Hal-hazırda Ayna qəzetinin 31.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə axşamı | 31.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Ordunun aynası  
 
 
NATO-nun yeni strateji konsepsiyası
NATO-nun yeni strateji konsepsiyası
Proqnozlaşdırılan dəyişikliklər və onların Cənubi Qafqaz ölkələrinə təsiri
Cümə axşamı, 31.12.2009

Cəsur Sümərinli mətn ölçüsü  

NATO-nun yeni strateji konsepsiyasının 2010-cu ildə Lissabonda (Portuqaliya) keçiriləcək sammit zamanı qəbul edilməsi planlaşdırılıb. NATO-nun 1999-cu ildə qəbul edilmiş əvvəlki konsepsiyasını əvəzləyəcək yeni strategiya konsepsiyası bir çox yeni təhlükələri (dəniz quldurluğu, enerji daşıyıcıları tədarükünün dayandırılması və s.) nəzərə alacaq. Hazırda sənədin işlənib hazırlanması "açıq məsləhətləşmələr", həmçinin alyansın internet saytı vasitəsilə (www.nato.int) həyata keçirilir. Qeyd edək ki, NATO-nun yeni strateji konsepsiyası üzrə işlərin istiqamətləndirilməsi ABŞ-ın sabiq dövlət katibi Madlen Olbraytın və "Royal Dutch Shell" şirkətinin keçmiş rəhbəri Yerun van der Veerin başçılıq etdiyi "müdriklər qrupu"na tapşırılıb.

NATO rəsmilərinin sözlərinə görə, hazırda norma və məqsədlər dəyişdiyindən yeni strategiyanın qəbul edilməsinə zərurət yaranıb. Xatırladaq ki, indiyə kimi NATO-nun 2 strateji konsepsiyası mövcuddur. İlk sənəd 1991-ci ildə qəbul edilib. Bu sənəddə dialoq, əməkdaşlıq və konseptual məsləhətləşmələr, təşkilatın transformasiyası, böhranların idarəedilməsi, qarşısının alınması prosesi və s. öz əksini tapmışdı. 1991-ci ildən etibarən baş verən hadisələr, SSRİ-nin süqutu, Yuqoslaviyada baş verən hadisələr NATO-da yeni dəyişikliklərin başlanmasına səbəb oldu. NATO-nun ilk sülhməramlı əməliyyatları başladı.

İkinci strateji konsepsiya 1999-cu ildə müzakirə edilərək qəbul edildi. Bu sənəddə davamlılıq və dəyişiklik məqamları əksini tapdı. 90-cı illərdə öyrənilən təcrübəni əks etdirən sənəddə eyni zamanda Varşava paktının keçmiş üzvləri və NATO-nun əvvəlki düşmənləri ilə əməkdaşlığı vurğulanıb. Sənəddə əməkdaşlıq və tərəfdaşlıq ittifaqın fundamental vəzifələri kimi qeyd edilib. Konsepsiyaya müxtəlif şəraitlərdə və sülhməramlı fəaliyyətlərdə birgə müdafiə, sülhməramlı fəaliyyətlər, həmçinin böhrana cavab əməliyyatları da daxil edilib. İkinci konsepsiya 2006-cı ildə ətraflı siyasi təlimatla daha da gücləndirilib.

1999-cu ilin konsepsiyasında NATO-nun məqsədlərinin çox aydın şəkildə göstərilməsinə baxmayaraq, alyans öz strategiyasının dəyişdirilməsi vaxtının çatdığını hesab edir.

REKLAM

Son on il ərzində baş vermiş hadisələr də bunu zəruri edir. Belə ki, 1999-cu ildə NATO-nun 16 üzvü var idi, hazırda isə müttəfiqlərin sayı 28-dir. O zaman 11 sentyabr hadisələri də baş verməmişdi.

Azərbaycan NATO-dan nə istəyir?

