 |
Cümə axşamı, 31.12.2009
|
|
Yeni ilə gələrkən hər keçən il nələr elədik, nələr oldu deyə xatırlamağa çalışırıq. Bütün həyatımız boyunca yan-yana, iç-içə bir-biri ilə bərk-bərk qolboyun olmuş sevinc və hüzn yanımızdan rüzgar kimi əsib keçərkən, görəsən, ağacların budaqlarını qırdımı deyirsiniz? Qoca gövdəli böyük ağaclar fırtınalara qarşı dayanaqlıdır kimi doğru, tərbiyəli insanlar, sayğılı insanlar kimi yaşam boyunca hər kəsin qapısını mütləq döyəcək ölüm gələnədək. Sarsağlam bütün möhtəşəmliyi ilə ayaqda dikilib dururlar. Tökülən yarpaqlar kimi rüzgarla dönə-dönə sovrulanları isə anlatmağa heç gərək yox, çünki hamınız onları elə sıradan və bəsit, yalançı kimi həmən tanıyırsınız.
Yağış damcıları evimin damına damla-damla düşərkən dənizi izləyirəm: uzaqlardan gələn böyük gəmilər, kiçik qayıqlar, sürətlə işləyən dəniz avtobusları. Anam, atam. Anamın anası, atamın anası, babalarım və bütün itirdiklərim gəlir ağlıma. Ah. Necə gözəldi o ailə çevrəsi, qohum yığıncaqları, yeni il qabağı yeyilən yemək. Masanın üstü bəzədilmiş, bircə quş südü çatmır. Əvvəl hindinin suyunda bişirilmiş şahanə şorba. Sonra yenə gözəl anamın bişirdiyi hindi ətindən şabalıdlı plov, çeşid-çeşid məzələr. Bəyaz saçlarını zərif sıxma ilə toplayan ana nənəmin əlləri ilə yayılan yuxa, göyərti qutabı. Həyəcanlı ata nənəmin zeytun yağı ilə bişirdiyi yarpaq dolması, atamın Misir bazarından aldığı quru yemişlər... Masanın üstündə nə varsa keflə silib-süpürərdik. Üstü qozlu, qaymaqlı balqabaq şirnisini hazırlamağı heç unutmazdı anam.
Biz də yeməyi heç unutmazdıq, yeməyi yox, udmağı çox sevirdik balqabaq şirnisini.
Gecə on iki olunca saatlar və televizor on ikini göstərincə ayağa qalxar, sevgi və hörmətlə bir-birimizi qucaqlayardıq. Daha gözəl günlərin gələcəyi düşüncəsi ilə, halbuki o anlar gözəldi, o anlar yaşadığımız ən xoşbəxt olduğumuz anlardı və sonralar, o gələcək deyə düşündüyümüz vaxtda o anlar keçmişə çevriləcək, əlçatmaz olacaqdır.
Nə qədər çalışsaq, nə qədər istəsək də. Bu gün itirdiyimiz və sevdiyimiz insanları nə dirildə bilirik, nə də yaşanan anları geri qaytara bilirik. Məşhur alman alimi Eynşteyn öz nəzəriyyəsinin bir məqamını belə anlatmışdı: "Qızmış sobanın üstündə yaşanan bir dəqiqə bir saat kimi, sevgili ilə keçirilən bir saat bir dəqiqə kimi gəlir insana". Doğrudur, sevdiklərimizlə yaşayan anlar, gözəl anlar daima qısa və doyulmazdır. Eyni keçmişdə yaşanmış Yeni il mərasimləri kimi. İndi də şənlənirik, hədiyyələr alıb-veririk, amma eyni dad yoxdur. Çünki indi ailənin böyükləri biz olduq. Əlini öpdüklərimiz, sevgi ilə qucaqlaşdığımız böyüklərimiz yox artıq. Uşaqlarımız bizim əllərimizi öpərək qucaqlaşdıqda çox xoşbəxt olsaq da, içimizdə qırıq bir həsrət keçmiş günlərin xatirəsi hər dəfə özünü büruzə verir, sızıldayır. Ah, bizim də böyüklərimiz burada olsa idi deyə bir arzu keçir içimizdən. Səssiz əsən rüzgar, sanki, təsvirlər kinolenti kimi bir-bir göz önündən keçir.
Çox yaxşı ki, uşaqlar qısa bir zaman da olsa, nənələrini və babalarını gördülər. İllər sonra onlar da bizim üçün eyni şeyi düşünəcəklər, hiss edəcəklər. Əminəm: çünki bu duyumu onların gözündən oxuyuram. Keçmişinə hörmət edən və ona bağlı olan uşaq böyütməkdən hər bir ana və ata kimi qürur duyuruq. Bütün itirdiklərimizin bizi kənardan izlədiklərini xəyal edirik. Həmişə belə deyirlər. Ürəyimiz isinir. Yavaş-yavaş bir sevinc hakim olur bütün duyğularımıza. Yaşanan zamana geri dönürük.
İndi artıq çox sevdiyimiz uşaqlarımız həyatımızı rəngləndirərkən, onların ilıq, saf sevgilərini hiss etmək nə qədər xoşdur. Hiyləsiz, duru, təbəssümlü gözlər, xırda totuq barmaqlar illərin amansızcasına qarışdırdığı üzümüzdə təmas edərkən nə qədər xoşbəxt oluruq. Uşaqlarımızın həyata atılmasını izlərkən adətən yenidən gəncləşirik. Onların uğurlarına sevinir, qürurlanırıq. Bütün dünyaya üz tutub: "Bu mənim uşağımdır!" deyə hayqırmaq keçir insanın içindən. Xəstələnəndə üzlərindəki kiçik bir hüzn ürəyimizi dağlayır. Onların sağlamlıq, xoşbəxtlik və müvəffəqiyyətləri isə ailə üçün sonsuz xoşbəxtlik və sevincdir. Bu düşüncəni paylaşmayan ailə varmıdır məgər?
Gözlərim dolmuş, yanaqlarım islanmış, pəncərədən islanmış o yana anamdan mənə xatirə olaraq qalan antik kreslodan qalxarkən gəlməkdə olan 2010-cu ilin, sadəcə, ailəmə deyil, dəyərli ölkəmə də sağlıq səhhət, müvəffəqiyyət və bərəkət gətirməsini diləyirəm. Bütün ailələrin bir-birinə bərk-bərk sarılmalarını, böyüklərə hörmət və sevgi göstərmələrini, körpələri çox sevmələrini xatırlamaq keçir içimdən. Fəqət, qırılan qəlbləri ovutmağa vaxtımız olmayacaq. Sevginizi əsirgəməyin! Həyat elə qısadır ki, heç bir şeyə çatmır! Yeni iliniz mübarək olsun!
|
|
|
Oxşar xəbərlər:
Azərbaycan-Türkiyə münasibətləri ailədaxili məsələdir
Yasemin Bayer BST-nin qonağı oldu
"Söz uçar, yazı qalar... Xatirələr kimi..."
İçərişəhər Yeni ilin gəlişinə hazırlanıb
Bilal Əliyev yeni ili vətəndən uzaqda qarşılayacaq
|
|
|