artırılması gözlənilir. Bəzi məlumatlara görə, prosesin sonu müdafiə nazirinin mülki şəxslə əvəzlənməsi ilə başa çatacaq. Bu zaman Baş Qərargahın funksiyaları artırılacaq.
Araşdırmalar göstərir ki, Silahlı Qüvvələrdə mülkiləşdirmə prosesinin həyata keçirilməsi bir sıra əhəmiyyətli məqamların üzə çıxmasına təsir göstərəcək. İlk növbədə müdafiə xərclərinin süni şəkildə şişirdilməsinin qarşısı alınacaq. Məlumdur ki, bu gün hərbi heyətin saxlanılması mülki heyətlə müqayisədə 2-3 dəfə baha başa gəlir. Beləliklə, bir sıra vəzifələrdə çalışan hərbi qulluqçuların mülki şəxslərlə əvəzlənməsi ümumilikdə orduda sosial təminatın yaxşılaşdırılmasına imkan yaradacaq. Eyni zamanda bu proseslər yeni iş yerlərinin ortaya çıxmasına səbəb olacaq. Mülkiləşdirilmə prosesi hərbi bölmələrin tam şəkildə komplektləşdirilməsinə imkan yaradacaq.
Proqnozlaşdırmaq olar ki, 2010-cu ildə Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyinin yeni simaya keçidi ilə bağlı ölkə rəhbərliyi səviyyəsində qərarlar qəbul ediləcək. Bu gün Azərbaycanın müharibə şəraitində olduğunu əsas gətirərək Silahlı Qüvvələr strukturunda mülkiləşdirmə prosesini ləngitmək, ümumiyyətlə, islahatlar prosesinə mənfi təsir göstərir. NATO ölkələrinin təcrübəsi göstərir ki, müdafiə nazirinin mülki şəxs olması ordunun bacarığının, döyüş hazırlığının artırılmasında, ümumiyyətlə, ordu idarəçiliyində mühüm rol oynayır. Gözləmək olar ki, IPAP-ın üçüncü mərhələsi Azərbaycan üçün bu baxımdan xüsusi önəm daşıyacaq.
Hərbi Analitik Təqiqatlar Mərkəzi
|
|
|
|
|
|
|