çap et  
2010 bahalaşma ilə yadda qalacaq
Proqnoz: bu ilin maliyyə böhranı gələn ildəkinin yanında "toya gedəcək"
Cümə axşamı, 31.12.2009


A.ƏHMƏDOVA

İqtisadiyyatımız qlobal maliyyə böhranının təsirindən üzüağ çıxa bilmədi. Hökumətin "maliyyə böhranı Azərbaycandan yan keçdi" iddiasının əksinə olaraq, sadə vətəndaş ilin ağırlığını həyatında gen-bol hiss etdi. Qiymətlərdə ucuzlaşma müşahidə edilsə də, Avropa və Amerikada olduğu kimi, ölkəmizdə də işçilər öz hesabına məzuniyyətə göndərildi, iş yerləri, 5-10 il ərzində uğurla fəaliyyət göstərən şirkətlər bağlandı. Bəs yeni ildə? Sosial-iqtisadi vəziyyətimiz necə olacaq? Bu suala iki iqtisadçı ekspertin köməyi ilə cavab tapmağa çalışdıq.

İqtisadçı Qadir İbrahimli: "Bahalıq olacaq!"

İqtisadçı deyir ki, 2009-un maliyyə böhranı gələn ildəkinin yanında "toya getməli" olacaq: "Söhbət ilk növbədə bahalaşmadan gedir. Əslində bu, təbiidir. Böhranın yaratdığı ucuzlaşma, postböhran dövründə bahalaşma ilə əvəzlənməliydi. Amma problem onda yaranacaq ki, postböhran dövründə bahalaşmanın sürəti ucuzlaşmanın sürətindən daha çox olacaq. Beləliklə, bahalı qiymətlər yeni böhranın təməlini qoyacaq".

İqtisadçı ilkin müşahidələrini də bizimlə bölüşür. Artıq qızılın bir unsiyası (31 qram) 1100 dollara yaxınlaşır. Neftin qiyməti 60 faiz yüksəlib. Misin qiyməti iki dəfə artıb.

Qadir İbrahimli deyir ki, kakao son 20 ildə belə baha olmayıb. Şəkər tozunun qiyməti isə 1981-ci ildən bəri belə qalxmamışdı. Təbii ki, qiymətlərin kəskin bahalaşması dolların ucuzlaşmasına birbaşa təsir edir.

Qadir İbrahimliyə görə, qiymət sıçrayışlarını təkcə yuxarıda sadalanan amillər sürətləndirmir. Onun sözlərinə görə, böhranın şirkətlərə vurduğu ziyanı kompensasiya etmək üçün qiymətlər qaldırılır. Sözsüz ki, bu hallar hər yerdə, Azərbaycanda da mövcuddur.

BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Dünya Ərzaq Proqramı ilə birlikdə yaydığı son hesabatda qeyd olunur ki, dünyada gedən maliyyə böhranı yoxsulluğun kəskin artmasına yol açıb. Ərzaq qiymətləri qalxır və ac qalan insanların sayı artır. Hesabata əsasən, Asiya və Sakit okean ölkələrində 642 milyon, Afrikanın sub-səhra zonalarında 265 milyon, Latın Amerikası və Karibdə 53 milyon, Yaxın Şərq və Şimali Afrikada 42 milyon, inkişaf etmiş ölkələrdə 15 milyon adam xroniki qida çatışmazlığından əziyyət çəkir.

Beləliklə, dünyada paradoksal vəziyyət yaranıb: "Bir tərəfdən investorlar qiyməti bahalaşdırmağa can atırlar, digər tərəfdən BMT ərzaq məhsullarını ucuzlaşdırmaq üçün aqrar sektora yardımları artırmağa çağırır. Ona görə də 2010-nun daha ağır il olacağını düşünmək olar".

İqtisadçı Rövşən Ağayev: "İqtisadiyyatımızda durum xeyli mürəkkəbdir"

Ağayevin fikrincə, Azərbaycan iqtisadiyyatı üçün 2009 xeyli gərgin il oldu. Əvvəlki illə müqayisədə yüksək inflyasiya tempi əhəmiyyətli dərəcədə aşağı düşdüsə də, iqtisadiyyatın müxtəlif sektorlarında iş yerlərinin kütləvi ixtisarı, məvacib və pensiyaların məbləğində artımların baş verməməsi qiymətlərdəki sabitləşmənin müsbət sosial effektinin hiss edilməsinə imkan vermədi.

İqtisadçı deyir ki, rəsmi statistikanın yaratdığı məlumat kasadlığı iqtisadiyyatda gedən real mənzərəni dəqiq təsəvvür etməyə imkan vermir: "Azərbaycanda hər ay istehlakçıların davranışlarını və gözləntilərini ölçməyə imkan verən indekslər hesablanmır. İş yerlərinin kütləvi ixtisarını, işsizlik müavinətinə iddia edənlərin sayını, məhsul istehsalının dinamikasını dəqiq müəyyənləşdirməyə imkan verən etibarlı statistika yoxdur. Bu cür göstəricilərin hesablanmadığı şəraitdə ortaya çıxan rəsmi məlumatlar daha çox siyasi yük daşıyır".

İqtisadçının fikrincə, büdcə gəlirlərinin proqnozlaşdırılan məbləğlə müqayisədə 25, ümumi daxili məhsulun nominal həcminin 20, xarici investisiyaların 40, büdcə investisiyalarının 30 faiz, xarici ticarət dövriyyəsinin 2 dəfə azalması ölkə iqtisadiyyatında durumun xeyli mürəkkəb olduğunu göstərir. Son 14 ildə ilk dəfə olaraq ümumi daxili məhsulun nominal həcmində, son 11 ildə isə büdcə daxilolmalarında azalma baş verib. Ekspert deyir ki, əgər başqa heç bir göstəricini nəzərə almasaq belə, təkcə bu iki göstərici iqtisadiyyatda gərginliyin simptomları sayıla bilər.

2010-cu illə bağlı gözləntilər

Rövşən Ağayev sosial-iqtisadi sferada hökm sürən hazırkı gərginliyin növbəti ildə də qalacağına şübhə etmir. Ona görə ki, cəmiyyətdə inflyasiya gözləntilərinin artımı müşahidə olunmağa başlayıb və gələn il qiymət artımının sürətlənməsi ölkədə ciddi sosial gərginlik mənbəyinə çevrilə bilər. O deyir: "Nəzərə alın ki, 2010-cu ildə hökumət büdcə sektorunda çalışanların məvaciblərinin, pensiya və başqa sosial ödənişlərin artımına hazırlaşmır. Başqa tərəfdən, büdcə investisiyalarının azalması yol və sosial infrastruktur tikintisini, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi isə mənzil tikintisini daha da məhdudlaşdıracaq. Belə vəziyyətdə isə əhalinin müvəqqəti də olsa, iş yerlərilə təminatı sosial sarsıntılarla müşayiət oluna bilər".

Hökumət isə iqtisadi göstəricilərlə bağlı xeyli nikbin görünür. Rəsmi proqnozlara görə, gələn il bütün sahələrdə, hətta ciddi problemlər içərisində olan tikinti sektorunda artım gözləməliyik.

Amma iqtisadçı bizə xatırladır ki, hökumət cari ilin əvvəlində də eyni nikbinliyi nümayiş etdirirdi. Cəmi bir neçə ay əvvəl 2009-cu il üçün 5 faizlik nominal ümumi daxil məhsul artımı proqnozlaşdırıldığı halda, indi 19 faizlik azalma proqnozlaşdırılır.

İqtisadçı əlavə edir ki, proseslərin təhlili növbəti ildə əmlak bazarında və bank sektorunda vəziyyətin bir qədər də ağırlaşacağını göstərir: "Xüsusilə də daşınmaz əmlakın qiymətlərinin düşməsi, bankların iqtisadiyyatın, xüsusilə də özəl sektorun kreditləşməsində rolunun azalması, vaxtı ötmüş kreditlərin həcminin genişlənməsi kifayət qədər real görünür".