Hərbi qulluqçulara işgəncə verməkdə ittiham olunan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin kiçik çavuşu Zamin Müzəffər oğlu Rəhimovun məhkəməsi başa çatdı. Cinayət işi Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə araşdırılıb.
Təqsirləndirilən şəxs CM-nin 332.3-cü (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla və ya ona qarşı zor tətbiq etməklə nizamnamə qaydalarını pozma) maddəsi ilə ittiham olunub.
Zamin Rəhimov hərbi xidmətdə olduğu müddətdə hərbçilər - Cavid Məmməd oğlu Süleymanovu söyüb və döyüb. Bundan başqa, hərbçi yoldaşı Şöhrət Gülverdiyevi də söyərək, onun bədəninin müxtəlif nahiyələrinə süngü bıçağı ilə xəsarət yetirib.
Təqsirləndirilən şəxs 2008-ci il aprelin 16-da Sabirabad rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
Məhkəmə prosesində ifadə verən təqsirləndirilən şəxs Zamin Rəhimov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, kiçik çavuş Cavid Süleymanov və Şöhrət Gülverdiyevlə hərbi xidmətdə tanış olub və normal münasiblətləri olub. Onun sözlərinə görə, 2009-cu il mayın 25-də günorta yeməyi vaxtı Cavid Süleymanovun başqa şəxslərlə qeyri-təbii yolla cinsi əlaqədə olmasını eşidib.
Onun ifadəsinə görə, bu barədə kiçik çavuş Məftun İsmayılov və əsgər Elbrus Cabbarovla danışıb. O, adıçəkilən şəxslərlə birlikdə Cavid Süleymanovun hərbi qulluqçularla cinsi əlaqədə olmasını dəqiqləşdirmək qərarına gəliblər: "Mayın 27-də gecə saat 02:00 radələrində Məftunla birlikdə həmin vaxt nəzarət-buraxılış məntəqəsində növbədə olan Cavid Süleymanovun yanına getdik. Ondan başqa əsgərlərlə cinsi əlaqədə olub-olmamasını soruşduq. Cavid isə bunun yalan olduğunu bildirdi. Həmin vaxt Cavidin sinəsindən yumruq zərbəsi vurdum. Sonra Məftunla birlikdə əsgər yataqxanasına qayıdaraq yatdıq".
Təqsirləndirilən şəxs daha sonra ifadəsində qeyd etdi ki, ertəsi gün "yat" komandasından sonra yerinə uzanıb. Onun sözlərinə görə, yuxulu olduğu zaman kimsə ona zərbələr vurub: "Gözümü açanda isə kiminsə alışqanın işığı ilə gözlərimə işıq saldığını gördüm. Ayılanda isə məni vuran şəxsin Şöhrət Gülverdiyev olduğunu gördüm. O mənim yerimdən qalxmağımı tələb etdi. Mən isə ona naryaddan çıxdığımı və yorğun olduğumu bildirdim. Şöhrət Gülverdiyev Cavid Süleymanovu çığıraraq, məni qaldırmaqlarını əmr etdi. Mən vurulmağımdan qorxaraq, Şöhrət Gülverdiyevin belində olan süngü bıçağını çıxardım. Şöhrət buna mane olsa da, məndən bıçağı ala bilmədi. Mən yerimdən tələsik ayağa qalxdım və süngü bıçağı ilə Cavid Süleymanovun sinəsinə zərbələr vurdum".
O, ifadəsinin sonunda qeyd etdi ki, zərərçəkmişlər - Şöhrət Gülverdiyev və Cavid Süleymanovla barışıb. O, əməlindən peşman olduğunu da bildirdi. Ona görə də məhkəmədən barəsində ədalətli qərar çıxarmasını xahiş edib.
Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verən Cavid Süleymanov qeyd etdi ki, Zamin Rəhimov onun ləyaqətini alçaldaraq, əsgərlərlə qeyri-təbii yolla cinsi əlaqədə olub-olmamasını soruşub: "Mən isə ona bunun yalan olduğunu bildirdim. Onun barəmdə belə alçaldıcı sözlər danışdığına görə əsəbləşdim və onun sinəsinə bir yumruq zərbəsi vurdum".
Məhkəmədə ifadə verən digər zərərçəkmiş Şöhrət Gülverdiyev isə bildirdi ki, Cavid Süleymanovun barəsində təhqiramiz ifadələr yayan Zamin Rəhimova əsəbləşib və nəticədə sonuncu ilə etdiyi mübahisə nəticəsində xəsarət alıb. Hər iki zərərçəkmiş ifadələrində təqsirləndirilən şəxsi bağışladıqlarını bildirdilər.
Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin hökmü ilə təqsirləndirilən Zamin Rəhimova 5 il azadlıqdan məhrum etmə cəzası təyin edildi.
|