Hal-hazırda Ayna qəzetinin 31.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə axşamı | 31.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Bu ilin idman mənzərəsi
Gələn il bizi daha maraqlı idman hadisələri gözləyir - buna inanmaq istərdik
Cümə axşamı, 31.12.2009


İlham RƏFİYEV
mətn ölçüsü  

2008-ci İL RƏQƏMLƏRDƏ

Başa çatmaqda olan 2009-cu il ölkəmizin idman həyatında maraqlı hadisələrlə yadda qaldı. İdmançılarımız bu il 600-dən çox medal qazandılar. Bu rəqəm müstəqillik dövründə rekord göstəricidir. Bunların 174-ü olimpiya idman növlərinə aiddir. İlk dəfə il ərzində dünya çempionatlarında 4 qızıl medal qazanılıb. Azərbaycan idmançıları 180 dünya, 228 Avropa çempionatı və birinciliklərində qüvvələrini sınayıblar. 321 təlim-məşq toplanışında 3315 nəfər iştirak edib. Xatırladaq ki, idmançılarımız ötən il 550 medal qazanmışdılar.

İLİN İDMAN QƏHRƏMANLARI

İlin idman qəhrəmanlarından söz açarkən, bu yerdə idman tariximizdə yeni səhifə açan yüngül atlet Ramil Quliyevin adını qeyd etmək yerinə düşər.

Olimpiya hərəkatında xüsusi çəkisi olan və idmanın şahı adlandırılan yüngül atletikada çıxış edən Ramil Quliyevin Almaniyada keçirilən dünya çempionatındakı çıxışı əsl sürpriz oldu. 19 yaşlı Ramil 200 metr məsafəyə qaçışda dünya çempionatının finalına çıxdı. Ramil adlı-sanlı 8 atlet arasında yeddinci olsa da, dünya çempionatında ən yüksək nəticə göstərmiş idmançımız kimi Azərbaycan idmanı tarixinə düşdü.

İlin idman qəhrəmanları sırasına Fərid Mansurovu da aid etmək olar. 2004-cü il Afina Yay Olimpiya Oyunlarının qalibi, zədəsinə görə xeyli vaxtdır beynəlxalq yarışlardan kənarda qalan Fərid Mansurov (66 kq) bu il ikinci dəfə dünya çempionu adı qazandı.

Ağır atletika üzrə ikiqat dünya çempionu Nizami Paşayevin də ilin idman qəhrəmanları sırasında yeri var. Ölkəmizin ən titullu ağır atleti dünya çempionatında gümüş medal qazansa da, bu faktın özü çox sevindiricidir. Çünki uzun müddət zədədən əziyyət çəkən və yarışlardan diskvalifikasiya edilən Nizami Pekin Olimpiadası çıxılmaq şərtilə 2006-cı ildən bu yana beynəlxalq yarışda iştirak etməyib.

Gənclər arasında İrəvanda keçirilən cüdo üzrə Avropa çempionatının qızıl mükafatçısı Elmar Qasımovu, güləş üzrə dünya çempionu titulunu qazanan Mariya Stadniki, bədii gimnast, topla hərəkətlərin icrasında dünya çempionatının gümüş mükafatçısı Aliyə Qarayevanı da ilin idman qəhrəmanları sırasına aid etmək olar.

İLİN İDMAN HADİSƏSİ

Kişi şahmatçılardan ibarət yığmamız Serbiyada keçirilən komandalar arasında Avropa çempionatında böyük uğura imza atdılar - Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Vüqar Həşimov və Rauf Məmmədovdan ibarət dördlük tarixdə ilk dəfə Avropa çempionu titulunu qazandılar.

Bu il Azərbaycan futzalçıları üçün də yaddaqalan il olacaq. Futzal üzrə UEFA kubokunun elit raundunda çıxış edən Azərbaycan çempionu "Araz" turnirin "dördlər" finalına vəsiqə qazandı və qitəmiqyaslı turnirdə bu mərhələyə çıxan ilk komanda kimi Azərbaycan futzal tarixinə düşdü.

2009-cu il Azərbaycan idmanı tarixində əlamətdar bir hidisə ilə də yadda qalacaq. İdmançılarımızın gənclərin cüdo üzrə Avropa çempionatında uğurlu çıxışı sayəsində ölkəmizlə müharibə şəraitində olan Ermənistan paytaxtında bayrağımız qaldırıldı, dövlət himnimiz səsləndi.

