Ticarət obyektlərində Yeni il bayram bağlamalarının satışı artıb. Yerli və xarici istehsal olan şirniyyat məhsullarından ibarət bayram hədiyyələrinin küçələrdə və metro keçidləri ilə yanaşı, məktəblərdə və bağçalarda satışı da geniş vüsət alıb. Hətta Yeni il şənliyi keçirilən teatr binalarında bu bağlamaların satışı istisna olunmur.
Valideynləri narahat edən məsələ isə ondadır ki, bu hədiyyə paketlərinin böyük əksəriyyətində saxlama müddəti ötmüş ərzaq malları yerləşdirilib. Bu "hədiyyəlik"lərin uşaq orqanizmi üçün təhlükəsi barədə geniş söhbət açmağa dəyməz. Odur ki, kiçikyaşlı uşaqların səhhətində ağır fəsadlar törətmək xüsusiyyəti nəzərə alınaraq, onların satışını dayandırmaq məqbul olardı.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayevin bildirdiyinə görə, ötən illərdə bayram ərəfəsində bu cür malların satışı çoxalırdı. Mərkəz əməkdaşlarının bu malların satışına məsuliyyət daşımadıqlarını bildirən İmran Abdullayev bununla belə, daxil olan şikayətləri nəzərə alaraq həmin ərzaq mallarının keyfiyyətini yoxladıqlarını xatırladıb. Ötən il bir neçə hədiyyəlik bağlamadan malların laborator müayinəsi zamanı keyfiyyətsiz olması aşkar edilib. Mütəxəssis bildirir ki, məhsulların üzərində yararlılıq müddəti ümumiyyətlə göstərilmədiyindən onların satışı tam qadağan olunmalıdır.
Əsas nəzarət orqanlarından biri - İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti isə bayram hədiyyələri ilə bağlı monitorinqlərə başladığını qeyd edir. Qurumdan verilən məlumata görə, insanların həyat və sağlamlığı üçün təhlükə mənbəyi olduğunu nəzərə alan vətəndaşlar da bu malları almaqdan imtina etməlidirlər. Qurum şənliyin təşkilatçıları olan şirkətləri də həmin malları almamağa çağırır.
Tövsiyə olunur ki, hədiyyə malları paylayan şirkətlər əvvəlcə onu müvafiq orqanlarla məsləhətləşmə əsasında alsınlar. İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti bazardakı hədiyyəlik bağlamaları ilə yanaşı, pirotexniki məmulatların satışının qarşısının alınması məqsədilə də yoxlamalar aparıldığını bildirir.
|