![]() |
çap et |
|
|||
İpoteka kreditləşməsində yenə fasilə yaranıb. MB rəsmilərinin söylədiklərinə inansaq, bu, sənədlərin hazırlanması ilə bağlıdır. Demə, hazırda bəzi müvəkkil bankların ipoteka kreditləşdirilməsini dayandırmasına səbəbin vəsait çatışmazlığı ilə əlaqəsi yoxdur. Onu da qeyd edək ki, yaxın vaxtlarda MB-də ipoteka bazarının inkişafı istiqamətində geniş tədbirlər planının müzakirəsinə başlanacaq. Ancaq dəyişiklik təkcə ipotekanı yox, bütün kreditləri əhatə edəcək. Banklar yığılan əmanətləri həzm edə bilmədiyindən gələn il əmanət faizləri və buna uyğun olaraq kredit faizləri düşəcək.
İpoteka kreditləşməsi mexanizminin təkmilləşməsi məsələsinə münasibət bildirən MM İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimlinin qənaətinə görə, Azərbaycanda həm kommersiya, həm də sosial ipotekanın fəaliyyət göstərməsi təqdirəlayiqdir. Güzəştli ipoteka 4 faizlə, maksimum 35 min manat, adi ipoteka isə 8 faizlə 50 min manat həcmində verilir. Müddətlər müvafiq olaraq 25 il nəzərdə tutulub. "Lakin bu, yetərli ola bilməz. İpoteka sahəsində ciddi nəticələrə nail olmaq üçün öncə sosial ipoteka faiz dərəcələrinin salınması yönündə addımlar atılmalıdır. Çünki istər dövlət vəsaiti, istərsə də bankların öz vəsaitləri hesabına həyata keçirilən maliyyələşmə sosial ictimai proqram xarakteri daşıyır. Sosial layihə olduğuna görə də faiz dərəcəsi simvolik xarakter daşımalıdır. Məsələn, Türkmənistanda belə kreditlər 1 faizə verilir. Sonra xeyli dərəcədə güzəştli şərtlər də tətbiq olunur. Yəni bizdə də hökumət çalışmalıdır ki, imkansız ailələr çətinliklərlə rastlaşmasın". İqtisadçının fikrincə, daşınmaz əmlak bazarında mövcud qiymətləri də nəzərə almaq vacibdir. Məlum məsələdir ki, əmlak bazarında 2-3 otaqlı mənzilə sahib olmaq istəyən şəxs heç vaxt 50 min manata bu istəyini reallaşdıra bilməz. Bazarın indiki şərtləri ilə bu, tamamilə mümkünsüzdür. Belə mənzil almaq üçün ailə əlavə 20 min manat da tapıb, çatışmayan fərqi ödəməlidir. Nəticədə ailə çox çıxılmaz vəziyyətə düşür: "Hesab edirəm ki, kommersiya ipoteka üçün verilən vəsaitin həcmi 50 min manatdan 70-80 min manata qədər artırılmalıdır. Sosial ipoteka üçünsə maksimum həddi 35 min manatdan 50-55 min manata qədər artırmaq lazımdır. Bu artım sosial ipoteka alanların vəziyyətinə müsbət təsir göstərər". İqtisadçı millət vəkili sosial ipotekaya 2010-cu ilin dövlət büdcəsindən nəzərdə tutulan 14 milyon manat vəsaitin az olduğu qənaətindədir: "Nəzərə alsaq ki, 2010-cu ilin büdcəsində bir barrel neftin qiyməti 45 dollar götürülüb, indi isə bu rəqəm 75-80 dollardır, çox güman, gələn il neftin qiyməti 45 dollardan artıq olacaq. Hər yüksək olan 1 dollar Azərbaycanın büdcəsinə xeyli əlavə vəsait daxil olmasına gətirib çıxaracaq. Bu vəsaitin 2010-cu ilin ortalarında yenidən bölünməsinə ehtiyac olacaq. Belə olan halda, İpoteka Fonduna 14 milyon yox, ondan qat-qat çox vəsait ayrılması təklifi səsləndiriləcək. Həm də mart ayında hökumətin hesabatı olacaq. Həmin hesabat zamanı da sosial ipotekaya büdcədən ayrılan 14 milyon manatın artırılması istiqamətində konkret təkliflərimiz olacaq. Bu da güzəştli ipoteka alanların dairəsinin genişlənməsinə müsbət təsir göstərəcək". |