REKLAM



İLİN UĞURSUZLUQLARI

Futbol istisna olmaqla komanda idman növlərində ciddi irəliləyiş baş vermədi. Bu, ilk növbədə, basketbol, həndbol və qismən də voleybola aiddir. Odur ki, tənəzzül dövrünü yaşayan komanda idman növlərində növbəti il ciddi islahatlar aparılacağı gözlənilir.

Qadın voleybolçulardan ibarət yığma komandamız Avropa çempionatının final mərhələsində çıxış etdi. Əsas voleybol komandamızın qitə birinciliyinin medalları uğrunda üçüncü cəhdi də uğursuz bitdi. Voleybolçularımız çempionatda yenə 12-ci yeri tutmaqla 2 il əvvəlki nəticəni təkrarladılar. Millimiz 2007-ci ildə olduğu kimi bütün turnir ərzində oynadığı 6 oyunun yalnız birində meydanı qələbə ilə tərk etdi.

2009-cu ilin idman nəticələrinə nəzər salsaq, Azərbaycanda ənənələri olan bəzi idman növlərində böhranın hələ də davam etdiyini görərik. Bu ilk növbədə boksa aiddir. İl boksçularımız üçün də uğurlu olmadı. Dünya çempionatında rinqə çıxan 10 boksçumuzdan heç biri mükafatçılar sırasına düşə bilmədi. Son dörd dünya çempionatında Azərbaycan idmançıları ilk dəfə yarışı medalsız başa vurdular. Ən pisi də odur ki, boksçularımızın əksəriyyəti yarışların ilkin mərhələsində, özü də böyük hesabla uduzaraq mübarizəni dayandırmalı oldular.

Eyni sözləri taekvondoçularımıza da aid etmək olar. Dünya çempionatında ölkəmizi Elnur Amanov, İlkin Şahbazov, Rəşad Əhmədov, Təvəkkül Bayramov kimi təcrübəli idmançılar təmsil etsə də, yalnız Rəşad bürünc medala layiq görüldü. Əgər əvvəllər Azərbaycan taekvondoçuları yüksək yerlərə iddia edənlər sırasında olurdularsa, indi belə deyil.

2009-cu il çıxışı həmişə diqqət mərkəzində olan peşəkar boksçu Əli İsmayılov üçün də uğursuz oldu. Əli bu il keçirdiyi iki vacib görüşün hər ikisində rinqi məğlub tərəf kimi tərk etdi. Əvvəlcə Ümumdünya Boks Təşkilatı (WBO) versiyası üzrə "Qızıl kəmər" uğrunda döyüşdə Viktor Emilio Ramireslə bacarmayan ən titullu peşəkar boksçumuz ardınca Rusiyada WBO versiyası üzrə İnterkontinental kəməri uğrunda döyüşdə məğlub oldu.

İLİN İDMAN YENİLİKLƏRİ

Boks üzrə dünya çempionatındakı uğursuzluq beynəlxalq səviyyədə az-çox tanınan Azərbaycan boksunun imicinə zərbə vurdu. Halbuki lap yaxın dövrlərədək Azərbaycan beynəlxalq arenada həvəskar boksun inkişaf etdiyi ölkələrdən biri sayılırdı. Odur ki, dünya çempionatı kimi səviyyəli yarışda ölkəmizin ən güclü boksçularının "qapazaltı" olmaları çox böyük narahatlıq doğurur. Bu uğursuzluq komandanın məşqçilər korpusunda ciddi dəyişiklikləri qaçılmaz etdi. Azərbaycan Boks Federasiyası boksu ətalətdən çıxarmaq üçün Kubadan mütəxəssis dəvət etdi. İndi yığma komandada iki kubalı məşqçi - Xesus Yu Polyer və Lazaro Ximenes məşğul olur. Hər iki mütəxəssis baş məşqçi Nəriman Abdullayevə hazırlıq prosesini daha keyfiyyətli aparmaqda kömək edir.

Son illər ciddi uğurlar qazana bilməyən ağır atletika yığmasında da vəziyyətdən çıxış yolunu əcnəbi mütəxəssis dəvət etməkdə gördülər. Odur ki, ağırlıqqaldırma üzrə yığma komandamıza bolqarıstanlı mütəxəssis Yanko Rusev baş məşqçi təyin edildi. 1980-ci il Moskva Yay Olimpiya oyunlarının qızıl medalçısı milli komandamızla məşğul olacaq və atletlərimizi 2012-ci il London Olimpiadasına hazırlayacaq.