Noyabrın 17-də NATO Parlament Assambleyasının 55-ci sessiyası çərçivəsində qurumun Müdafiə və Təhlükəsizlik Komitəsinin növbəti iclasında alyansın yeni strateji konsepsiyası ətrafında gedən diskussiyalar zamanı millət vəkili Qüdrət Həsənquliyev qurumu Qarabağla bağlı BMT-nin qəbul etdiyi qətnamələri həyata keçirməyə çağırıb. "NATO Azərbaycanı müdafiə etməlidir" deyən Həsənquliyev əks halda bölgədə təhlükəsizliyin möhkəm olmayacağını, sabitliyin hər an pozula biləcəyini, yeni hərbi toqquşmanın qaçılmazlığını vurğulayıb. Öz növbəsində digər deputat Zahid Oruc da NATO-nun Balkan münaqişələrinin tənzimlənməsində bir, Cənubi Qafqazda cərəyan edən işğal siyasətində, konkret olaraq Rusiya-Gürcüstan müharibəsində və Ermənistanın Azərbaycanın ərazilərini işğal etməsində isə fərqli mövqe nümayiş etdirməsinə diqqət çəkdi. Oruc NATO-nun gələcək konsepsiyasında Cənubi Qafqazdakı münaqişələrin ədalətli həllinin mühüm yer tutmasının vacibliyini bəyan edib.

NATO PA-nın plenar iclasının 55-ci sessiyasında çıxış edən alyansın baş katibi Anders Foqh Rasmussen Cənubi Qafqaz bölgəsində olan münaqişələrin narahatlıq doğurduğunu bəyan edib. Eyni zamanda qeyd edib ki, NATO özünün strateji planlarında mütləq olaraq ərazi bütövlüyü və suverenlik məsələsində xüsusi təkid edəcək. Bununla bərabər o, konsepsiyaya ayrı-ayrı ölkələri daxil etmədiklərini, prinsiplər üzərində hərəkət edəcəklərini vurğulayıb.

Noyabrın 19-da Bakıda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin və NATO Azərbaycan Beynəlxalq Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən "NATO-nun yeni strateji konsepsiyası: tərəfdaşlar tərəfindən müzakirələrə töhfə" konfransında xarici işlər nazirinin müavini Araz Əzimov ölkəmizin NATO-nun ən fəal tərəfdaşlarından biri olduğunu deyib. O həmçinin NATO-nun müasir dövrdə yalnız üzvlərinə deyil, tərəfdaşlarına da təhlükəsizlik zəmanətləri verməsinin zəruriliyini bildirib. Əks təqdirdə bunun alyansın gələcək arxitekturasına neqativ təsir göstərəcəyini deyən A.Əzimov ötən ilin avqustunda Gürcüstanda baş verən hadisələri misal çəkib: "Mən NATO ilə tərəfdaş ölkələr arasında ikitərəfli sazişlər imzalanmasını təklif edirəm. Bu sazişlərdə tərəflərin məsuliyyət və öhdəlikləri ilə yanaşı, tərəfdaş ölkələrin təhlükəsizlik zəmanəti də öz əksini tapmalıdır".

Noyabrın 20-də Bakıda Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Böyük Britaniyanın Strateji Araşdırmalar üzrə Beynəlxalq İnstitutunun birgə layihəsi çərçivəsində "Cənubi Qafqazda təhlükəsizliyə maneələr: mövcud reallıqlar və regional inkişafın perspektivləri" adlı beynəlxalq konfransda parlamentin vitse-spikeri Ziyafət Əsgərov dedi ki, "Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli heç bir dövlətin marağında deyil". Dünyanın aparıcı siyasi qüvvələrinin Qarabağ məsələsində ikili standart yürütdüyünü bildirən Əsgərov qeyd etdi ki, Balkanlarda hadisələr baş verəndə NATO çox operativ həll etdi, Dağlıq Qarabağ münaqişəsi isə Minsk Qrupuna həvalə olundu, bu qurum isə 18 ildir heç nə edə bilmir. Beynəlxalq qüvvələrin Azərbaycanı problemin sülh yolu ilə həllinə dəvət etdiyini xatırladan Z.Əsgərov daha sonra bunları dedi: "NATO PA-nın rəsmisi mənə demişdi ki, heç kim xristian Ermənistanı qoyub, müsəlman Azərbaycana kömək etmək istəmir". Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov isə bildirdi: "Həm ölkə daxilində, həm də xaricdə bildirirlər ki, əgər Azərbaycan demokratik islahatları daha sürətlə həyata keçirsəydi, Qərbin münasibəti daha fərqli olacaqdı. Mən bu dəyərləndirməni doğru saymıram. Çünki əlimizdə yüzlərlə başqa faktlar var. Elə götürək Əfqanıstanla bağlı son günlər baş verən məsələləri. Dünya birliyi, 27 dövlətin prezidenti bir araya gəlib, Əfqanıstana yardımdan danışır, ancaq Azərbaycanın işğal edilmiş torpaqları ilə bağlı belə sərt mövqe ortaya qoyulmur".

Bəs Alyans hansı dəyişikliklərə hazırlaşır?

NATO-nun 2010-cu ildə qəbul edəcəyi gözlənilən yeni strateji konsepsiyasında hansı dəyişikliklər və yeniliklər ola bilər? Hərbi Analitik Tədqiqatlar Mərkəzinin (HATM) araşdırmalarına görə, ilk növbədə aşağıdakı dəyişiklik və yenilikləri görmək mümkün olacaq:

- Yeni strategi konsepsiyada dünyanın birqütblü idarəolunması sistemindən çoxqütblüyə keçidi əksini tapacaq. Bu çərçivədə Rusiya, eyni zamanda onun dominant olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə əməkdaşlığın qurulması, bir çox ekspertlərin dediyi kimi, "sülh sazişi"nin imzalanması vacib prioritetlərdən biri olacaq (hətta bu, NATO-nun Azərbaycan, Ukrayna, Gürcüstanla münasibətlərinin inkişafına zidd olsa belə). Eyni zamanda, artıq real güc mərkəzinə çevrilmiş Avropa Birliyinin NATO daxilində rolunun artırılması istiqamətində addımlar atılacaq;

- NATO-nun Cənubi Qafqaz və Orta Asiya üzrə strategiyası dəqiqləşdiriləcək. Bu bölgələrə daxil olan ölkələrlə münasibətlərin konkret hədləri bəlli olacaq. Onların alyansın Əfqanıstan strategiyasında rolu konkretləşdiriləcək;

- Əfqanıstanda vəziyyətin sabitləşməsi başlıca prioritet olaraq qalacaq. Yeni sənəddə bu ölkənin sabitləşməsi istiqamətində, ümumiyyətlə, bölgənin təhlükəsizliyinin təmin olunması ilə bağlı konkret çağırışlar əksini tapacaq. Yeni konsepsiya inandırıcı və aydın şəkildə NATO-nun yeni təhlükəsizlik şəraitində rolunu göstərəcək;

- alyansın özünün idarəolunmasında çevikliyin artırılması, bürokratik amillərin azaldılması istiqamətində dəyişikliklər aparılacaq. Xüsusilə də NATO-dakı konsensus qərarverməsinin dəyişdirilməsi gözlənilir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Bölmənin digər xəbərləri
 
Layihənin dəstəyi: NATO-nun İctimai Diplomatiya Bölməsi

Məsul redaktordan
Ön söz

Cənubi Qafqaz ölkələrinin Əfqanıstan strategiyası
2010-cu il üçün qeyri-sabit ölkəyə davamlı dəstək nə vəd edir?

Silahlı Qüvvələrin mülkiləşdirmə prosesi
IPAP-ın üçüncü mərhələsində nələr nəzərdə tutulur?



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər