![]() |
çap et |
|
|||
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Əfqanıstanda və Pakistanda qanunsuz silahlı birləşmələrin tərkibində koalisiya qüvvələrinə qarşı döyüşmüş Azərbaycan vətəndaşlarına hökm oxunub. APA-nın xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə təqsirləndirilən Anar Bilalov və Əziz Qurbanovun cinayətinin sübuta yetirildiyi qənaətinə gəlib. Məhkəmənin hökmü ilə təqsirləndirilənlərin hər biri 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, Anar Bilalov və Əziz Qurbanov 2008-ci ilin əvvəllərində Pakistan və Əfqanıstana gedərək orada hərbi təlim keçiblər. Onlar həmin ölkələrdə Azərbaycan və Türkiyə vətəndaşlarının daxil olduğu hərbi qrupda koalisiya qüvvələrinə qarşı döyüşüblər. 2009-cu ilin yanvarında isə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən saxlanıblar. Təqsirləndirilənlər CM 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə), 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunurdular. |