Xatırladaq ki, Azərbaycan ağır atletləri indiyə kimi olimpiya çempionu ola bilməyiblər. Yanko Rusevin Azərbaycana məşqçi kimi gətirilməsində məqsəd ilk növbədə bu sahədə inkişafa təkan verməkdir.

FUTBOL: CİDDİ İRƏLİLƏYİŞİN SORAĞINDA

Futbolumuzda başlanan islahatlar 2009-cu ildə də davam etdirildi. Bu islahatlar hələ ciddi nəticə verməsə də, özünü yığmanın və klubların beynəlxalq arenadakı çıxışlarında göstərdi. Açıq desək, futbolumuzda müəyyən irəliləyişlər var, amma bunu tərəqqi adlandırmaq hələ tezdir. Əgər "Qarabağ" Norveç nəhəngi "Rusenborq"u məğlub edir, millimiz isə səfər matçında tarixində ilk qələbəsini qazanırsa, bunu inkişafa meyillənmə kimi qəbul etmək olar. Artıq hiss olunur ki, yığma öz gücü və imkanları daxilində gələcəyə baxmağı öyrənir. Bunun nəticəsidir ki, yığmadakı işindən razı qalan AFFA baş məşqçi Berti Foqtsla müqavilə müddətini daha iki il uzadıb.

Yeri gəlmişkən, yığma komandamız Berti Foqtsun başçılığı altında 2010-cu il dünya çempionatının seçmə mərhələsini başa vurdu. 10 oyundan cəmi 5 xal toplayan yığmamız yenə yenilik edə bilməsə də, bir neçə məzmunlu oyunu və bir də rəsmi səfər matçında qazandığı ilk qələbə ilə yadda qaldı.

AFFA yeni meydanlar açır, futbol dərsləri təşkil edir. Ümumilikdə, ölkənin ali futbol qurumunun gördüyü işlər təqdirəlayiqdir. Bu il ilk dəfə millinin oyunçuları ilə xaricdə ciddi maraqlanmağa başlayıblar. Ola bilsin ki, növbəti il futbolçularımızı Hollandiya, Türkiyə və Ukrayna çempionatlarında görə biləcəyik.

Klublarımız Avropa kuboklarında müəyyən irəliləyişə nail ola bildilər. Avrokuboklarda çıxış edən "Bakı" və "Qarabağ" indiyə kimi Azərbaycan klublarının əldə edə bilmədiyi uğura imza atdılar. "Bakı" Çempionlar Liqasında, "Qarabağ" isə Avropa Liqasında üç mərhələ adladı.

Başa çatmaqda olan il Azərbaycan futbolu tarixində önəmli bir başlanğıcın təməli qoyuldu. 17 illik müstəqil futbol tariximizdə ilk dəfə ilin ən yaxşı oyunçuları seçildi. AFFA-nın təşkil etdiyi sorğuda 2009-cu ilin ən yaxşı qadın futbolçusu, futzalçısı, çimərlik futbolçusu, həmçinin əsas milli komandanın futbolçusu və qapıçısı seçilib.

Bu ildən başlayaraq Premyer Liqanın matçları yeni ad altında təşkil olundu. Peşəkar Futbol Liqası ilə "UniBank" arasında imzalanan müqaviləyə əsasən futbol üzrə ölkə çempionatı UniBank Premyer Liqası adlandırıldı.

Ümumilikdə 2009-cu il, etiraf edək ki, maraqlı idman ili olub. Amma 2010-cu ildə bizi daha maraqlı idman hadisələri gözləyir - buna inanmaq istərdik. Gələn il futbol üzrə növbəti ölkə çempionunun və kubok sahibinin adını biləcəyik, 2012-ci il Avropa çempionatında hansı komandaların bizə rəqib olacağını biləcəyik. Eləcə də "Birlik Kuboku"nda "Bakı"nın və UEFA kuboku uğrunda yarışda "Araz"ın oyunlarını izləyəcəyik.

Gələn il Bakıda qılıncoynatma üzrə gənclərin dünya, güləş üzrə Avropa, boks üzrə gənclərin dünya və bodibildinq üzrə dünya çempionatları keçiriləcək...



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Güləşdə lider ölkə

İdman ilinin qəhrəmanları



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər